Azərbaycanın multikultural
cəmiyyəti dünyaya örnəkdir
“Mən Azərbaycandan kənarda çalışan bir tarixçiyəmsə, auditoriyada dərs verməklə işimi bitmiş hesab etməməliyəm, Azərbaycan tarixini də təbliğ etməliyəm”
İyunun əvvəlində Bakıda “Müasir dəyişən dünyada xalqların milli özünüdərk və özünütəsdiq prosesinin aktual problemləri” adlı beynəlxalq konfrans keçirildi. Qərb Universitetinin təşkilatçılığı ilə keçirilən konfransda Türkiyə, ABŞ, Böyük Britaniya, Rusiya, Misir, İsrail, Qazaxıstan və Özbəkistandan tədqiqatçılar iştirak edirdi. Tədbirdə islam ölkələri arasında siyasi, iqtisadi, mədəni əməkdaşlığın gücləndirilməsi, milli özünüdərk və özünütəsdiq məsələləri, Cənubi Qafqaz regionunda etnik münaqişələrin milli dövlət quruculuğu prosesinə təsiri və s. mövzular ətrafında müzakirələr aparılıb.
Konfransın qonağı olan həmyerlimiz, Türkiyənin Karabük Universitetinin professoru Əli Əsgər təəssüratlarını bizimlə bölüşdü.
- Bu gün dünyada millətlərin özünüdərk və özünütəsdiq prosesi nə dərəcədə aktualdır?
- Müasir dünyada özünüdərk və özünütəsdiq qloballaşmanın təsiri altındakı millətlərin milli xüsusiyyətlərinə müəyyən qədər neqativ təsir göstərir. Belə bir ortamda varolma, mövcudluq üçün daim mübarizə aparılır. Əslində millətləşmə prosesi davam edən bir prosesdir və bundan sonra da davam edəcək. Bu eyni zamanda həm də bir kamilləşmə prosesidir. Bu baxımdan milli özünüdərk və özünütəsdiq bizim kimi yeni müstəqillik əldə etmiş dövlətlər üçün çox aktual və əhəmiyyətlidir. Yəni öncə özümüzü, milli kimliyimizi dərk etməliyik. Sonra gəlir bunu necə təsdiq etmək. Biz varlığımızı dünyada gedən proseslərdə aktiv rol almaqla təsdiq etməliyik.
Konfransda mənim də məruzəm dinlənildi. Hər bir ölkədə milli azlıqlar var və bu milli azlıqlar eyni zamanda özlərində dini müxtəliflik də yaradırlar. Bunların bir azlıq olaraq haqları nə dərəcədə qorunmalıdır, bu məsələ çox önəmlidir. Azərbaycan özü multikultural dəyərlərə hörmətlə yanaşdığı üçün adi vətəndaşlarımıza bu mövzu bəsit görünə bilər. Amma çox önəmli məqamlar var. Bütün ölkələrin öz daxili və xarici siyasəti var və biz xaricdə yaşayan həmvətənlərimizin milli baxışlarını, hüquqlarını qorumalıyıq. Dünyanın hansı tərəfində bir azərbaycanlı toplu yaşayırsa, onların taleyi Azərbaycanın milli mənafeyi çərçivəsində olan bir məsələdir. Bu səbəbdən də biz belə məsələlərə öz münasibətimizi bildirməliyik, araşdırmalıyıq. Hər bir ölkədə milli azlıqların hüquqları daxili və xarici siyasətin nüanslarından asılıdır. 2015-2016-cı ildə Gürcüstanda çox dərin araşdırmalar apardıq və onun nəticəsi olaraq “Gürcüstanda yaşayan milli azlıqlar” adlı bir kitab ərsəyə gəldi. Bu kitab Gürcüstan hökuməti üçün də dəyərli oldu, Gürcüstanla bərabər, Azərbaycan və Türkiyədə yayımlandı.
- Ümumilikdə dünyada bu prosesi izləyə bilirsinizmi?
- Millətlərin özünüdərk və özünütəsdiq prosesi çətin bir prosesdir. Elə ölkələr var ki, orada yaşayan milli azlıqların assimilyasiyası gedir, onların dini mənsubiyyət baxımından faiz göstəricisi azalır. Yəni xristianlaşma və yaxud başqa dinə keçmə baş verir. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarla bağlı belə faktlar nadir hallarda olur. Amma bizim soydaşlarımızın da yaşadıqları xarici ölkələrdə fərqli problemləri var. Burada təhsil, mədəniyyət, dil kimi faktorların təsirini göstərə bilərik.
- Ötən il Azərbaycanda “Multikulturalizm ili”, bu il isə “İslam həmrəyliyi ili” elan edilib. Azərbaycanın multikultural dialoq istiqamətində atdığı addımlar Türkiyədən necə görünür?
- Öncəliklə bunu demək istərdim ki, hazırda bütün dünya, o cümlədən islam dünyası çox ağır proseslərdən keçir. Dünyada barış pozulub, müharibələr var, milyonlarla insan qaçqın durumundadır. Savaş içində olan bir çox ölkələrdən insanlar Avropaya üz tuturlar. Amma ora gedib çıxdıqları zaman xəyal qırıqlığına uğrayırlar. Bu gün müsəlman dünyasının özünün içərisində barışın təmin edilməsi mütləqdir. Əfsus ki, islam adından yararlanan terror qrupları ortaya çıxır. İslam sülh dinidir, amma buna zərər vuranlar var. Öncəliklə islamın içərisində bir həmrəylik saxlanılmalıdır. İkincisi, fərqli dinlərin bir arada yaşanması məsələsidir. İnsanların din seçimi onların təbii haqqıdır. Multikulturalizm sadəcə dil deyil, etnik kimlik, milli kimlik, bölgəsəl kimlik, dini kimlik - bunların çoxluğunu özündə əks etdirir. Bu gün bütün dünyanın multikulturalizmə ehtiyacı var. Bu baxımdan Azərbaycan rəhbərliyinin multikulturalizmin təşviqi ilə bağlı atdığı addımlar çox əhəmiyyətli və təqdirəlayiqdir. Azərbaycan xalqı hər zaman başqalarına qarşı xoş və tolerant münasibət göstərib. Biz barış və sülh üçün əlimizdən gələni edirik. Bunun qiymətini vermək isə bizə deyil, dünyaya düşər.
Azərbaycan son illərdə beynəlxalq tədbirlərin mərkəzi olaraq böyük uğur qazanıb. Bakıda keçirilən beynəlxalq elmi konfrans da bunun bir nümunəsi oldu. Müxtəlif mövzularda aktual problemlərlə bağlı belə tədbirlərin təşkili çox vacibdir. Azərbaycan multikultural cəmiyyət kimi çox gözəl bir örnəkdir. Müharibə şəraitində yaşayaraq bu örnəyi özündə əks etdirən dövlət dünyada nümunə olmağa layiqdir. Buraya gələn əcnəbi alimlər, tədqiqatçılar da bunu görür və Azərbaycan nümunəsini monoetnik, milli azlıqların sıradan çıxarıldığı Ermənistanla müqayisə edir.
- Çalışdığınız universitetdə Azərbaycan həqiqətlərinin təbliğini də, yəqin ki, diqqətdə saxlayırsınız?
- Karabük Universiteti böyük bir təhsil ocağıdır. Bizim Azərbaycandan, Orta Asiyadan da tələbələrimiz var. Mümkün olduğu qədər dünyanın harasında olsaq belə, vətənimizlə bağlı bütün məsələlər, həm acı, həm də bayram günlərimizi eyni həyəcanla qeyd edirik. Elm dediyimiz təkcə masaya bağlı deyil, ictimai həyatın da bir hissəsi olmalıdır. Bu baxımdan qardaş ölkədə Azərbaycanla bağlı bütün mədəni-siyasi məsələlərdə yaxından iştirak edirik. Mən Azərbaycandan kənarda çalışan bir tarixçiyəmsə, auditoriyada dərs verməklə işimi bitmiş hesab etməməliyəm. Eyni zamanda Azərbaycan tarixini də təbliğ etməliyəm və buna çalışırıq. Elmi mərkəzlərlə, Azərbaycanın universitetləri ilə əlaqələrimiz var. Müxtəlif birgə proqramlarda iştirak edirik. Mövlanə mübadilə proqramı, müəllim və tələbə mübadiləsi. Bir ayağımız Azərbaycanda, bir ayağımız Türkiyədədir. Ölkələrimizin mənfəəti və qarşılıqlı işbirliyi üçün əlimizdən gələni əsirgəməməliyik.
Lalə Azəri
Mədəniyyət.- 2017.- 23 iyun.-
S.12.