TÜRKSOY-un “Molla Pənah
Vaqif ili” çərçivəsində
Sakaryada konfrans keçirilib
Xəbər verdiyimiz kimi, martın 2-də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un Ankaradakı qərargahında “2017 Molla Pənah Vaqifin anım ili”nin açılış mərasimi keçirilib.
Təşkilat 2017-ci ili böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyi münasibətilə xatirə ili elan edib. Anım ilinin açılış mərasimi Azərbaycan və Türkiyə Mədəniyyət və Turizm nazirlikləri, TÜRKSOY və Azərbaycan Milli Kitabxanasının dəstəyi ilə gerçəkləşib. Tədbirdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edib.
Martın 3-də isə Türkiyənin Sakarya şəhərində TÜRKSOY tərəfindən “Molla Pənah Vaqif ili” layihəsi çərçivəsində konfrans təşkil olunub. Azərbaycanın və Türkiyənin Mədəniyyət və Turizm nazirlikləri və Azərbaycan Milli Kitabxanası, Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı, Sakarya Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə keçirilən konfransda rəsmi şəxslər, deputatlar, ictimaiyyət nümayəndələri, elm və mədəniyyət xadimləri iştirak ediblər.
Konfransdan əvvəl TÜRKSOY rəhbərliyi və Azərbaycan nümayəndə heyəti Sakarya Böyükşəhər Bələdiyyəsinin sədri Zeki Toçoğlu ilə görüşüb. Söhbət zamanı türk dünyasının görkəmli şəxsiyyətlərinin qarşılıqlı olaraq tanıdılması istiqamətində görülən işlər yüksək qiymətləndirilib. Azərbaycan tərəfdən “Azərbaycan xalçaları - İrəvan qrupu” kitab-albomu, habelə TÜRKSOY-un türk dünyası mədəniyyətinə dair nəşrləri bələdiyyəyə hədiyyə olunub.
Konfrans TÜRKSOY-un ötən dövrdəki fəaliyyətini əks etdirən filmin nümayişi ilə başlayıb. Sonra iştirakçılar Molla Pənah Vaqifin həyat və yaradıcılığı haqqında sənədli filmi izləyiblər.
Professor Mehdi Ergüzelin sədrliyi ilə keçirilən konfransda TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Azərbaycan mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Milli Kitabxananın direktoru Kərim Tahirov, Türkiyə Böyük Millət Məclisinin üzvü Mustafa İsen, AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, millət vəkili İsa Həbibbəyli, Avrasiya Yazıçılar Birliyinin sədr müavini, şair Ali Akbaş, dosent Yıldız İsmayılova çıxış ediblər.
Düsen Kaseinov və Mustafa İsen türk dünyasının dahi şəxsiyyətlərinin, mədəni irsinin araşdırılması və təbliğ edilməsi çərçivəsində həyata keçirilən layihələrin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, TÜRKSOY yaranmış tarixi şəraitə uyğun olaraq eyni kökdən olan türkdilli xalqları ortaq mədəni maraqlar ətrafında birləşdirməyi qarşısına məqsəd qoyub. Türk xalqlarının dünya şöhrətli ədiblərinin həyat və fəaliyyətinin tanıdılmasına göstərilən diqqət və qayğı, onların əsərlərinin müxtəlif dillərdə nəşr edilməsi, həmçinin bu səpkidən olan digər işlər türkdilli xalqları daha möhkəm tellərlə bağlayır və qarşılıqlı olaraq tanıdır.
Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev tarixi şəxsiyyətlərin həyat və fəaliyyətlərinin araşdırılması və tanıdılması istiqamətində Azərbaycanda görülən işlərdən bəhs edib. Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə 1982-ci ilin yanvarında Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində Molla Pənah Vaqifin məzarı üzərində məqbərə ucaldılmışdı. 1992-ci il mayın 8-də Şuşa şəhəri Ermənistan ordusu tərəfindən işğal olunduqdan sonra buradakı mədəniyyət nümunələrimiz, o cümlədən Vaqifin məqbərəsi dağıdılıb.
Vaqif Əliyev Azərbaycan poeziyasında parlaq yeri olan şairin yaradıcılığından söz açıb, “Molla Pənah Vaqif ili”nin elan olunması və belə bir tədbirin keçirilməsinə görə TÜRKSOY təşkilatına minnətdarlığını bildirib.
Azərbaycanın görkəmli ədiblərinin əlyazmalarının üzə çıxarılması, əsərlərinin tədqiq olunması və nəşrinin daim diqqət mərkəzində olduğunu deyən Milli Kitabxananın direktoru Kərim Tahirov şairin yaradıcılığından bəhs edib.
İsa Həbibbəyli, Ali Akbaş və Yıldız İsmayılova Vaqifin xalq ədəbiyyatı ilə qırılmaz tellərlə bağlı olan poeziyası, şairin dövlət xadimi kimi fəaliyyəti, diplomatik təcrübəsi və s. barədə danışıblar. Bildirilib ki, Vaqif poeziyası tarixi köklərə, mənəvi dəyərlərə bağlılığı, xalq ruhunu ifadə etməklə, eləcə də Azərbaycan dilini yad təsirlərdən qorumaqla həyata vəsiqə qazanmış ədəbiyyat incisidir.
Qeyd olunub ki, Vaqifin yaradıcılığı təkcə Azərbaycanın deyil, bütün türk dünyasının ortaq sərvətidir. Prezident İlham Əliyevin Molla Pənah Vaqifin 300 illik yubileyi barədə sərəncamı böyük şairin şəxsiyyətinə göstərilən diqqət və qayğının təzahürüdür. Azərbaycanın təşəbbüsü, Türkiyə və Qazaxıstanın dəstəyi ilə Molla Pənah Vaqif UNESCO-nun “2016-2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edilməsi onun yaradıcılığına verilən yüksək qiymətdir.
Tədbirdə İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisası Zülfiyyə İsmayılova türk şairi Nəsib Fazil Kısakürəyin “Sakarya” və Vaqifin şeirlərindən nümunələr oxuyub. Türkiyəli aşıq Səlahəddin Dündar sazda ifa ilə Vaqifin şeirlərindən parçalar səsləndirib.
Konfrans çərçivəsində Azərbaycan Milli Kitabxanasının fondundan M.P.Vaqifin əsərləri, həyat və yaradıcılığı haqqında kitabların sərgisi keçirilib.
Mehparə Sultanova
Mədəniyyət.- 2017.- 8 mart.-
S.5.