Avropa Komissiyasının mənzil-qərargahı önündə “Xocalıya ədalət!” mitinqi

 

 

 

   Belçikanın paytaxtı Brüsseldə, Avropa Komissiyasının mənzil-qərargahı önündə “Xocalıya ədalət!” şüarı altında mitinq keçirilib. Aksiyanı Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Belçika-Azərbaycan Dostluq Cəmiyyəti ilə birgə təşkil edib.

   Mitinqdə çıxış edən Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, azərbaycanlılar iki əsrdən artıqdır ermənilərin etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalırlar. Ermənistanın XX əsrdə havadarlarının dəstəyi ilə reallaşdırdığı siyasətin məqsədi Qafqazda türk varlığına son qoymaqdır. Xocalı soyqırımı da belə bir mənfur xislətdən irəli gələrək törədilib. Bu soyqırımı bəşəri cinayətdir. Bura toplaşmaqda məqsədimiz insanlıq əleyhinə olan cinayət əməllərinə dünya ictimaiyyətinin diqqətini çəkməkdir.

   Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev çıxışında ölkəmizin Xocalı faciəsinin tanıdılması istiqamətində apardığı işlərdən söz açıb. O bildirib ki, Ermənistanın Azərbaycana qarşı soyqırımı və terror siyasətinin mahiyyətinin dünya birliyinə çatdırılması ölkəmizin xarici siyasətində mühüm vəzifə kimi müəyyənləşdirilib. Bu işdə xaricdəki səfirliklərimiz və diaspor təşkilatlarımızın da üzərinə mühüm missiya düşür.

   Mətbuat Şurası İdarə Heyətinin üzvü, ATXƏM-in sədri İlham İsmayıl, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi Xocalı faciəsinin beynəlxalq hüquq tərəfindən soyqırımı cinayəti aktı kimi tanınmasının hüquqi əsaslarının olduğunu diqqətə çatdırıblar.

   Mitinqdə Azərbaycan və türk diaspor təşkilatlarının nümayəndələri, yerli sakinlər iştirak ediblər.

   Qeyd edək ki, millət vəkili Ə.Amaşov fevralın 22-dən 28-dək Belçikada səfərdə olub. Deputat Genk şəhərində “Xocalı soyqırımı - 25 il” adlı fotosərgidə iştirak edib, “Qafqazda barışın önündəki əngəllər - Qarabağın işğalı” mövzusunda toplantıya qatılıb.

 

 

Mədəniyyət.- 2017.- 1 mart.- S.10.