Milli teatr günü: zamanı keçməyən sənətin
bayramı
Elə bayramlar var ki, peşə bayramı çərçivəsini çoxdan aşıb. Əslində, bu bayramlar iki qismə ayrılır. Sırf peşənin özü ilə bağlı olanlar - məsələn, Tibb işçiləri günü, Müəllim günü. Bir də var sahənin özü ilə bağlı bayramlar - Milli kino günü, Milli teatr günü... Bu sadalamanı elə buradaca dayandırmağa dəyər. Çünki söhbətimiz Milli teatr gününün necə qeyd edilməsi barədədir.
Martın 10-da Azərbaycan peşəkar milli teatrının yaranmasının 144-cü ildönümü müxtəlif tədbirlərlə qeyd olundu. Bu silsilədən əsas tədbir Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət və İncəsənət Universiteti ilə birgə keçirdiyi konfrans və təltiflərlə yadda qalan bayram mərasimi oldu.
«Zaman və teatr» mövzusunda elmi-praktik konfransı giriş sözü ilə ATXİ-nin sədri, Xalq artisti Azər Paşa Nemət açaraq toplaşanları təbrik etdi, hər kəsə sənət uğurları arzuladı. Bu il həm də ATXİ-nin sələfi olan Artistlər İttifaqının 120 yaşının tamam olduğunu qeyd edən sədr yubiley münasibətilə digər tədbirlərin keçiriləcəyini vurğuladı. Bildirdi ki, ötən illər ərzində Azərbaycan peşəkar teatr məktəbi əxlaqi-mənəvi keyfiyyətlərə yiyələnməklə vətənpərvər ruhlu sənətçilərin formalaşmasında böyük rol oynayıb. Azərbaycan teatrına diqqət və qayğıdan danışan natiq qeyd etdi ki, son illərdə onlarla sənət adamına dövlət başçısının sərəncamları ilə fəxri adlar verilib. Hər il 100 nəfər sənət xadimi Prezident təqaüdünə layiq görülür, bu sahədə çalışanların sosial qayğısı öz həllini tapır.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev son illər ölkənin teatr həyatında baş verən yeniliklərdən, milli teatrın inkişafına dövlət qayğısından söz açdı. Ulu öndər Heydər Əliyevin milli mədəniyyətə və incəsənətə daim böyük diqqət göstərdiyini xatırlayan nazir müavini bu xətti Prezident İlham Əliyevin uğurla davam etdirdiyini vurğuladı. Bildirdi ki, 2006-cı ildə «Teatr və teatr fəaliyyəti haqqında» qanununun qəbul olunması ölkədə teatr sahəsinin prioritetlərini və inkişaf mərhələsini əks etdirirsə, ölkə başçısının «Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında» sərəncamı, eləcə də «Azərbaycan teatrı 2009-2019-cu illərdə» Dövlət proqramı bu sənət sahəsinə verilən əhəmiyyəti sübuta yetirir. Son 11-12 il ərzində ölkə teatrlarında 1000-dən artıq tamaşanın 250-nin dövlət sifarişi ilə hazırlanması, teatrlarımızın 30-dək ölkədə çıxış etməsi, artıq ənənə halını almış beynəlxalq teatr konfranslarına, teatr festivalına ev sahibliyi etməyimiz Azərbaycanın dünyada teatral ölkə kimi tanınmasını şərtləndirir. Azərbaycan teatrları beynəlxalq teatr təşkilatlarının üzvüdür, Teatr Xadimləri İttifaqı və teatr tənqidçiləri də müvafiq beynəlxalq qurumlarda təmsil olunurlar.
Sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyeva konfrans iştirakçılarını təbrik etdi.
Giriş sözü və təbriklərdən sonra məruzələr dinlənildi. Əməkdar incəsənət xadimləri İlham Rəhimli «Zaman və teatr», Məryəm Əlizadə «Teatr prosesi: zamanın hərəkəti», Aydın Talıbzadə «Problematik teatrın zamanı - teatr epoxasının sonu kimi» məruzələrində çağdaş Azərbaycan teatrındakı aktual məsələlərdən bəhs etdilər. Sənətşünaslıq üzrə fəlsəfə doktoru Vidadi Qafarovun «Teatrın zamanı, zamanın teatrı», ADMİU-nin doktorantı Aidə Qafarovanın «Teatr Xadimləri İttifaqı zamanın müstəvisində» adlı məruzələri də maraqla qarşılandı.
* * *
Qısa fasilədən sonra Milli teatr gününün ən maraqlı məqamları yetişdi. Bayramsayağı bəzədilmiş Aktyor evinin foyesinə toplaşanlar öncə iri ekranda Azərbaycan teatr tarixinin ən şərəfli məqamlarını əks etdirən videofilmlə qarşılaşırdılar. Sanki yadigar lentlərdə siması, sənəti əbədiləşmiş görkəmli sənətkarlarımız da bu günü bizimlə qeyd edirdilər.
Azər Paşa müəllim konfransdan daha geniş bir ortama toplaşmış hər kəsi salamlayaraq, Mədəniyyət və Turizm Nazirliyi Kollegiyasının qərarı ilə «Fəxri mədəniyyət işçisi» döş nişanı və fəxri fərmanları təqdim etmək üçün nazir müavini Ədalət Vəliyevi mikrofon qarşısına dəvət etdi.
Nazir müavini əvvəlcə dövlət başçısının 9 mart tarixli sərəncamı ilə fəxri adlara layiq görülmüş teatr xadimlərini təbrik etdi. Aktyorlar Elnur Hüseynov, Mövsüm Hüseynov, Nurlan Rüstəmov, Aynur Əhmədova, Azər Kərimov, rejissor İradə Gözəlova, rəssamlar Nabat Səmədova, Əntiqə Bədirova, Afiq Məmmədov, teatr direktoru Səxavət Məmmədov «Fəxri mədəniyyət işçisi» döş nişanı ilə təltif edildilər. Aktyorlar Səidə Quliyeva, Sonaxanım Mikayılova, Gülsabah Quliyeva, Mehriban Xanlarova, Əlvida Cəfərov, Novruz Əliyev, Əfqan Sultanov, orkestr artisti Zakir Dadaşov, rejissor Vaqif Əsədov və direktor Hikmət Nəbilinin fəaliyyəti isə fəxri fərman ilə qiymətləndirildi.
Nazirliyin təltiflərindən sonra növbə Teatr Xadimləri İttifaqına çatdı. İdarə heyətinin qərarı ilə SSRİ xalq artistləri Fərhad Bədəlbəyli və Fidan Qasımova ittifaqın fəxri üzvü və «Sənətkar» medalı ilə təltif edildilər. Azərbaycan teatrının uğurlarında müstəsna xidmətlərinə görə xalq artistləri Amaliya Pənahova, Bəxtiyar Xanızadə, Vaqif Əsədov, Gülcahan Güləhmədova-Martınova, Səidə Quliyeva, Məleykə Əsədova, əməkdar artistlər Gülsabah Quliyeva, Əfqan Sultanov, Sonaxanım Mikayılova, Firəngiz Babayeva, Boris Qrafkin, «Günay» Uşaq teatrının bədii rəhbəri Larisa Tarusova, Azərbaycan Televiziyası Ədəbi-bədii dram verilişləri redaksiyasının baş redaktoru Sadıq Elcanlı «Sənətkar» medalı ilə təltif edildi. Daha on nəfər aktyor, sənətşünas, pedaqoq isə TXİ-nin fəxri fərmanlarına layiq görüldü.
* * *
...Beləcə, daha bir Milli teatr günü geridə qaldı. Peşəkar teatrımız 145-ci yaşına qədəm qoydu. Yurdumuzda ən gözəl fəslin - baharın gəlişi günlərində yaranmış milli teatrımıza sənət eşqi, yaradıcılıq uğurları arzulayırıq. Sənət baharımız həmişəyaşıl olsun!
Gülcahan
Mirməmməd
Mədəniyyət.- 2017.- 15 mart.-
S.5.