Gözəllik və sevgi şairi

 

 

   TÜRKSOY-un qərargahında “Molla Pənah Vaqif ilinin açılışı keçirildi

  

   Məlum olduğu kimi, 2017-ci il Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY tərəfindən böyük Azərbaycan şairi Molla Pənah Vaqifin xatirə ili elan edilib. Şairin 300 illik yubileyi münasibətilə elan olunan anım ili çərçivəsində türkdilli ölkələrdə müxtəlif tədbirlər, mərasimlər nəzərdə tutulur.   

   Martın 2-də TÜRKSOY-un Ankaradakı qərargahında “2017 Molla Pənah Vaqifin anım ilinin açılış mərasimi keçirildi. Tədbir Azərbaycan və Türkiyənin Mədəniyyət və Turizm nazirlikləri, TÜRKSOY, Azərbaycan Milli Kitabxanasının dəstəyi və təşkilatçılıqları ilə baş tutdu. Tədbirdə Azərbaycanın mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edirdi.

   İştirakçılar əvvəlcə Azərbaycan Milli Kitabxanasının fondundan şairin əsərləri, həyat və yaradıcılığı haqqında kitablardan ibarət sərgiyə baxdılar. TRT Ankara Radiosu xorunun ifasında Elnarə Kərimovanın dirijorluğu ilə şairin "Durnalar" şeirinə bəstələnmiş mahnı səsləndi, azərbaycanlı tarixçi Cavid Mövsümlü şairin şeirini oxudu. Sonra çıxışlar başlandı.

   * * *

   TÜRKSOY-un baş katibi Düsen Kaseinov iştirakçıları salamlayaraq qurumun fəaliyyətindən, layihələrindən bəhs etdi. Bildirdi ki, təşkilat yarandığı vaxtdan türk dünyasının tanınmış şəxsiyyətlərinə həsr edilmiş toplantılar keçirir: “Molla Pənah Vaqif çoxtərəfli fəaliyyətə malik insandır. Bu gün burada onun ədəbi fəaliyyətindən söz açırıq. Əgər o bizi belə bir toplantı ilə bir araya gətirirsə, deməli, vətəninə, millətinə xidmət edən insan olub”.

   Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev belə bir mərasimdə iştirakından məmnunluğunu bildirdi, TÜRKSOY-un həyata keçirdiyi layihələrin önəmindən söz açdı: “Biz qurumun bir çox tədbirlərində iştirak etmişik. Belə layihələrin bir çoxu Azərbaycanın tanınmış şəxsiyyətlərinə həsr edilibbu ənənə davam edir. Əli bəy Hüseynzadə, Səməd Vurğun, Bəxtiyar Vahabzadə, İlyas Əfəndiyev və digər görkəmli insanların yubileyləri burada keçirilib. Buna görə nazirlik və hökumətimiz adından TÜRKSOY-a minnətdarlığımızı bildirirəm. Bu bizim mədəniyyətimizə böyük diqqətdir”.

   Nazirin birinci müavini böyük şairin həyat və fəaliyyətindən bəhs etdi. Vurğuladı ki, Vaqif həm Azərbaycan ədəbiyyatında, həm dövlətçilik tariximizdə böyük dəyəri olmuş şəxsiyyətdir: “O, çox gənc yaşlarından elmə, ədəbiyyata böyük maraq göstərib. Şuşa şəhərinə gələndə artıq xalq tanıyır, hörmət edirmiş. Şair kimi də şöhrəti ətrafa yayılmışdı. Belə bir insan təbii ki, hökmdarların da diqqətindən kənarda qalmayıb. Qarabağ xanı onu sarayına vəzir kimi dəvət edib. Amma o ilk növbədə böyük şair idi və ədəbiyyatımıza böyük yeniliklər gətirdi. O, şeirlərini sadə Azərbaycan dilində yazırdı və bu da xalqa yaxın idi deyə məclislərdə səsləndirilirdi. Şairin ölümündən sonra onu sevən insanlar şeirlərini toplayıb saxlamışdılar. Vaqifin Azərbaycan ədəbiyyatında böyük yeri var. Səməd VurğunVaqif” dramında şairin ölməz obrazını yaradıb”.

   Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov da çıxışında TÜRKSOY-un fəaliyyətinin önəminə toxundu, qurumun əldə etdiyi uğurlardan bəhs etdi. Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsinin də buna bariz nümunə olduğunu bildirdi: “Vaqifin əsərləri bütün dönəmlər üçün aktualdır və oxunur. Şairlə hazırkı nəsil arasında iki əsr var, amma bu gün də əsərləri oxunur, poeziyası insanları həyəcanlandırır”.

   Səfir bildirdi ki, Vaqif bacarığı, xalq arasında nüfuzu sayəsində Qarabağ xanlığında baş vəzir vəzifəsinə yüksəlmişdi. Diplomat ulu öndərHeydər Əliyevin təşəbbüsü ilə Şuşada şairin qəbri üzərində məqbərə ucaldıldığını, 1992-ci ildə isə Şuşanın ermənilər tərəfindən işğal edilərkən bir sıra abidələrimiz, muzeylərimiz kimi məqbərənin də dağıdıldığını təəssüflə bildirdi.

   Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva şairin yaradıcılığından söz açdı, onun Azərbaycan ədəbiyyatında realizmin banilərindən biri kimi dəyərləndirildiyini bildirdi: “Onun şeirlərində sevgi, gözəllik var. Özündən sonra sənəti, mirası bu günqorunur. O, Qarabağın təbii gözəlliklərindən ilham alaraq yazırdı. Bu da şairi tanıdır, sevdirirdi. Vaqif üslubu ilə Azərbaycan ədəbiyyatına yeni nəfəs gətirdi. Vaqif şeiri xalq ruhunu ifadə etməklə diliyad dillərin təsirindən qorumuşdu”.

   Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin müşaviri Nihat Gül də çıxışında türk dünyasının tanınmış şəxsiyyətlərinin yubileylərinin qeyd olunmasının əhəmiyyətini vurğuladı. Vaqifin dövrünün böyük şairi olduğunu dedi: “O, ərəb və fars dilini də gözəl bilib, amma Azərbaycan dilində yazmağa önəm verib”.

   * * *

   Çıxışların ardınca şairin həyatından bəhs edən filmi nümayiş etdirildi.

   SonraDoğumunun 300-cü ildönümündə Molla Pənah Vaqifpaneli başlandı. Qazi Universitetinin professoru Ahmet Bican Ercilasunun moderatorluğu ilə keçən paneldə Azərbaycan Milli Elmlər Akademiyası vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, millət vəkili İsa Həbibbəyli, Avrasiya Yazarlar Birliyi sədrinin müavini, "Qardaş qələmlər" jurnalının redaktoru Ali Akbaş, Karabük Universiteti Ədəbiyyat fakültəsinin müəllimi Yıldız İsmayılova, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim TahirovTÜRKSOY-un Qazaxıstan təmsilçisi Askar Turqanbayevin şairin həyat və yaradıcılığından bəhs edən məruzələri dinlənildi.

   Sonra tədbirin bədii hissəsi başlandı. İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisası Zülfiyyə İsmayılova və xalq ozanı Səlahəddin Dündarın (Türkiyə) ifalarında şeir və musiqilər səsləndi.

   Tədbirin sonunda xatirə hədiyyələri təqdim olundu.

   Qeyd edək ki, “Molla Pənah Vaqif ilinin ikinci toplantısı martın 3-də Türkiyənin Sakarya şəhərində keçiriləcək.

  

   Mehparə Sultanova

   Ankara

 

Mədəniyyət.-2017.- 3 mart.- S.3.