Söz” layihəsi çərçivəsində Xalq yazıçısı Anarla görüş

 

 

   Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Söz” ədəbiyyat layihəsi çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarla görüş təşkil olunub.

   Azərbaycan Xalça Muzeyində gerçəkləşən görüş yazıçının 2016-cı ildə Moskvada nəşr olunan kitabına həsr edilib. “Vremya” nəşriyyat evinin çap etdiyiSizsiz” kitabına yazıçının valideynləri haqqında xatirələri, kinopovestləri, dostları olan rus ədibləri haqqında xatirələri (Konstantin Simonov, Vasili Aksyonov, Rimma Kazakova) və “Gecə düşüncələri” silsiləsi daxildir. Bu il isə Moskvadakı “Xudojestvennya literatura” nəşriyyat evi yazıçının seçilmiş əsərlərindən ibarət ikicildliyini oxuculara təqdim edib.

   Görüş yazıçı ilə şairə Nigar Həsənzadənin dialoqu əsasında təşkil olunub. Gecədə əməkdar artistlər Mehriban Zəki və Mələk Abaszadənin ifasında Anarın rus şairlərindən etdiyi tərcümələr səslənib. Bundan başqa, müğənni Lalə Məmmədova sözləri Anara, musiqisi Emin Sabitoğluna aid olan mahnını ifa edib.

   Tədbirdə görkəmli kinorejissor Rasim Ocaqovun Xalq yazıçısı Anarın ssenarisi əsasında çəkdiyi “Təhminə” filmindən kadrlar və ailə videosu nümayiş olunub.

   Daha sonra qonaqlar və iştirakçılar yazıçını qarşıdan gələn (14 mart) doğum günü münasibətilə təbrik edib, ona yaradıcılıq uğurları arzulayıblar.

 

Mədəniyyət.- 2017.- 8 mart.- S.6.