İran İslam
Respublikasında Azərbaycan mədəniyyəti günləri
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və İran İslam Respublikasının Bakıdakı səfirliyinin Mədəniyyət mərkəzi arasında əldə olunmuş razılığa əsasən, 3-8 iyul tarixində İranda Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi planlaşdırılıb.
Mədəniyyət günləri çərçivəsində Tehran və İsfahan şəhərlərində musiqi və teatr kollektivlərinin iştirakı ilə konsertlər, teatr tamaşası, kino nümayişi, foto, turizm, milli mətbəx və miniatür kitab sərgiləri keçiriləcək.
Mədəniyyət günləri iki ölkə arasında mədəni əməkdaşlığın inkişafı, Azərbaycan mədəniyyəti və incəsənətinin, turizm potensialının təbliği, eyni zamanda ölkəmizin beynəlxalq aləmdəki müsbət imicinin daha da yüksəldilməsi məqsədilə təşkil olunur.
Proqrama uyğun olaraq Tehrandakı Vəhdət sarayında mədəniyyət günlərinin təntənəli açılış mərasimi, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin (bədii rəhbər və baş dirijor - Ağaverdi Paşayev) və solistlərin iştirakı ilə iki ölkə bəstəkarlarının əsərlərindən ibarət qala-konsert, Tehran İncəsənət Akademiyasında Azərbaycan fotoqraflarının əsərlərindən ibarət “Azərbaycan: dünən, bu gün, sabah” adlı fotosərgi təşkil olunacaq. Həmçinin iki ölkənin turizm şirkətlərinin nümayəndələri arasında görüş və təqdimat, Ərəsbaran Mədəniyyət mərkəzində Azərbaycan filmlərinin (“Buta” - quruluşçu rejissor İlqar Nəcəf, “Çölçü” - qurulucu rejissor Şamil Əliyev, “Nabat” - quruluşçu rejissor Elçin Musaoğlu, “Yarımçıq xatirələr” - quruluşçu rejissor Elxan Cəfərov, “Dərs” - quruluşçu rejissorlar Rafiq Əliyev, Cavid Təvəkkül) nümayişi, eyni zamanda Tehrandakı “Hünər” sarayında Azərbaycan Dövlət Musiqili Teatrının Ü.Hacıbəylinin “Ər və arvad” ikihissəli musiqili komediyası əsasında hazırladığı eyniadlı tamaşanın (quruluşçu rejissor - Yusif Əkbərov) nümayişi nəzərdə tutulur.
Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin və iranlı musiqiçilərin iştirakı ilə İsfahanda da konsert proqramı keçiriləcək.
Mədəniyyət
günlərində iştirak edəcək
nümayəndə heyətinə Azərbaycan
Respublikasının mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev
rəhbərlik edəcək. Səfər çərçivəsində
nazirin bir sıra
görüşləri nəzərdə tutulub.
Mədəniyyət.- 2017.- 30 iyun.-
S.2.