Naxçıvan səhnəsindən bir sənətkar keçdi...
Köklü ənənələrə malik Naxçıvan teatrında parlaq iz qoyan sənətkarlar arasında istedadlı aktyor və rejissor, Xalq artisti İsa Musayevin xüsusi yeri var. Rəngarəng obrazlar qalereyası yaradan, maraqlı quruluşları ilə yadda qalan sənətkarın bu il anadan olmasının 105 illiyidir.
İsa Musayev 27 noyabr 1912-ci ildə Naxçıvan şəhərində dünyaya göz açıb. Erkən çağlardan ədəbiyyata, bədii qiraətə maraq göstərib. Şəhərdə orta məktəbi başa vurur, 1927-ci ildə Bakı Teatr Texnikumuna qəbul olunur. 1929-cu ildən Naxçıvan teatrında həvəskar kimi fəaliyyətə başlayır.
Mərhum teatrşünas Cəlil Vəzirov araşdırmasında qeyd edir ki, İsa Musayev teatr truppasının ən yaraşıqlı və istedadlı üzvlərindən biri olub. Uzun illər tamaşaya qoyulan əsərlərdə baş rolları ifa edib. Aktyorun “Od gəlini”ndə Elxan, “Aydın”da Aydın, “Sevil”də Balaş, “Müsibəti-Fəxrəddin”də Fəxrəddin, “Şeyx Sənan”da Sənan, “Səyavuş”da Səyavuş, eləcə də xarici dramaturqların əsərlərində yaratdığı müxtəlif obrazlar öz ifadəliliyi, təsirliliyi və təbiiliyi ilə seçilib. İ.Musayevi səhnədə görənlər onun sanki teatr üçün doğulduğunu xüsusi vurğulayıblar. Aktyor canlandırdığı qəhrəmanlara öz sevgisini verdiyinə görə tamaşaçılar tərəfindən qəbul edilib. Onun hər bir tamaşaya, obraza öz fərdi yanaşması olub. Çünki əsərdə cərəyan edən hadisələrin baş verdiyi dövrü, mühiti oxuyub, araşdırıb. Bu da təbii ki, obrazlarının uğurlu alınması ilə nəticələnib.
Tanınmış teatrşünas, professor İlham Rəhimli İ.Musayevin yaradıcılığı haqqında yazır ki, aktyorun əlvan və bədii tutumlu yaradıcılığında dramatik xarakterli səhnə surətləri də xüsusi yer tutur. Süleyman (“Həyat”), Hacı Qara (“Hacı Qara”), Məstəli şah (“Müsyö Jordan və dərviş Məstəli şah”), Cavanşir (“Şərqin qalası”), Səməd bəy (“Oqtay Eloğlu”), Səlim (“Aydınlıq”), Yəhya (“Bir gəncin manifesti”) və başqa obrazlar aktyorun yaradıcılığına zənginlik gətirib.
İ.Musayev aktyorluqla yanaşı, uzun müddət Naxçıvan teatrında rejissor kimi də fəaliyyət göstərib. Fərqli yozumda Mirzə Fətəli Axundzadə, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, Cəfər Cabbarlı, Mirmehdi Seyidzadə, Rza Şahvələd, Kərim Həsənov və başqalarının əsərlərinə quruluş verib. Onun aktyorluq və rejissorluq fəaliyyəti mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.
Böyük Vətən müharibəsi illərində təyinatla Abbasqulu ağa Bakıxanov adına Quba Dövlət Dram Teatrında işləməyə göndərilir. Bir müddət bu teatrda həm aktyor, həm də rejissor kimi çalışır. Qubanın mədəni həyatının dirçəlməsində öz əməyini əsirgəmir. Məhz həmin dövrdəki fəaliyyətinə görə İ.Musayev Əməkdar artist fəxri adına layiq görülür.
Bir müddət sonra yenidən Naxçıvan səhnəsinə qayıdır, doğma kollektivdə aktyorluq fəaliyyətini davam etdirir. Görkəmli sənətkarın istedadlı tərəf-müqabilləri də olub. Həmin səhnə ustalarından Xədicə Qazıyeva, Zəroş Həmzəyeva, Firuzə Əlixanova, Rza Məmmədov, Mirhəsən Mirişli, Səməd Mövləvi, Əyyub Haqverdiyev, Nəcəf Tağızadə, İbrahim Həmzəyev, Ağabala Məmmədov və başqalarını göstərmək olar.
İ.Musayevin Azərbaycan mədəniyyətinin və teatr sənətinin inkişafında göstərdiyi fədakar əməyi bir daha yüksək qiymətləndirilir. O, 48 yaşında Xalq artisti adına layiq görülür. Daha sonra “Şərəf nişanı” ordeni ilə təltif edilir.
Peşəkar aktyorluq fəaliyyəti dövründə dramatik, faciə, həm də komediya rollarının mahir ifaçısı kimi tanınan İsa Musayev 1976-cı ildə, 64 yaşında vəfat edib.
Savalan
Fərəcov
Mədəniyyət.- 2017.- 1 mart.-
S.14.