Şuşanın mədəni irsi unudulmur
Şuşa Şəhər
kitabxanasının 120 illiyi qeyd edildi
Fevralın 27-də Milli Kitabxanada Şuşa Şəhər kitabxanasının yaranmasının 120 illiyinə həsr edilən tədbir keçirildi.
Tədbir iştirakçıları ilk olaraq Şuşa şəhərinin tarixi, mədəniyyəti və görkəmli şəxsiyyətlərindən bəhs edən foto və kitab sərgisi ilə tanış oldular.
Milli Kitabxananın direktoru Kərim Tahirovun giriş sözündən sonra tədbir iştirakçıları Şuşa şəhərinin tarixini və mədəniyyətini əks etdirən video-çarxı izlədilər.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, Şuşa şəhəri Azərbaycanın tarixi yaşayış məntəqəsi olmaqla bərabər, həm də mədəni qüdrətini yaşadan torpaqdır. Şuşa hazırda ermənilərin işğalı altında olsa da, onun mənəvi və mədəni dəyərləri yaşayır, unudulmur: “Şuşa Azərbaycan tarixinin ləyaqətli bir səhifəsidir. Əminəm ki, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasət sayəsində işğal altında olan ərazilərimizi geri qaytaracağıq. Bu bizim mənəvi və vətəndaşlıq borcumuzdur”.
Nazir vurğuladı ki, bu gün Azərbaycanın Birinci vitse-prezident Mehriban xanım Əliyeva beynəlxalq aləmdə Qarabağ həqiqətlərinin tanıdılması istiqamətində böyük layihələr həyata keçirir. Aparılan işlər nəticəsində işğal altında olan Qarabağ mövzusu beynəlxalq arenada həmişə aktualdır.
Bu gün Şuşa Şəhər kitabxanasının 120 illiyinin qeyd edilməsi də onu sübut edir ki, Azərbaycanın əzəli torpağı olan Qarabağ hər zaman öz tarixi mədəniyyəti ilə öndə olub: “Bədnam ermənilərin məkrli siyasəti nəticəsində Şuşa Şəhər kitabxanasının fondu dağıdılaraq 150 min nüsxədən artıq kitab məhv edilib. Bu rəqəm sadəcə bir kitabxanaya vurulan zərbə kimi yox, ümumilikdə Azərbaycan tarixinə, mədəni irsimizə qarşı törədilən zorakılıq və vandalizm kimi qiymətləndirilməlidir. Bu gün biz hər an, hər dəqiqə Azərbaycan mədəniyyətinə qarşı erməni təcavüzünün şahidi oluruq və mübarizəmizi davam etdiririk. Hər bir Azərbaycan vətəndaşı bu təbliğatda fəal olmalı, milli mədəni sərvətlərin mənimsənilməsinə qarşı mübarizədə, o cümlədən Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında bilik və bacarığını əsirgəməməlidir”.
Qeyd olundu ki, bu gün itirilmiş Şuşa Şəhər kitabxanasının zəngin xəzinəsi əlimizdə olmasa da, Bakıda fəaliyyətini davam etdirən filiallar daim öz fondlarını zənginləşdirir və doğma yurda zəngin bir kitabxana ilə qayıtmaq ümidi ilə yaşayır: “Müharibədə düşmənə qalib gəlmək üçün biz gənc nəsli maarifləndirməli və kitaba marağı daha da artırmalıyıq. Çünki kitabxanalar informasiya mənbəyi olaraq çox güclü bir vasitədir, bəzən kitablarda olan dəyərli bilgi hərbi silahdan daha təsirli ola bilər”.
Sonda nazir Şuşa Şəhər kitabxanasının 120 illiyi münasibətilə Şuşa rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) bir sıra əməkdaşlarını nazirliyin “Fəxri mədəniyyət işçisi” döş nişanı və fəxri fərmanlarla təltif etdi.
Tədbirdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Milli Məclisin deputatı Elman Məmmədov, icra başçısının müavini Vüsalə Fətəliyeva, Şuşa rayon MKS-nin direktoru Gülsarə Abbasova çıxış edərək qədim yurdumuzun tarixi, görkəmli şəxsiyyətləri haqqında söz açdılar. Bildirildi ki, Azərbaycanda ilk kütləvi kitabxana 1894-cü ildə Nəriman Nərimanov tərəfindən Bakıda yaradılandan sonra ikinci belə kitabxana məhz Şuşada yaradılıb. Şuşada ilk qiraətxananın əsası isə hələ XVIII əsrdə Pənah xan tərəfindən qoyulub, Mir Möhsün Nəvvabın ilk daşbasma üsulu ilə kitab çapı da məhz Şuşada həyata keçirilib.
Çıxışlarda Şuşa rayon MKS-nin nəzdində fəaliyyət göstərən kitabxanaların vəziyyəti barədə məlumat verildi, onların fəaliyyətinə göstərilən diqqət və qayğıya görə minnətdarlıq ifadə olundu.
Tədbir Şuşa şəhər Uşaq musiqi məktəbi şagirdlərinin ifası ilə sona çatdı.
Lalə Azəri
Mədəniyyət.- 2017.- 1 mart.-
S.5.