Azərbaycan teatrına bağlı ömür

 

 

 

   10 mart - Milli Teatr Günü bu sahədə iz qoymuş sənətkarları yada salmaq üçün əlamətdar vəsilədir. Bu yazıda ötən əsrin birinci yarısında Azərbaycanda teatr sənətinin inkişafına töhfələr vermiş rusiyalı rejissor, respublikamızın Xalq artisti Aleksandr Tuqanov haqqında söhbət acacağıq.

   Aleksandr Aleksandroviç Tuqanov 31 mart 1871-ci ildə Moskvada dünyaya göz açıb. İlk aktyorluq addımını həvəskar bir dəstədə atıb. İstedadlı gənc kimi tanındıqdan sonra Moskvanın Korş teatrına dəvət olunub. Bu kollektivlə ayrı-ayrı vaxtlarda Rusiyanın Tula, Hacıtərxan, Nijni Novqorod, Yaroslav, Voronej şəhərlərində, o cümlədən Bakıda və Riqada maraqlı tamaşalar təqdim ediblər.

   Mənbələrdə göstərilir ki, A.Tuqanovun Azərbaycan teatrı ilə ilk tanışlığı hələ 1898-ci ildə Moskvanın Korş teatrı truppasının Tiflisə səfəri zamanı olub. O, 1912-ci ildə daimi işləmək üçün Tiflisə gəlir. Burada rus teatrında işə başlayır. Həmin vaxtlar Azərbaycan ziyalılarının “Müsəlman teatr cəmiyyəti” “Zubalov xalq evi”ndə tamaşalar göstərib. Ancaq həmin il TiflisinŞeytanbazar” məhəlləsində azərbaycanlı aktyorlar üçünAuditoriya” adlı teatr binası tikilir. A.Tuqanov burada göstərilən tamaşaları izləyir və Azərbaycan teatrına möhkəm tellərlə bağlanır.

   Rejissor bu haqda xatirələr kitabında yazırdı: Zubalov xalq evi”ndə baxdığım tamaşalar başqa xalqların milli tamaşaları ilə eyni səviyyədə, böyük bir məktəb təsiri bağışlayırdı. Burada on bir bölmə çalışırdı. Hər millətin tamaşası öz doğma dilində səhnəyə qoyulurdu... Bu tamaşalar məni Azərbaycan teatrı və onun üzvləri ilə əsaslı şəkildə yaxınlaşdırdı. Peşəkar teatr olmasa da, buradan sonralar böyük aktyorlar çıxdı: Sidqi Ruhulla, Mustafa Mərdanov, Əli Qurbanov, Mirseyfəddin Kirmanşahlı və başqaları... O zamanlar ağlıma da gəlməzdi ki, Azərbaycan teatrına belə yaxından bağlanacam. Yaradıcılığımın ən qaynar, hərarətli illərini ona həsr edəcəm”.

   Tiflisdə müxtəlif truppalarda çalışan azərbaycanlı teatr həvəskarları 1922-ci ildə Azərbaycan Dram Teatrını yaradırlar. Kollektivlə əvvəldən müxtəlif truppalarda yaradıcılıq ünsiyyəti olan A.Tuqanov bir il sonra teatra baş rejissor təyin edilir. Onun teatrda ilk işi Ş.Saminin “Dəmirçi Gavə” pyesinin tamaşası olur. Ardınca MolyerinJorj Danden”, Ə.Haqverdiyevin “Dağılan tifaq”, M.F.Axundzadənin “Hacı Qara”, F.ŞillerinQaçaqlar”, “Məkr və məhəbbət” və U.ŞekspirinOtello” pyeslərini yeni quruluşda tamaşaya hazırlayır. Burada onun rejissorluğu ilə həmçinin C.Cabbarlının “Aydın”, “Oqtay Eloğlu”, Hüseyn CavidinŞeyda”, “İblis”, “Şeyx Sənan” və digər müəlliflərin əsərləri səhnələşdirilir.

   Azərbaycanın Xalq artisti Mustafa Mərdanov xatirəsində Tuqanovun hələ Tiflis Azərbaycan Dram Teatrına baş rejissor təyin olunmamışdan öncə də bu teatrda tamaşa hazırladığını qeyd edir: “1922-ci ildə C.Cabbarlının “Ədirnənin fəthi”ni hazırlayırdım. Əsərdə baş rolu - Harisi özüm oynayacaqdım. Tamaşanın daha yaxşı hazırlanması üçün Tiflis Dövlət Rus Teatrının baş rejissoru A.Tuqanovu “Ədirnənin fəthi”nə quruluş verməyə dəvət etdik. O, əsəri yüksək səviyyədə tamaşaya qoydu”.

   A.Tuqanov burada sənət yanğılı insanları yüksək qiymətləndirir, əsl teatr yaratmaq, güclü kadrlar yetişdirmək üçün bütün gücünü səfərbər edir. Orijinal pyeslərin, Azərbaycan səhnəsi üçün yeni olan klassik əsərlərin tamaşaya qoyulması və aktyorların fərdi yaradıcılıq xüsusiyyətlərini üzə çıxmasına şərait yaradır. Gürcüstanın Xalq artisti İbrahim İsfahanlı bütün bu işlərdə onun ən yaxın köməkçisi olur.

   Həmin vaxtlar Tiflisdəki Azərbaycan teatrının uğurları Bakı teatr ictimaiyyətinin də diqqət mərkəzində olur. A.Tuqanov 1924-cü ildə Bakıya dəvət olunur. Həmin ilin iyununda o, Akademik Dram Teatrına baş rejissor təyin edilir. Rejissor yeddi ildən çox bu kollektivə rəhbərlik edir.

   Görkəmli sənətkar Azərbaycan Dövlət Dram Teatrında çalışarkən böyük dramaturq C.Cabbarlı ilə daha sıx yaradıcılıq əməkdaşlığı edib, müəllifin “Ədirnənin fəthi”, “Aydın” və “Oqtay Eloğlu” pyeslərinə quruluş verib. O, xatirələrində yazır: “Dövri mətbuat bizim işimizə dostcasına, nikbin baxırdı. Əməyimiz hədər getmirdi, birgə işimizin elə ilk çağları, ilk mövsüm göstərdi ki, müstəqil yolla irəliləyən Azərbaycan teatrı yaşamağa qadirdir”.

   Rusiyalı rejissor 1931-ci ildə kollektivdən ayrılır və Qroznı şəhərində teatrda çalışır. 1935-ci ildə o yenidən Azərbaycan Dövlət Dram Teatrına dəvət olunur. İki il burada çalışır, sonra yeri Gənc Tamaşaçılar Teatrına dəyişilir. Eyni zamanda OperaBalet Teatrında, Dövlət Rus Dram Teatrında əsərlərə quruluşlar verir. O həm də səhnə sənətinin gənc nəsillərə çatdırılması sahəsində fəaliyyət göstərib. Əvvəlcə Bakı Teatr Məktəbində, 1945-ci ildən Teatr İnstitutunda aktyorrejissor sənətindən dərs deyib.

   Azərbaycan teatrının inkişafında xidmətləri yüksək qiymətləndirilən rejissor 1936-cı ildə Xalq artisti fəxri adına layiq görülüb. Aleksandr Tuqanov 6 mart 1960-cı ildə Bakıda vəfat edib.

  

   Savalan Fərəcov

 

 

Mədəniyyət.- 2017.- 10 mart.- S.15.