“Arşın
mal alan” - 100” kitab-kataloqunun təqdimatı
Martın 10-da Üzeyir Hacıbəylinin
ev-muzeyində muzeyin təşəbbüsü və
Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə işıq üzü görən “Arşın
mal alan” -100” adlı kitab-kataloqun təqdimatı oldu.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, Əməkdar incəsənət
xadimi Sərdar Fərəcov “Arşın
mal alan” operettasının 100 illik
tarixini əks etdirən bu kataloqun bütövlükdə
musiqisevərlər, xüsusilə
Üzeyir Hacıbəyli
yaradıcılığı ilə maraqlananlar üçün nəzərdə
tutulduğunu bildirdi. Qeyd etdi ki,
kitabda ölməz əsərin yazılması
ilə bağlı Üzeyir Hacıbəylinin
xatirələri, qeydləri,
əlyazmaları, müxtəlif
teatrların afişaları,
elanlar, dəvətnamələr,
fotoşəkillər və
s. materiallar toplanıb:
“Nəşrdə əsasən
Ü.Hacıbəylinin ev-muzeyinin
fondunda qorunub saxlanılan materiallardan istifadə olunub. Üç yarımbaşlıqla tərtib
olunan kitab-kataloq “Şərq-Qərb” nəşriyyatında
yüksək poliqrafik
keyfiyyətlə çap
olunub. Əminik ki, kitab - kataloq oxucuda əsərin 100 illik tarixi barədə geniş və maraqlı təsəvvür
yaradacaq”.
Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, əməkdar incəsənət xadimləri Zemfira Qafarova, İmruz Əfəndiyeva, Hafiz Quliyev, Əməkdar jurnalist İttifaq Mirzəbəyli çıxışlarında Azərbaycan və dünya musiqi mədəniyyətinə böyük töhfələr vermiş Üzeyir Hacıbəylinin milli, eyni zamanda yaradıcılığı ilə gələcəyə yollar açan novator sənətkar olduğu diqqətə çatdırıldı. Qeyd edildi ki, dahi bəstəkarın hər bir əsəri mədəni həyatımızın hadisəsinə, bayramına çevrilib.
Tədbirdə muzeyin direktoru, Əməkdar incəsənət xadimi Sərdar Fərəcova Beynəlxalq Eko-Energetika Akademiyasının prezidenti Fəqan Əliyev tərəfindən qurumun fəxri professoru diplomu təqdim edildi.
Çıxışlardan sonra Ü.Hacıbəylinin “Arşın mal alan” operettasından səhnəcik və rəngarəng musiqi nömrələri təqdim edildi.
Savalan Fərəcov
Mədəniyyət.- 2017.- 15 mart.-
S.6.