"Bədbəxtlik": ovqatını çamadana yığ və...
İyunun 25-də Dövlət Pantomima Teatrında yeni tamaşa oynanıldı. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Nuridə Musabəyli rus yazıçısı Anton Çexovun "Bədbəxtlik" hekayəsi əsasında hazırladığı diplom tamaşasını təqdim etdi. Tamaşada rejissorun özü, Əməkdar artist Bəhruz Vaqifoğlu və aktyor Elxan Şahəliyev çıxış edirdi.
...Ər-arvad şəhərdən yaylağa gəlirlər. Lakin məlum olur ki, Kişi (Bəhruz Vaqifoğlu) burada da yerli kontorda xeyli iş görməli, bütün sənədləri sahmana salmalıdır. Onun yaylaqdakı bu fəaliyyəti cütlüyün şəhərdəki rifahının artmasına, onun vəzifəsinin yüksəlməsinə təkan verə bilər. Qadın (Nuridə Musabəyli) isə bura təkcə şəhərin bürküsündən qurtulmaq üçün gəlməyib. Əslində o, gizli aşiqindən qurtulmaq istəyir. Amma... Ərin ailəsindən daha çox işlə məşğul olmaq istəyi, həyat yoldaşına biganəliyi, Aşiqin (Elxan Şahəliyev) isə əksinə, sevdiyi ərli qadını qarabaqara izləməsi, davamlı sevgi etirafları əsl sevgi üçbucağını yaradır. Qadının öz həyat yoldaşı, cəmiyyətin qaydaları qarşısındakı borcu ilə öz qəlbindəki seçimin, istəyin arasındakı çırpıntıları bu üçbucağın bir bucağını gah böyüdür, gah kiçildir...
* * *
Pantomima teatrının ruhuna və səhnənin parametrlərinə uyğun olaraq "Bədbəxtlik"də rekvizit azdır: küncdəki yazı masasından, qalaq-qalaq vərəqlərdən, bir də hər üç iştirakçının çamadanından başqa heç nə yoxdur. Lakin fon musiqisi, aktyorların məhz XIX əsr rus ziyalıları kimi davranışı (hər halda o dövrdən bəhs edən rus filmlərindəki aktyorların davranış tərzinə bənzətmələr) tamaşaçını xəyalən Volqaboyundakı ilıq iqlimli, bol günəşli rus yaylaqlarına apara bilir. Aktyorların hər birinin ayrı-ayrı mizanlarda öz çamadanının üstündə əyləşməsi isə məşhur bir ifadəni tamaşaçının yadına salır: çamadan ovqatı. Həqiqətən də, insan cəmiyyətin qaydalarına qarşı çıxmağın labüdlüyünü anlayanda, öz anlamındakı xoşbəxtlik anlayışını qabardıb ətrafındakıları görməzdən gələndə, doğmalarının hisslərini duymayanda yaşam özü bir çamadana çevrilir: istəyirsən ki, yalnız öz hisslərini ona yükləyib öz əlindən tutub baş götürüb gedəsən.
* * *
Direktor, Əməkdar artist Elman Rəfiyev deyir ki, Pantomima Teatrı gənc sənətçilərin, tələbələrin çox sevdiyi, sənət biliklərini cilaladığı məkandır. Nuridə Musabəyli də öz tamaşasını bu teatrın bazasında hazırladığı üçün onun elə burada oynanılmasına qərar veriblər. Əgər tamaşaçı "Bədbəxtliyi" dolğun tamaşa olaraq qəbul edərsə, rəhbərlik gələn mövsümdə onu repertuara sala bilər.
İlk tamaşanın təəssüratı isə bizə belə düşünməyə əsas verir ki, gələn mövsümdə "Bədbəxtlik" Pantomima Teatrının daimi repertuarında yer alacaq. Ovqatınızı tamaşanın adına kökləməyin, kollektivdə gənc istedadların çoxluğu həmin teatrın xoşbəxtliyidir.
G.Mirməmməd
Mədəniyyət.- 2017.- 30 iyun.-
S.5.