Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Ankarada görüşlər keçirib

 

 

 

   Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Ankaraya səfəri gedişində bir sıra görüşlər keçirib.

   Günay Əfəndiyeva Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) rəhbəri Sərdar Çam ilə görüşündə Türk Mədəniyyəti və İrsi Fondunun türkdilli xalqların mədəniyyət və irsinin mühafizəsi və dünyaya tanıdılması istiqamətində gördüyü işlərdən, həyata keçirdiyi və planlaşdırdığı layihələrdən bəhs edib.

   S.Çam öz növbəsində TİKA-nın fəaliyyəti, onun müxtəlif ölkələrdəki nümayəndəlikləri barədə məlumat verib, Fondun türk dünyasına xas tarixi-mədəni mirasın qorunması və təbliğ edilməsinə dair fəaliyyət perspektivlərini yüksək qiymətləndirib.

   Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin daha da möhkəmlənməsinin vacibliyi vurğulanıb, iki qurum arasında əməkdaşlığın gələcək perspektivləri üzrə fikir mübadiləsi aparılıb.

   Günay Əfəndiyevanın Türkiyə Prezidenti Aparatının sabiq baş katibi, Türkiyə Böyük Millət Məclisinin üzvü, Sakaryadan millət vəkili Mustafa İsen ilə görüşündə də qardaş xalqların mədəniyyət və irsinin mühafizəsi, təşviq edilməsi ilə bağlı, eyni zamanda bütövlükdə türk dünyasının həmrəyliyi naminə işlərə dair müzakirələr aparılıb. Bu istiqamətdə yaxın aylarda Azərbaycanda, Türkiyədə, eləcə də digər türkdilli ölkələrin şəhərlərində birgə tədbirlərin keçiriləcəyi bildirilib.

   Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin sərəncamına əsasən 2017-ci il Azərbaycanda “İslam həmrəyliyi ilielan edilib. Bu baxımdan islam dininin türk dünyası sivilizasiyasında oynadığı mühüm rol vurğulanıb.

 

Mədəniyyət.- 2017.- 8 mart.- S.7.