DƏDƏ
Oğul Ələsgər, ata
Ələsgər, ər Ələsgər, aşıq Ələsgər
və nəhayət, - əbədi-ədəbi Dədə
Ələsgər!..
Hər kəlməsi alovlu könül közü...
Hər bəndi eşq çeşnili xalı...
Hər qoşması dağ çeşməsi...
Hicran nəşəsiylə kef, dərd alıb-qəm satıb nəf eyləyə-eyləyə,
“Hərcayıdan, müxənnəsdən, nadandan
Nə söz qaldı sənətkara dəyməmiş” söyləyə-söyləyə
Bənzərsiz eşq-irfan İmarəti yapmış canlı Saz-Söz Abidəsi - Dədə Ələsgər...
Sözün hansına toxunursan, kəlmə-kəlamın harasını çevirirsən, görürsən, ona da nəfəsi dəyib bu Dədənin. Fikir-zikr, məntiq-məna çəmənzarında “xalı”-“xam” qalmayıb bu aqilin əlindən-dilindən. Yaranışımızdan-yaşanışımıza hər an təzələnən yar cütlükləri arasındakı söz, söhbət, hiss-işarət halətlərinə xəyal “naməhrəm”likləri edirsən, baxırsan ki, bay, bu aşiqlər-aşiqi Aşıq oralardan çoxdan qayıdıb ki!..
Bəs belə isə...
bizim deyəcəyimizin yeli onun kimi ulu və əbədi olu Qayaya nə yapası?..
Onun aşiq-oxucuları bu kimi “yaraşıq” yazılardan nə tapası?..
Bu elə bir Dərya ki, hər “Araz aşığından, Kür topuğundan” qələm ona baş vura bilməz...
Ala gözlüm, səndən ayrı düşəli,
Hicranın qəmiylə kef eyləmişəm.
Günüm ahnan-vaynan keçib dünyada,
Dərd alıb, qəm satıb - nəf eyləmişəm!
Bu Dədənin
misraları ovaxtdan-buvaxta
dipdiri. Bu qoşmalar nəinki eşqə qoşan cavanları, həkdən düşmüş
qocaları da coşdurur! Məktəb-mədrəsə
üzü görməmiş
bu canlı Aləmin hikmətləri sadə oxucuların da feyz kəkliyini
azdırırsa, hesab-kitab
et ki, alim-üləmalara
necə “heyrət, ey büt!” etdirir!
Onlardan biri - professor Yaşar Qarayev: “Növbəti “dövran”ın hesabı yeni yüzildə Ələsgər şeiri
ilə açılır.
Öz “yeni Füzulisini” ədəbiyyat bu dəfə artıq şifahi ənənədə,
aşıq şeirində
yaradır. Folklorda
“Ələsgər divanı”
(tilsimi, sehri!) artıq bu günü
də əhatə edən iki əsrə
çatır və kim bilir,
bəlkə, bundan sonra da hələ
neçə-neçə əsrə
(lap sonsuza!) qədər
çatacaq. Peyğəmbərlərin sonuncusu Məhəmməd,
Peyğəmbər aşıqların
sonuncusu isə Aşıq Ələsgərdir”.
Bəs görək bu Peyğəmbər aşıqların
sonuncusunun özü və öz dünyası haqda (lətifəsi “özündəndeyən”lərdən
uzaq) nə deyib:
“Könül, sən ki düşdün
eşqin bəhrinə,
Narın çalxan, narın
silkin, narın üz!”
“Aşıq olub diyar-diyar gəzənin
Əvvəl başdan pürkamalı gərəkdi...”
Daha nələr?
“Yazıq aşıq Ələsgəri
Çəkməyə
dara xoş gəldin”!..
“Bizim borcumuzdan sizinki çoxdu -
İstəyirsən
gedək, gecə yatmayaq...”
“Həsrətin
çəkənlər olubdur
sayıl -
Yığır
qapılardan pay, sarıköynək!..”
“Adını demirəm - eldən ayıbdır,
Filankəsin qızı filan oynasın”...
Aşıqlar aləmində “deyişmə”lər
(“didişmələr”, gediş-gəlişmələr)
çox olub. Dədə Ələsgərdə
isə hər şey özünün məxsusi zirvə-dərəcəsində!
Hamımızın bildiyimiz
kimi, o, “ilk məhəbbət”
imtahanı odunda da az yanmayıb və bunların tüstüsü
qohumu Zöhrə ilə deyişməsində
də ərşə
bülənd olub. Yəni, bu Gözəllik
aşiqinin ürəyini
illərlə “daha evlənməyəcəyəm” nidasıyla döyündürən
məlum Səhnəbanı
yarası! Atası ölmüş bu qızı əmisi Məhərrəmin zorla öz oğluna almasıyla, iki ürəyi ömürlük
odlara atdığından
yaranıb bu Ələsgər-Zöhrə deyişməsi:
Ələsgər:
Söylə, qasid, müxtəsəri-vəssalam,
Ərzimi canana dedin, nə
dedi?
Bülbül tək asmana yetişib nalam,
Səhni-gülüstana
dedin, nə dedi?
Zöhrə:
Nakəs müxənnətin boynu vurulsun,
Vay düşsün evinə,
şivən qurulsun,
Məhərrəmin
oğlanları qırılsın,
Qalmasın yurdunda nişana!- dedi.
Bunları oxuduqca, Dədənin dünyanın özü ilə də xəyalən deyişdiyinin
və hər kəsi bağladığı
kimi, elə bu gidi dünyanı
da öz istedad, fitri vergi açar-qıfılıyla
bağladığının (elə qoşmalarının,
gəraylılarının “tapşırma”larında olduğu
kimi) fərqinə varırsan:
Ələsgər
isyanın, çıxıbdır
sandan,
Öldürsən zanburu əl
çəkməz şandan.
Hərcayıdan,
müxənnəsdən, nadandan,
Nə söz qaldı
sənətkara dəyməmiş.
Aqillər ərz edirlər
ki, hər kəs hər kəsin yaxşı cəhətlərini görməyə
çalışmalıdır. Bir əsrdən çox yaşamış bu aqil Aşiq isə heç kəsi belə bir seçim əziyyətinə məruz
qoymayıb. Nə etik-əxlaqi
insanlıq, nə poetik-irfani yaradıcılıq
sarıdan. Bu adam müdam gözəlliyə tapınıb,
yaxşılığa yürüyüb.
Bu tapınma,
bu yürümə onu yaradıcılıq aləminin ən qaynar atəş nöqtələrinə atmaya
bilərdimi? Belə bir
qalib könül sahibi hansı məqamdasa məğlub söz deyərdimi? Məsələn, çoxlarının “Günüm ahnan-vaynan keçib dünyada” kimi bəyanlardan sonra, müqəyyəd “canan”ları qınayıb-şikayətləndiklərinin
də oxucusu olmuşuq. Bu Ustadsa ədədi-irfani “tacirlik”
edir: “Dərd alıb, qəm satıb nəf eyləmişəm”!..
Şeirlərinin yox, məhz
DƏRDinin “dillərdə
əzbər” olduğunu
söyləyib bu dahi. Elə bir “dərd”
ki, çarəsi həkimlik yox, öncə Gözəllik,
sonca arif oxucularlıq. Belə oxucular
o müqəddəs DƏRDdin
diaqnozunu da verə bilər. Məsələn, “suçiçəyi”
xəstəliyi: “Axşam-sabah
çeşmə, sənin
başına, Bilirsənmi
necə canlar dolanır?” Dərmanı:
“Gələndə ustad
kəlamı, Köhnə
yaram qan verir. Şahi-mərdan nökəriyəm - Dərsimi pünhan verir”.
Ömrü uzunu ürəyinin hikmət yükünü diliylə üyüdə-üyüdə bütün Azərbaycanı, türkdilli xalqları təkrarsız şeiriyyətilə barındırmış, gəncliyində az məhrumiyyətlər dadmamış bu aşiq qocalığında da çox acılar yaşamalı olub. İnsanlıq tarixində yeri olmayan ermənilərin ötən əsrin əvvəllərində törətdiyi türk-müsəlman qırğınları zamanı bu böyük söz ustadı da el-obasından didərgin düşüb və bir müddət Kəlbəcərdə dəyirman işlədib. Üstünə telli saz basılmış o sinənin altındakı dərdləri, olsa-olsa, ayrı-ayrı fərdlər bilirdi. Amma bütün mahal bilirmiş ki, öz dövrünün “Leyli-Məcnun” oxşarı olan “Səhnəbanı-Ələsgər” sevgisinin hicr qanı dünya durduqca qurumaz.
Sənətkar adı, aşıq namı xətrinə yeyim-içimindən kəsib geyim-keçiminə verən bu “bəxtəvər”ə köks ötürən dövrandaşları hələ çox sonralar biləcəkdilər ki, Azərbaycan dilinin, Azərbaycan poetik fikrinin, aşiq-aşıq fəlsəfəsinin bu canlı akademiyası bir əlində saz, bir əlində çin, dəryaz, yaba yaşayıb. Nər hərəkətilə bərəkət də becərib xırman tutan Ustad illərin birində, dolanışıq üçün əkdiyi taxıl zəmisinin ortasındakı “Qozqara” deyilən bir kötüklə də deyişməli olub.
Kötük:
Aşıq, nə meydanı yalqız alıbsan,
Söz deyim - sözünə barabar olsun.
Nahaq qandı ortalığa salıbsan,
Elə iş tut, ondan xeyir, kar olsun!
Ələsgər:
Ələsgər, başına qəhətdi
peşə?
Darı əkib yeməyibsən
həmişə?
Sazı bas sinənə, təcnisdən
döşə,
Yığ urzunu, verən əllər var olsun!
Ona verən əllər az olmasa
da (Allah bu şanda bir sənətkara yardım edib, xəcillikdən qurtarmış babaların
bugünkü balalarını
var eləsin!), nəhəng cüssəli
bu el aşığı
əmək-zəhmətdə də ad çıxarıb.
Yüz beş
illik ömrünü
torpaq ətrilə də süsləndirib. Ancaq bu azman aşığın
öz ilhamıyla əkib, istedadıyla üyütdüyü sənət
nümunələri dünyanın
bütün torpaqlarının
yetirdiyindən, bütün
dəyirmanlarının üyütdüyündən
daha dadlı, şanlı, əbədidir.
Məsələn, dünyada
“dünya malı” deyilən bütün şeylər köhnəlir
də, azalıb-çoxalır,
ucuzlaşıb-bahalaşır da, onun “Bahalıq”
müxəmməsi isə
mənəvi sənət
qalasının təkrarsız
ornamenti kimi əbədi qalasıdır:
İnnən belə başımızda
Namərdlərin töhmətidi.
Hansı məclisə gedirsən -
Arpa-buğda söhbətidi.
Kartof ilə ayranaşı
Süfrəmizin zinətidi.
Buraya bahalıq
salan
Qeyri yerin millətidi.
Nə işə əl atırıqsa,
Oluruq peşman, bahalıq!..
Qələmlə
yox, dili ilə “yazan” bu böyük el aşığı “şifahi
nəşriyyatlar”da çap
edilə-edilə hələ
sağlığında bütün
Azərbaycanın ustad
aşığı, türk
dünyasının böyük
sənətkarı kimi
tanındı. Turan Ozanı, sənət Dədəsi oldu. “Aşıq Ələsgər
bütöv bir xalq akademiyasıdır” (H.Araslı), “...Musiqinin, səsin, sözün, dünyanı estetik biçimdə dərk və ifadə edən fikrin möhtəşəm daşıyıcısı
A.Ələsgərin adı
önündə işlənə
biləcək epitetlərin
ən uğurlusu “Dədə”dir. Əgər
orta çağ Oğuzu onun adına kitab bağlasaydı, onu hökmən “Dədəm
Ələsgərin kitabı”
adlandırardı: eynilə
“Kitabi-Dədə Qorqud”
kimi...”
Bunlar Dədəmiz haqda indiyə qədər deyilmişlərin, olsa-olsa,
bir faizi...
Ancaq, doxsan bir ildir
daha heç nə deməyən bu ümumtürk Söz Abidəmiz haqda innən sonra da saysız
say, qədərsiz qədərdə
sözlər, epitetlər,
postulatlar söylənəcək!
Bizlər o intəhasız
gələcəklərə gedə bilməsək də, bu reallığı
yüzbir faiz təxmin edə bilərik...
Tahir
Abbaslı
Mədəniyyət.- 2017.- 8 mart.-
S.13.