Poetik bir
ANIMNAMƏ
Başdan-başa lirik şair, hər cəhətdən xanımanə
Nigar xanım Rəfibəyliyə...
Bu say-seçmə soydaşımız xatirələrə hər sarıdan özünəməxsus ilmələrlə toxunan bir ömür yaşayıb. Bu şair yaşadığı dövrün yaddaşına hər cəhətdən xoş duyğularla yazılıb...
Bu sənətkarın yaradıcılığı böyük ədəbiyyatımızın xəlqi ətir-rayihəli bir guşəsi.
Bu vətəndaşın tərcümeyi-halı milli mənəviyyat dünyamızın əsl bəy-xan zadəganlığı...
Bu xanımın yaşadığı Vətənpərvərlik, Analıq, Qadınlıq taleyi ümummilli bir Şam pərvanəliyi...
Çiçəklərin çəkir gözü intizar,
Ayrılıqdan betər dünyada nə var?
Yaz axşamı səni bil ki,
bu Nigar
Həzin-həzin yada salır,
neyləyim?
Nigar xanımın dillər əzbəri, müğənnilər-xanəndələr
yaraşığı olan
bu şeirini (“Neyləyim”) istər kitabından oxu, istər efirdən eşit - nə gözəl! O misraları
ya bu gün
mütaliə elə,
ya min ildən sonra, - gözlər qarşısında, fikir-xəyal
arşınında birvaxtların
tərtəmiz bir nişanlısı, gəlini,
ev qadını, el anası, can nənəsi canlanacaq!..
Bağçamızda
qızılgüllər hər
səhər,
Tezdən açır, vaxtsız solur, neyləyim?..
Bəs biz neyləyək? Yəni bir vaxtlar öz
ömürlük ər-aşiqinə
belə bir gül-gülzari giley-güzarnamə
ilə xitab etmiş şair-məşuqu
nə sayaq “anımnamə”ləyək ki,
ruhunca olsun? Hələ onun o “vaxtsız açıb-solma”
xiffətindən sonrakı
təsvir-təəssürat dramatizminə diqqət edək: “Qərənfillər
saçın yolur, neyləyim?”!..
Öz surəti də
şeirlərinin heç
birindən əskik olmur bu xanımın;
hər misrada sözü ilə yanaşı, özü də görünür.
O sözlər ki, oxunanda - gəlinqədəmi
“Vağzalı” tək
səslənir, o özü
ki, kəlmə-kəlmə
süslənir:
Qadın olmasaydım əgər,
Bu qazanlar, bu qablar,
çömçə-nimçələr
aləmindən
qaçardım...
...Bəzən
ürəyim
bu
mətbəx aləmində
yamanca
darıxır...
Mən bir azca da
şairəm
axı...
...Aha, bu misralar “sirli dünya” adlandırılanlara
mənsub olan bu insanla bağlı
bir-iki nüans pıçıldadı mənə.
Bunların sözə yatan
ən yığcamından
danışım.
Xanımlar var ki, istedadından əvvəl
“adı” çıxır,
özündən-sözündən çox “sözü” yayılır. Xanımlar da
var ki, elələrilə
daban-dabana, həya-həyaya,
ismət-ismətə zidd.
Qızlıqları ən yüksək
əyarlı qızıl,
ağır-batman xatunluqları
altun dəyərində.
Belələri ancaq yaxşı
işlər, gözəl
əməllər peşində.
Əzəl gündən
sevib-seçdikləri sənət-peşə,
ər kişi
sərkeşində...
Bu xalqın gözü də ki, tərəzi; min illərin müdriklik dil-ağzıyla yaratdığı, söyləyə-söyləyə yaşatdığı “aydan arı, sudan duru” kimi məsəlləri, “alnı açıq, üzü ağ” qəbilli deyimlərilə. Belə məsəl və deyimləri Rəsul Rza - Nigar Rəfibəyli kimi qoşalıqlar göyərdib zaman-zaman. Bu əfsanəvi sevgi və sənət cütlüyünün dünyadəyişimi məqamlarının şahidləri hələ çoxdur. Həmkarlarından biri isə, bu dünyaya bir-birindən xəbərsiz (və təxminən eyni gün, eyni saatda) göz yuman bu sənət və sədaqət qoşasını belə qoşmalamışdı:
Zalım dünya öz işində,
Gəlişində, gedişində,
Gəl ağlayaq yetmişində
Sevgilitək ölənlərə...
Nağıl-dastani əfsanələri tamam-kamali reallaşdıran bu qoşalıq ovaxtdan-buvaxta tez-tez anıla-anıla, barələrində deyilə-deyilə, yazıla-yazıla, Fəxri xiyabanda cismən uyuya-uyuya bu gün də yaşamaqda...
Və... başdan-başa özgür-özəl bir ömür yaşamış bu xanımın şəxsi tərcümeyi-hal və məhkum edildiyi siyasi qeylü-qalından -
Bir neçə “xal”...
Saysız “danos” əzab-əziyyətlərinə, psixoloji (başqa sözlə, “sovetoloji”) təsir-təzyiqlərə baxmayaraq, bəylik-bəyzadəlik namını saxlamağa nail olmuş bu xanımın tərcümeyi-halında elə məqamlar da var ki, onlar yığcam yazılıq yox, bütöv bir dastanlıqdır.
1913-cü il iyunun 29-da Gəncədə doğulub. Bəyzadəlik, qənirsiz gözəllik-özəllik qismətləri “azmış” kimi, Tanrı ona özünəməxsus poetik istedad, çox az xanıma xas olan milli-mental kod da bəxş edib. Hələ paytaxta gəlib, dövrün canlı “seçilmiş əsərlər”i içərisində ən seçilmişiylə - Rəsul Rza ilə rastlaşacağı, onunla Kür-Araz kimi birləşib, ən nümunəvi gender bərabərliyilə axıb sənət Xəzərimizə incilər bəxş edəcəyini demirik. Amma bu mənzilə çatmaq üçün o, qısaca coğrafi cığırlar, uzunca tarixi-repressiv yollar keçməli imiş...
On yeddi yaşında Bakı Pedaqoji Texnikumunu bitirir, 1932-1936-cı illərdə Moskva Pedaqoji İnstitutunda təhsilini davam etdirir. Bakı kinostudiyasının ssenari şöbəsində, habelə fəhlə-kəndli məktəbində çalışır. İstedadını, işgüzarlığını sezənlər, geniş dünyagörüşünü duyanlar onu daha üstün məqam-mərtəbələrə dəvət edirlər. “Azərnəşr”də mükəmməl tərcüməçi adıyla tanınır, “sözü anında, üslubu banında” tutan redaktor fəaliyyətində olur. Daha sonra “Uşaqgəncnəşr”də məsul vəzifələr. Dövrün xüsusi diqqət, maraq və məhəbbətilə qarşılanan şeirləri, kitabları ilə bərabər, ədəbi tənqid və ictimaiyyətin yüksək qiymətləndirdiyi, yenicə savadlanmaqda olan fəhlə-kəndli oxucuların “su kimi içdiyi” tərcümələrilə də məşhurlaşır. “Məkr və məhəbbət” (F.Şiller), “Vanya dayı” (A.Çexov), “Ovod” (E.Voyniç) kimi əbədiyyət-ədəbiyyat nümunələrini dilimizə çevirir. Puşkin, Lermontov, Şevçenko, Mitskeviç, Sereteli, Petöfi kimi ölməz klassikləri Azərbaycan dilinin bütün gözəllik və incəliklərilə oxucularımıza çatdırır.
Poeziya aləminə 16 yaşında ikən “Dan ulduzu” jurnalında çap etdirdiyi “Çadra” adlı ilk şeirilə düşən Nigar xanımın ilk kitabı ömrünün iyirmi birinci baharında (1934) işıq üzü görür.
Qırmızı sovetlərin “ictimai mənşəyi” adlı paraqrafına rəğmən müxtəlif baryerlərlə üzləşsə də, yaradıcılıq yarına olan sonsuz sevgisi onu daim sənətə - əbədi sabaha səsləyib. Həmin o sonsuz sənət sevgisi ömrün gənclik düşərgəsində elə bir insan-məhəbbətlə də birləşdirib ki, daha ona heç bir qurama qüvvə mane ola bilməyib.
Bu bənzərsiz ailə-məhəbbət cütlüyünün Məcnun tayı - Rəsul Rza yazırdı:
“Gözlərinə denən ki,
yuxuma girməsinlər!”
O cütlüyün Leyli tayı isə:
“Ala gözlüm, səndən ayrı gecələr -
Bir il kimi uzun
olur, neyləyim?”
Ömrünün
sonunadək “Anaların
səsi”, “Günəşin
cavabı”, “İşıqlı
dünyam”, “Bizə bahar yaraşır”, “Həzin bir axşamda düşsən
yadıma” və başqa kitablar üzərinə sevimli imzası düşdü,
hər bəndi bir ürək havası, hər misrası bir qəlb ritmitək səsləndi bu xanımın.
Mən ki doymamışdım heç vüsalından,
Mənə zülm elədi
yaman, ayrılıq.
Nə olardı bir gün durub yuxudan
Görəydim
ki, olub yalan ayrılıq...
* * *
Mən ki çox sevərdim
dağ havasını,
Sevən ürəklərin xoş
sevdasını,
Bir qərib gəlinin tutub yasını,
Dost üçün
doyunca ağlayın, dağlar.
* * *
Əlvida, otağım, mavi dənizim,
Əlvida, qumlarda görünən izim.
Yollara tökülən xəzəl, əlvida,
Soyuq təbiətli gözəl, əlvida.
Görüşə gələndə hər yay, hər payız
Sizi yenə belə xoşhal görəydim.
Dünya sevinc ilə dolaydı, yalnız -
Hicran görməyəydim, vüsal görəydim...
Yazımın başlığına baxdım, bu bənzərsiz “Rəsul və Nigar” qoşalığının vaxtilə bir-birinə yazdığı namələr, teleqramlar düşdü yadıma. Onların birindən bir neçə sətir:
“Nigar, əzizim!
İyirmi il əvvəl, boranlı bir fevral günü biz səninlə əl-ələ verib həyatın mürəkkəb, çətin yollarına çıxdıq. Bu iyirmi il boyunda mətanəti sarsılmayan ruhun, şəfqəti azalmayan qəlbin, hərarəti soyumayan mərd əllərin üçün sağ ol!
Qoy üç sevimli balamızın sevinc və səadəti gələcək günlərimizi bəzəsin. Qoy məhəbbətimizin hərarəti onları hər cür fırtınalardan qorusun.
Vəfa və sədaqətin qarşısında baş əyirəm!”
Tahir Abbaslı
Mədəniyyət.- 2017.- 30 iyun.-
S.15.