Gənc rəssamın rənglər aləminin “Transformasiya”sı
Martın 14-də “1969 qalereyası”nda gənc rəssam Həmid Məhərrəmovun
“Transformasiya” adlı fərdi sərgisinin açılış mərasimi
keçirildi.
Mədəniyyət və Turizm
Nazirliyinin dəstəyi
ilə baş tutan sərgidə rəssamın minimalizim və ekspersiya modernizm janrında 20-yə
yaxın əsəri sərgilənir.
Tədbirdə çıxış edən mədəniyyət
və turizm nazirinin müavini Ədalət Vəliyev bildirdi ki, rəssam
özündə müasir
Azərbaycan incəsənətinin
xarakterik cəhətlərini
əks etdirir. Qeyd etdi ki, Azərbaycan
Dövlət Rəssamlıq
Akademiyasında Xalq rəssamı Böyükağa
Mirzəzadədən və
Əməkdar rəssam
Fərman Qulamovdan sənətin sirlərini öyrənməsi Həmid
Məhərrəmovun yaradıcılığının
formalaşmasına öz
müsbət təsirini
göstərib. Vurğulandı
ki, rəssamın yağlı boya ilə çəkilmiş
“İçərişəhər”, “20-ci ölçü”, “Göy
türk”, “Şaman”, “Reinkarnasiya”, “Kəndin mənzərəsi”, “Osmanlı
padşahı gənc
Osman”, “Quba mənzərəsi” kimi tabloları bədii-estetik
tutum baxımdan diqqətçəkən sənət
nümunələridir.
Nazir müavini çıxışının
sonunda ilaxır çərşənbə münasibətilə
tədbir iştirakçılarını
təbrik etdi, rəssama gələcək
fəaliyyətində uğurlar
arzuladı.
Azərbaycan Rəssamlar İttifaqının
katibi, Xalq rəssamı Ağəli
İbrahimov sərgi müəllifinin öz daxili aləminin obrazlarını vizuallaşdırması
və mücərrəd
tamaşaçı ilə
dialoq qurmasından bəhs etdi. Bildirdi ki, rəssam daha çox daxili aləmin simvollarının rasional dərki üçün
minimal cəhd göstərməklə,
şüuraltı obrazları
və görüntülərin
ilkin formasını saxlamaqla tamaşaçıya
təqdim edir.
Tədbir iştirakçıları daha
sonra sərgi ilə tanış
oldular.
Qeyd edək ki, Həmid Məhərrəmov 1980-ci ildə Salyan rayonunda rəssam ailəsində dünyaya göz acıb, sənətə olan həvəsi də bu mühitdə yaranıb. Rayon Rəsm qalereyasında sənətin sirlərini öyrənib, orta məktəbdə oxuyarkən sərgilərdə iştirak edib. Sonra Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində və ADRA-nın Rəngkarlıq fakültəsində təhsil alıb. 2001-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Əsərləri Polşa, Türkiyə, Gürcüstan və Fransada şəxsi kolleksiyalarda saxlanılır.
Fariz Hüseynov
Mədəniyyət.- 2017.- 15 mart.-
S.2.