Milli İncəsənət Muzeyində
“Qadın xoşbəxtliyi”
Rusiyada yaşayan rəssam
soydaşımızın fərdi sərgisi
Martın 7-də Azərbaycan Milli İncəsənət Muzeyində Heydər Əliyev Fondunun təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Moskvada yaşayan həmyerlimiz, Rusiya Federasiyasının Əməkdar rəssamı Əsgər Məmmədovun “Qadın xoşbəxtliyi” adlı fərdi yaradıcılıq sərgisinin açılışı keçiriləcək.
Əsgər Məmmədov 1945-ci ildə Ağdam rayonunun Mərzili kəndində anadan olub. Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirib. Moskva Ümumittifaq Kinematoqrafiya İnstitutunda cizgi filmləri üzrə rejissorluq sənətinə yiyələnib.
1976-90-cı illərdə “Azərbaycanfilm” kinostudiyasında çalışıb.
Gənc yaşlarından rəssamlıq fəaliyyəti ilə məşğul olan Ə.Məmmədov doğma kəndində şəxsi qalereyasını yaradıb, lakin 1993-cü ildə kəndin separatçı erməni silahlı qüvvələri tərəfindən işğal olunması nəticəsində 200-ə qədər rəsm əsəri orada ermənilər tərəfindən yandırılaraq məhv edilib.
Sonradan Moskvada yenidən fəaliyyətə başlayan rəssamın dəfələrlə fərdi yaradıcılıq sərgiləri keçirilib. Eləcə də Türkiyədə, Almaniyada, İsraildə, İspaniyada, Latviyada bir çox sərgilərin iştirakçısı olub.
Rəssamın yaradıcılığında sülh, dostluq və sevgi motivləri əsas yer tutur. Onun boyakarlıq sənətində portretlər, natürmortlar, mənzərələr və qrafik üslubda işlənmiş rəsmlər var. Əsərlərində Azərbaycan təsvirləri, Qarabağ mövzusu xüsusi yer tutur.
Milli
İncəsənət Muzeyində “Qadın xoşbəxtliyi”
sərgisi martın 10-dək davam edəcək.
Mədəniyyət.-2017.- 3 mart.-
S.2.