Balanslaşdırılmış siyasət və səmimi əməkdaşlıq ruhu

 

 

 

   2017-ci il Azərbaycanın yeni tarixində bir neçə hadisənin xüsusi olaraq anıldığı ildir. Bir neçə gün öncə qan yaddaşımıza əbədi həkk olunmuş Xocalı soyqırımının 25 illiyini qeyd etdik. Qarşıda yenə belə ağrılı ildönümləri var. Bu il eyni zamanda müstəqillik tariximizin əlamətdar bir yubileyidir: 25 il öncə Azərbaycan Respublikası dünya birliyinə qoşulub...

  

   Beş dəqiqə sürən iclasla başlanan tarix

  

   14 fevral 1992-ci il. BMT Təhlükəsizlik Şurasının 3052-ci iclası yerli (Nyu-York) vaxtla saat 16.25-də başlanır. Təşkilatın elektron arxivində saxlanılan stenoqramda vaxt dəqiqliyi ilə qeydə alınıb. TŞ-nin 15 üzvünün (5 daimi, 10 qeyri-daimi) iştirak etdiyi iclasa ABŞ təmsilçisi Tomas Pikerinq sədrlik edir. Sədr BMT-yə yeni üzvlərin qəbulu üzrə Komitənin Azərbaycanla bağlı məruzəsinin daxil olduğunu bildirir. Komitənin təqdim etdiyi müvafiq qətnamə layihəsinə heç bir irad yoxdur. 742 saylı qətnamə səsverməyə qoyulmadan qəbul edilir.

   T.Pikerinq TŞ-nin tövsiyə qərarının Baş Assambleyanın sessiyasına çıxarılmaq üçün BMT baş katibinə təqdim olunacağını deyir və qısa bəyanatla çıxış edir: “Təhlükəsizlik Şurası indicə Azərbaycan Respublikasının BMT üzvlüyünə qəbul etməyi Baş Assambleyaya tövsiyə etdi. Mən böyük məmnuniyyətlə TŞ üzvləri adından Azərbaycan Respublikasını bu sevinclitarixi hadisə münasibətilə təbrik edirəm. TŞ üzvləri səbirsizliklə Azərbaycanın BMT üzvü kimi bizim sıralarımıza qoşulacağı günü gözləyir”.

   Saat 16.30. İclas başa çatır.

   Və 2 mart 1992-ci il. Baş Assambleyanın 46-cı sessiyasının 82-ci iclasının gündəliyindəki məsələ quruma yeni üzvlərin - keçmiş sovet respublikalarının - qəbulu barədədir. Qısa sürən prosedur və 46/230 saylı qərar: “Baş Assambleya BMT TŞ-nin 14 fevral 1992-ci il tarixli tövsiyəsini, Azərbaycan Respublikasının ərizəsini nəzərdən keçirib, qərara alır: Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının üzvlüyünə qəbul olunsun”.

   Azərbaycanın beynəlxalq birliyə inteqrasiya yolu beləcə başladı. İlk baxışda asan proses, rəvan bir yolçuluq. Amma deyil. Çünki ilk baxışda görünən zatən üzdə olandır. 1992-ci ildə bizimlə birgə BMT üzvlərinin sayı 179-a çatmışdı. Bu gün İst-River sahilindəki o möhtəşəm binanın önündə 193 ölkənin bayrağı dalğalanır. Bu qədər polifonik bir siyasi ortamda öz səsini eşitdirmək, üstəlik, dünyaya yön verən böyük güclərin səni dinləməsinə nail olmaq asan deyil. Hələ ölkə olaraq yerləşdiyin coğrafiya həmin güclərin geosiyasi çarpışma dairəsindədirsə, bu, çox müşkül məsələdir.

   Əslində, dünya Azərbaycanı sıralarına qəbul edənədək bir neçə ildir alovlanan Dağlıq Qarabağ münaqişəsi sayəsində bizdən və yerləşdiyimiz regiondan xəbərdar idi. Nə dərəcədə xəbərdar idi - bu ayrı məsələ. Hər halda 742 saylı qətnamədən bir il sonra BMT TŞ-nin dörd dəfə bu münaqişə ilə bağlı toplaşaraq qəbul etdiyi qətnamələrin (822, 853, 874, 884) indiyədək kağız üzərində qalması beynəlxalq birliyin mahiyyətindəki “standartlardan xəbər verir.

   Məhz buna görə Azərbaycan rəhbərliyinin 1994-cü ildən başlayaraq həm beynəlxalq, həm də regional müstəvidə həyata keçirdiyi kurs balanslaşdırılmış xarici siyasət və istiqrar diplomatiyası olub. Çünki müstəqilliyimizin ilk iki ilində dövlətimizin yaşadığı dərin böhran daxili siyasətdəki səbatsızlıqla bərabər xarici siyasətdəki natarazlığın nəticəsi idi.

   “Ən mötəbər beynəlxalq məclisin tribunasından sizin qarşınızda həyəcan və qürur hissi ilə çıxış edirəm. İlk dəfədir ki, müstəqil Azərbaycanın Prezidenti öz ölkəsini dünya birliyinə təqdim edir. Biz bir çox dövlətlərin böyük marağını doğuran ərazidə - Avropa və Asiyanın mühüm coğrafi-siyasi qovuşağında yerləşərək, geniş təbii ehtiyatlara malik olaraq, Azərbaycan xalqının qəti əzminə arxalanaraq öz müstəqilliyimizin möhkəmləndirilməsinə yönəldilmiş bu strateji xətti aparırıq” - Prezident Heydər Əliyev 1994-cü ilin 29 sentyabrında BMT Baş Assambleyasında dünyaya bu sözlərlə xitab etmişdi. Müraciətdə ətrafımızdakı böyük maraqların doğurduğu reallıq etiraf olunmaqla yanaşı, dövlətçilik qətiyyəti də ifadə olunmuşdu: “Bu yüksək tribunadan bildirirəm ki, heç kəs Azərbaycan xalqını tutduğu yoldan geri çəkilməyə məcbur edə bilməz və biz ölkəmizin gələcəyinə nikbinliklə baxırıq”.

  

   Beynəlxalq münasibətlərdə “yol xəritəsi” - dünya ilə bağlarımız

  

   Bu nikbinliyin əsası isə doqquz gün öncə Bakıda dünyanın aparıcı neft şirkətləri ilə imzalanan “Əsrin müqaviləsi” ilə qoyulmuşdu. Heydər Əliyevin tarixi uzaqgörənliyinin nəticəsi olan bu anlaşma Azərbaycanın təkcə iqtisadi dirçəlişinin deyil, beynəlxalq münasibətlərinin də “yol xəritəsi” oldu. Azərbaycan bu müqaviləyə və onun ardınca digər neft-qaz layihələrinə ABŞ, Britaniya, Fransa başda olmaqla Qərb dövlətlərini, qonşu Rusiyanı, İranı, Türkiyəni, İslam dünyasında mühüm söz sahibi Səudiyyə Ərəbistanını, hətta uzaq YaponiyaÇini cəlb etməklə tarazlı enerji diplomatiyasını xarici siyasətdə əsas güc alətinə çevirdi. Artıq üçüncü onillikdir ki, Azərbaycanın beynəlxalq və regional siyasəti bu təməl üzərində intişar tapmaqdadır. Bu gün Bakı-Tbilisi-Ceyhan neft kəməri sadəcə üç ölkəni və dənizi bir-birinə bağlamır, o, Azərbaycanı dünyaya bağlayır. Eləcə də Cənubi Qafqaz boru kəmərinin (Bakı-Tbilisi-Ərzurum) davamı olaraq reallaşdırılan “Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycanın Avropa ilə iqtisadisiyasi bağlarını möhkəmlədəcək.

   Bugünlərdə Münxen Təhlükəsizlik Konfransında çıxışı zamanı Prezident İlham Əliyev layihənin beynəlxalq əməkdaşlıq üçün önəmini bir daha diqqətə çatdırdı: “Cənub Qaz Dəhlizi Azərbaycanı Avropa bazarlarına aparan marşrut boyunca yerləşən ölkələrlə birləşdirən üç fərqli boru kəmərindən ibarət inteqrasiya olunmuş boru kəməri sistemidir. Bu layihə yeni bir regional əməkdaşlıq formatını yaratdı. Söhbət Cənubi Qafqaz ölkələri olan Gürcüstan, Azərbaycan və Türkiyədən, sonra Yunanıstan, Bolqarıstan və İtaliya kimi Avropa İttifaqı ölkələrindən, həmçinin namizəd ölkə kimi Albaniyadan gedir”.

   Yeri gəlmişkən, fevralın 23-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının üçüncü nazirlər toplantısında layihənin potensial iştirakçılarının sırası daha da genişlənib və birgə bəyannaməni 12 iştirakçı - yuxarıda adı çəkilən yeddi ölkəyə əlavə olaraq Xorvatiya, Monteneqro, Böyük Britaniya, ABŞ nümayəndələri və Avropa Komissiyasının vitse-prezidenti imzalayıb. Bu, layihənin artıq qlobal mahiyyət kəsb etdiyini göstərir.

   Qeyd edək ki, icrasına başlanıldığı 2012-ci ildən bu yana “Cənub Qaz Dəhlizi” layihəsinin əsas seqmenti olan Trans-Anadolu boru kəmərinin təqribən 65, Cənubi Qafqaz kəməri adlanan digər seqmentin 80 və TAP adlanan Trans-Adriatik boru kəmərinin 34-35 faizi icra olunub. Kəməri qazla təmin edəcək “Şahdəniz-2” üzrə işlərin 90 faizi görülüb. Hədəf layihəni 2020-ci ilə qədər tamamlamaqdır.

   Prezident İlham Əliyev: “Bu layihələr regionda yeni bir əməkdaşlıq ruhu - birgə bağlılıq, etibarlılıq və tərəfdaşlıq yaradır. Azərbaycan dünya bazarlarına neft tədarük edən etibarlı tərəfdaşa çevrilmişdirbu gün bəzi Avropa dövlətlərinin enerji balansında Azərbaycan neftinin payı 30-40 faiz təşkil edir. Bu layihə tamamlandıqdan sonra Avropa üçün etibarlı qaz təchizatçısı qismində də Azərbaycanın rolu artacaq və əlaqələrimiz güclənəcək”.

   Beləliklə, Azərbaycanın təbii resursları həm özünün, həm də geniş coğrafiyanın rifah və təhlükəsizliyinə xidmət edir. Etibarlı tərəfdaşlıq, qarşılıqlı hörmət və hər tərəf üçün faydalı ortaqlıq - Azərbaycanın regional və beynəlxalq müstəvidə yeritdiyi siyasətin aparıcı vektorları bunlardır.

   Ölkəmizin daha bir geniş coğrafiya üçün - Şərqdə Çindən Qərbdə Fransa və İspaniyayadək - təklif etdiyi digər bir strateji layihə, Bakı-Tbilisi-Qars dəmir yolu da bu əməkdaşlıq ruhu üzərində təşəkkül tapıb. 1998-ci ildə Bakıda “Böyük İpək Yolu” konfransı ilə gündəmə gələn Avropa-Asiya nəqliyyat dəhlizi ideyası nə qədər cəlbedici olsa da, 2007-ci ildə polad magistralın təməli qoyulanadək, əslində, havada qalmışdı. Ötən müddətdə Azərbaycan Prezidentinin fəal təşəbbüskarlığı və qətiyyəti sayəsində o, praktik rels üzərinə eniş oldu və artıq yaxın-uzaq ölkələr bu yoldan istifadənin mümkün faydalarını hesablamağa başlayıblar. Bizdən asılı olmayan səbəblərdən - Gürcüstan və Türkiyədə inşaat işlərindəki axsamalar üzündən - bir xeyli ləngiyən dəmir yolunun bu ilin sonunadək işə düşməsi gözlənilir. Bu layihə sayəsində Çindən Avropaya (Orta Asiya, Xəzər dənizi və Azərbaycan üzərindən) mövcud yükdaşıma marşrutu 30-35 gündən 14 günə qədər azalacaqbu istiqamətdə ən qısa marşrut olacaq. Buraya inşası başa çatmaqda olan Azərbaycan-İran (Astara-Astara) dəmir yolunu və Ələt qəsəbəsində qurulan Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma gücünü (ildə 25 milyon ton) də əlavə etsək, Azərbaycan Avropa-Asiya və Şimal-Cənub nəqliyyat arteriyasında əsas loqistik mərkəzə çevriləcək.

   Bu gün ölkəmiz regionda yeni əməkdaşlıq formatlarının təşəbbüskarıdır. 2016-cı ildə ilk dəfə gerçəkləşən Azərbaycan-Rusiya-İran prezidentlərinin görüşü, eləcə də Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Rusiya-İran xarici işlər nazirlərinin toplantıları bunun praktik nəticələridir. Keçən il Bakıya 20-yə yaxın dövlət və hökumət başçısının səfər etməsi ölkəmizin beynəlxalq müstəvidə nüfuzunun, diplomatik aktivliyinin göstəricisidir. Məhz bu nüfuzaktivlik sayəsində Azərbaycan 2011-ci ildə 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmişdi.

  

   Geosiyasi balans - generalların Bakı dialoqu

  

   Heydər Əliyevin təməlini qoyduğu balanslı xarici siyasət kursu, dünyanın böyük dövlətləri, güc mərkəzləri ilə qarşılıqlı hörmətə əsaslanan münasibətlər bu gün Azərbaycan rəhbərliyi tərəfindən uğurla davam etdiriliryeni siyasi çalarlarla zənginləşir. Prezident İlham Əliyevin 2008-ci ildə irəli sürdüyü “Bakı prosesi” təşəbbüsü artıq qlobal dialoq platformasına çevrilib. Fərqli fikir daşıyıcıları, müxtəlif sivilizasiya, din və mədəniyyət mənsubları Bakıda bir araya gələrək dünyanın daha əmin sabahı naminə anlaşma yollarını müzakirə edirlər. Azərbaycanın regional və beynəlxalq geosiyasi xətlərin kəsişmə və tarazlıq nöqtəsi kimi önəmi ölkəmizdə təkcə intellektual, “yumşaq güc” mahiyyətli təmasları deyil, gerçək güc təmsilçilərinin - nüvə başlıqlı raketləri üz-üzə dayanmış iki ordunun komandanın dialoqunu da mümkün edir. Bugünlərdə ABŞ və Rusiyanın Baş Qərargah rəisləri - generallar Cozef DanfordValeri Gerasimovun görüş yeri kimi Bakını seçməsi təsadüf deyildi. Bu, Azərbaycanın yeritdiyi siyasətə dünyanın güc mərkəzləri tərəfindən etibar edilməsinin göstəricisidir.

   Prezident İlham Əliyev həmin seçimin mahiyyətini dəqiq ifadə edib: “Nəyə görə Azərbaycan seçildi? Mən bu sualı özümə verdim. Avrasiyanın xəritəsinə baxaraq gördüm ki, ola bilsin, Azərbaycan onların görüşə biləcəyi yeganə məkandır. Biz NATO-nun üzvü deyilik. Biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü deyilik. Biz ABŞ, AvropaRusiya ilə çox yaxşı münasibətləri olan ölkəyik. Buna görə də nəinki bizim regionda, geniş miqyasda Azərbaycanın sabitləşdirici amil kimi rolu artacaqdır. Bu, bizim regional sabitliyə verdiyimiz töhfədir”.

  

   Vüqar Əliyev

  

   Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur

 

Mədəniyyət.- 2017.- 1 mart.- S.12.