Şərqşünaslıq elminin inkişafında əvəzsiz xidmətləri olan alim

 

 

 

   Azərbaycanda şərqşünaslıq elminin inkişafına töhfələr verən görkəmli alimlər arasında Böyükağa Hüseynovun da adı hörmətlə çəkilir. O, ömrünün əsas hissəsini İran filologiyasının öyrənilməsinə və tərcüməçiliyə həsr edib, sanballı elmi əsərlər yazıb. Bu il tanınmış alimin anadan olmasının 90 illiyidir.

   Böyükağa Murtuza oğlu Hüseynov 7 mart 1926-cı ildə Bakı şəhərində dünyaya göz açıb. Orta təhsilini 150 saylı məktəbdə başa vurub. İndiki Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində təhsil aldıqdan sonra Moskva Şərqşünaslıq İnstitutunun İran şöbəsində oxuyub. Bakıya döndükdən sonra Azərbaycan Elmlər Akademiyasının Dilçilik İnstitutundaKommunist Partiyası MK-nın Təbliğat şöbəsində və SSRİ EA-nın Asiya İnstitutunda məsul vəzifədə çalışıb.

   Böyükağa Hüseynov Azərbaycan EA-nın Yaxın və Orta Şərq Xalqları İnstitutunun elmi işlər üzrə direktor müavini, İran filologiyası şöbəsinin müdiri vəzifələrində işləyib. “XX əsr fars şeirində ənənə və novatorluqmövzusunda doktorluq dissertasiyası müdafiə edib və Azərbaycan EA-nın şərqşünaslıq üzrə ilk müxbir üzvü seçilib. Onun elmi rəhbərliyi altında 14 alim yetişib.

   B.Hüseynov XIX-XX əsrlər İran ədəbiyyatının aktual nəzəri problemlərinə dair tədqiqatların müəllifidir. Alimin bu mövzuda monoqrafiya və kitabları, elmi məqalələri ölkəmizlə yanaşı, İran, Türkiyə, Rusiyabaşqa ölkələrdə də çap olunub. Tədqiqatçı İran, Fransa, Almaniya, Yəmən, Yunanıstan, Türkiyə və başqa ölkələrdə beynəlxalq elmi konfranslarda məzmunlu, aktual məruzələri ilə Azərbaycan şərqşünaslıq elmini yüksək səviyyədə təmsil edib.

   AMEA-nın Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədi ömrünü şərqşünaslıq elminə həsr edən B.Hüseynovu elm adamı olmaqla yanaşı, həm də Şərq poeziyasının mahir bilicisi, xüsusən İran ədəbiyyatının sinədəftəri kimi xarakterizə edib. O, bu ədəbiyyatın həm klassik, həm də yeni mərhələsini dərindən araşdırıb, “İran ədəbiyyatı məsələləri” adlı tematik məcmuə seriyalarının elmi redaktoru və aparıcı müəlliflərindən biri olub.

   Şərqşünas alim sanballı araşdırmaları ilə yanaşı, bədii yaradıcılıqla da məşğul olub. “Faiq” təxəllüsü ilə qələmə aldığı şeirləri və satirik hekayələri “Ədəbiyyat və incəsənət”, “Bakı” qəzetlərində və “Kirpi” jurnalında dərc edilib.

   Görkəmli alim Şərq dünyasının ədib və şairlərinin, mütəfəkkirlərinin əsərlərini dilimizə tərcümə edib. Nasir Xosrov, Ömər Xəyyam, Seyidəddin Urfi, Ehsan Təbəri, Nizari, Lahuti, Jalə, Nadir Nadirpur kimi fars-tacik müəlliflərinin yaradıcılığını araşdıran B.Hüseynov eyni zamanda Q.AristovunTorpaq və Günəş”, D.SidorovunXurafata inanmağın zərəri haqqında” adlı kitablarını Azərbaycan oxucularının ixtiyarına verib.

   Böyükağa Hüseynov 31 may 1983-cü ildə Bakıda vəfat edib.

  

   Savalan Fərəcov

 

 

Mədəniyyət.- 2017.- 3 mart.- S.15.