Əbu-Dabidəki “Mədəniyyət günü”ndə ölkəmizin təqdimatı

 

   Mətbəx nümunələrimiz təqdim edilib, turizm məkanlarımız, mədəniyyətimiz haqqında məlumat verilib

  

   Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə yerləşən ən çoxmillətli məktəblərdən biri olanGems American Academy” məktəbində ənənəvi “Beynəlxalq mədəniyyət günükeçirilib. Tədbirdə Azərbaycanın BƏƏ-dəki səfirinin xanımı Ülviyyə Şikarova və məktəbdə təhsil alan digər azərbaycanlı şagirdlərin valideynlərinin yaxından iştirakı ilə ölkəmiz də təmsil olunub.

   ABŞ, Böyük Britaniya, İtaliya, İspaniya, İsveç, Rusiya və digər Avropa ölkələri ilə yanaşı, Yaponiya, Koreya Respublikası, Yeni Zelandiya, Pakistan, Hindistan, İndoneziya, İordaniya, Livan, Suriya, Misir, Fələstin, Venesuela və digər ölkələrin nümayəndələrinin qatıldığı mədəniyyət günündə Azərbaycan guşəsində səfirliyin əməkdaşlarının ailə üzvləri və Əbu-Dabidəki Azərbaycan icmasının fəalları iştirak ediblər.

   Guşəmizdə dolma, , qutab, habelə UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil olan lavaş, eləcə də şəkərbura, paxlava, külçə, şəkərçörəyi kimi milli mətbəximizin nümunələri, o cümlədən ölkəmizin fiziki xəritəsini və görməli yerlərini əks etdirən fotostend qonaqlara təqdim edilib.

   Qonaqlara Azərbaycan yeməkləri, eləcə də unikal turizm yerlərimiz, zəngin mədəniyyətimiz haqqında məlumat verilib. Ölkəmizin tarixini, mədəniyyətini və turizm abidələrini, o cümlədən mənzərəli yerlərini əks etdirən suvenirlər ziyarətçilərə təqdim edilib.

   Mədəniyyət günündə təmsil olunan ölkələr ardıcıllıqla öz milli rəqs nömrələri ilə çıxış ediblər. Məktəbin 1-ci sinif şagirdi Ceyla Musanın ifasında “Sarı gəlin” rəqsi iştirakçılar tərəfindən maraqla qarşılanıb.

 

 

Mədəniyyət.- 2017.- 3 mart.- S.9.