Humboldt Universitetində
Azərbaycanla bağlı
tədbir keçirilib
Berlin Humboldt Universitetində
Azərbaycan tarixi kafedrasının, “EuroKaukAsia”
cəmiyyətinin, Şərqi
Avropa üzrə Alman Mədəniyyət Forumunun təşkilatçılığı
və Almaniya Xarici İşlər Nazirliyinin dəstəyi ilə reallaşan “Almanların Vürtemberq və Qafqaz arasında vətən axtarışı” fotosərgisinin
açılışına həsr olunan tədbir keçirilib.
Tədbiri açan Azərbaycan tarixi kafedrasının müdiri, “EuroKaukAsia” cəmiyyətinin sədri,
professor Eva-Maria Aux sərgi
barədə məlumat
verib. Bildirib ki, XIX əsrdə Azərbaycanda və Gürcüstanda məskunlaşmış
almanların iqtisadi, mədəni və məişət həyatını,
onların yerli əhali ilə münasibətlərini əks
etdirən fotoşəkillərdən
ibarət sərgi martın 19-dək Berlin Humboldt Universitetində,
daha sonra Almaniyanın bir sıra başqa şəhərlərində, ardınca
Bakıda, Göygöldə,
eləcə də Gürcüstanda və Ukraynada nümayiş olunacaq.
Professor Qabriele Metsler universitetdə Azərbaycan
tarixi kafedrasının
fəaliyyət göstərməsinin
Azərbaycanın tarixi
və mədəniyyətinin
alman gəncləri arasında tanıdılması,
eləcə də Azərbaycan dilinin tədrisi baxımından
əhəmiyyətini vurğulayıb.
Almaniya Xarici İşlər Nazirliyinin xarici elm, təhsil, tədqiqat və mədəniyyət
siyasəti üzrə
xüsusi nümayəndəsi,
Almaniyanın ölkəmizdəki
keçmiş səfiri
Haydrun Tempel çıxış edərək
Azərbaycanda diplomatik
fəaliyyəti zamanı
onda yaranmış təəssüratlarını bölüşüb, ölkəmizdə
alman irsinin qorunmasına dair faktları təqdim edib. O, ölkəmizdə
almanlara qarşı
tolerant münasibətin mövcud
olduğunu, Azərbaycan
Demokratik Respublikasında
alman icmasının öz deputatı ilə təmsil olunduğunu bildirib.
Azərbaycanın
Almaniyadakı səfirliyinin müşaviri
Almaz Məmmədov 2017-ci ilin
iki dövlət arasında diplomatik münasibətlərin 25 illiyi və Azərbaycanda alman
məskənlərinin 200 illiyi ilə yadda qalacağını vurğulayıb. Cənubi Qafqaz regionunda
alman məskənlərinin
salınmasının 200 illiyi haqqında
Azərbaycan Prezidenti tərəfindən
sərəncam imzalandığını deyən diplomat alman irsinin dövlət səviyyəsində
qorunmasının ikitərəfli münasibətlər üçün möhkəm əsas
yaratdığını bildirib.
Mədəniyyət.- 2017.- 1 mart.-
S.8.