Ankarada qadın haqları mövzusunda beynəlxalq simpozium

 

 

   “Əgər bir ölkədə qadınlar rahat yaşayırsa, haqları tapdanmırsa, demək, o ölkədə ədalətdən danışıla bilər”

  

   8 Mart - Beynəlxalq Qadınlar Günü Türkiyədə də geniş şəkildə qeyd olunur. Bu münasibətlə martın 7-də Ankarada Avrasiya İnsan Haqları Forumu tərəfindən Qadın haqları simpoziumu təşkil olundu. Tədbirdə Qazaxıstan, Qırğızıstan, Azərbaycan, İran, Tatarıstan, Moldovabaşqa dövlətlərdən ziyalı qadınlar iştirak edirdi. Əvvəlcə çıxış edən Türk Dünyası İnsan Haqları və Avrasiya İnsan Haqları Federasiyasının rəhbəri Abdulla Buksur bu günün Türkiyədə əsasən 2008-ci ildən qeyd olunmağa başlandığını bildirdi.

   8 Martın Türkiyə üçün də qadın problemlərinin gündəmə gətirilməsi baxımından önəmli gün olduğunu deyən TBMM-in üzvü Fatma Kaplan Hürriyət güclü, çalışqan, uğurlu və müxtəliflikləri ilə zəngin türk qadınlarının təqdirəlayiq olduğunu vurğuladı. Qeyd etdi ki, hələ də Türkiyədə və inkişaf etməkdə olan bir çox ölkələrdə qadın haqlarının qorunması istənilən səviyyədə deyil.

   İraqdan gəlmiş qonaq, kərküklü millət vəkili Jalə Neftçi isə dünyanın hər yerində qadına qarşı haqsızlıq olduğunu bildirdi: “Bir çox qadınlarımız İraqda universitet məzunu olduqları halda gözdən kənarda saxlanılıblar. Amma özəlliklə türkmən qadınları ayrı-seçkiliyə məruz qalırlar”.

   Azərbaycandan gəlmiş ekspert, hüquqşünas Sədaqət Paşayeva böyük şairimiz Nizaminin qadın hökmdarlar mövzusunda çox uğurlu əsərlər yazdığını diqqətə çatdırdı: “Bu, türkün qadınına olan dəyərinin çox gözəl səviyyəsidir. Yazılan və yazılmayan tarixlərdən görürük ki, qadınlarımız təkcə ailədə deyil, dövlət idarəetməsində də mühüm rol oynayırlar. Düzdür, bu gün bəzi problemlər var. Ailədə şiddət mövzusu ilə bağlı qanunlar qəbul olunsa da, əhatəli deyil. Ailə cəmiyyətin ilk sosial kürsüsüdür. Ailə heç kəsin xüsusi sahəsi deyil. Bu mövzuda həm Azərbaycanda, həm Türkiyədə ciddi görməyə ehtiyac var. Ailədə qadın və kişi öz vəzifələrini tam olaraq bilməli və tətbiq etməlidir”.

   Qırğızıstandan türk dilləri və ədəbiyyatı üzrə professor Gülzura Cumakunova isə bildirdi ki, bir ölkənin qadınlarından bəhs etmək o ölkənin əhalisinin ən az yarısından, ya da Qırğızıstan kimi ölkələrdə yarısından çoxundan bəhs etmək deməkdir: “Əgər bir ölkənin yarısından çoxu sakit, rahat, xoşbəxtdirsə, qadın haqları qarşı tərəfdən tapdalanmırsa, demək, o ölkədə ədalətdən danışıla bilər. Ailə kiçik dövlətdir. Analar sıxıntısız bir şəraitdə yaşayırsa, onların bu ruh halı ailə fərdlərinə, bununla da bütün sosial cəmiyyətə müsbət təsir yaradır”.

   Tədbir maraqlı fikir mübadiləsi ilə başa çatdı.

  

   Mehparə Sultanova

   Ankara

 

Mədəniyyət.- 2017.- 10 mart.- S.10.