“Xocalı. Matəm. Ekran”
Yeni sənədli filmlər nümayiş
olunub
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar “Xocalı. Matəm. Ekran” sənədli film günləri keçirildi.
Film günləri çərçivəsində fevralın 24-də Nizami Kino Mərkəzində “Natiq Qasımov” və “Batalyon” sənədli filmləri nümayiş etdirildi. Hər iki film Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak edirdi.
Filmlərin nümayişindən əvvəl Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına uyğun olaraq ölkəmizdə və xaricdə tədbirlər keçirildiyini dedi.
Nazir müavini tarixən ermənilərin xalqımıza qarşı həyata keçirdikləri soyqırımı və qətliamlardan, soydaşlarımızı öz ata-baba yurdlarından didərgin salmasından danışdı. Bildirdi ki, XX əsr bəşər tarixində ən dəhşətli hadisələrdən olan Xocalı faciəsi xalqımızın yaddaşından silinməyəcək. Soyqırımı nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.
Qeyd olundu ki, işğalçılıq müharibəsi zamanı düşmən tərəfindən mədəni sərvətlərimiz, o cümlədən muzeylər, teatrlar, kitabxanalar, musiqi məktəbləri viran edilib. Ermənistanın təcavüzü nəticəsində Azərbaycana vurulan maddi və mənəvi ziyan ölçüyəgəlməzdir. Nazir müavini incəsənət xadimlərinin, rejissorların, rəssamların Qarabağ mövzusunu, orada döyüşmüş igid vətən övladlarının qəhrəmanlıqlarını hər zaman diqqətdə saxladıqlarını vurğuladı.
Daha sonra filmlər nümayiş olundu.
Qəhrəman
döyüşçü Natiq Qasımovdan bəhs edən sənədli film Cəfər
Cabbarlı adına
“Azərbaycanfilm” kinostudiyasında
lentə alınıb.
Filmin ssenari müəllifi və rejissoru Elçin Musaoğlu, operatoru Rauf Qurbanəliyev, icraçı prodüseri
Emil İbrahimov, prodüseri Müşfiq
Hətəmovdur.
Natiq Qasımov 1971-ci ildə
Gədəbəy rayonunun
Kiçik Qaramurad kəndində anadan olub. 1975-ci ildə
Mingəçevirə köçüblər.
Natiq səkkizillik məktəbi
bitirdikdən sonra qaynaqçı ixtisası
üzrə peşə
məktəbində təhsil
alır. Rusiyanın
Krasnoyarsk vilayətində hərbi
xidməti başa vurduqdan sonra 1991-ci ildə vətənə qayıdır, elə həmin il
könüllü olaraq
cəbhəyə gedir.
Ağdamda Yaqub Rzayevin
başçılığı altında “Qarabağ şahinləri” dəstəsində
ermənilərə qarşı
döyüşür.
1992-ci ildə Ağdamın Xramort kəndi yaxınlığında yeddi
əsgərimiz alban kilsəsi yerləşən
yüksəklik uğrunda
ölüm-dirim savaşına
qalxırlar. Döyüşdə altı yoldaşı həlak olan Natiq son dərəcə əlverişli strateji mövqedə yerləşən
alban məbədində
mübarizəni davam etdirir, gecə-gündüz
vuruşaraq düşmənləri
bu posta yaxın buraxmır. Burada bütöv bir batalyonun yerləşdiyini
zənn edən ermənilər əsir və girov götürülmüş
Xocalı sakinləri içərisindən yaşlı
bir kişini oraya göndərərək
bildirirlər ki, məbəddəkilər təslim
olmasalar, bütün girovları güllələyəcəklər.
22 nəfər Xocalı sakininin girovluqdan azad olması müqabilində
Natiq ermənilərə
təslim olur. Azərbaycan bayrağını kilsənin
üstündən çıxarıb
sinəsinə sıxaraq
ermənilərin üzərinə
gedir. Həmin vaxt orada olan
iki xarici jurnalist - biri Rusiyanın “Oqonyok” jurnalının müxbiri
Konstantin Smirnov, digəri isə
fotomüxbir Enriko Sarzini də bu hadisənin şahidi olur...
“Yaddaş”
sənədli filmlər
studiyasında lentə
alınan “Batalyon” filmi Tərtər batalyonunun Qarabağ müharibəsi zamanı keçdiyi döyüş
yolundan bəhs edir. Ekran əsərinin ssenari müəllifi və rejissoru Nizami Abbas, operatoru Üzeyir Abbas, bəstəkarı Rauf Əliyev, icraçı prodüseri Abdulnəsir Kutiyev, prodüseri Cavid İmamverdiyevdir.
Tədbir çərçivəsində
Nizami Kino Mərkəzinin
foyesində Xocalı faciəsinə həsr olunmuş kitab və foto sərgiləri
də təşkil olunmuşdu.
Fariz
Mədəniyyət.- 2017.- 1 mart.-
S.7.