Görkəmli dirijor, pedaqoq, ictimai xadim
Kamal Abdullayev - 90
Müasir Azərbaycan dirijorları
nəslinə mənsub
olan Xalq artisti, professor Kamal Abdullayev (1927-1997) musiqi mədəniyyətimizin inkişafında
böyük rol oynamış sənətkarlardan
biridir. O, respublikamızda,
eləcə də xarici ölkələrdə
tanınır və sevilirdi. Azərbaycanın və Rusiyanın
musiqi mədəniyyətinin
inkişafına böyük
töhfələr vermişdir.
Kamal Canbaxış oğlu
Abdullayev 1927-ci ildə
Bakıda anadan olmuşdur. 1945-ci ildə
Ü.Hacıbəyli adına Azərbaycan Dövlət konservatoriyası
nəzdində Orta ixtisas musiqi məktəbini viola ixtisası
üzrə (A.A.Qrossmanın
sinfi) bitirmişdir. Musiqiyə olan böyük həvəs onu Azərbaycan Dövlət Konservatoriyasına
gətirir və
1948-ci ildə ali musiqi məktəbini müvəffəqiyyətlə
başa vurur. Öz üzərində daima çalışan Kamal Abdullayev Moskvaya gedir və 1952-ci ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasını
opera-simfonik dirijorluğu
ixtisası üzrə
(prof. L.M.Ginzburqun sinfi) bitirir.
Həmin ildən doğma
Vətənə qayıdaraq
1959-cu ilə qədər
Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrının baş dirijoru vəzifəsində işləmişdir.
Bu illər ərzində
bir sıra klassik rus, Qərbi
Avropa, sovet və eləcə də Azərbaycan operalarına, baletlərinə
səhnə təcəssümü
vermiş, bəzən
də onların ilk təfsirçisi olmuşdur.
Q.Qarayevin “Yeddi gözəl”
və S.Hacıbəyovun
“Gülşən” baletlərində,
C.Cahangirovun “Azad” operasında
onun dirijor kimi əməyini xüsusi qeyd etmək lazımdır.
İlk dəfə onun rəhbərliyi altında Bakıda C.Puççininin “Manon
Lesko”, J.Massnenin “Lakme”, C.Verdinin “Siciliyada axşam ibadəti” (SSRİ-də
ilk dəfə) və
s. əsərləri səslənmişdir.
1959-cu ildə o, Donetsk Opera və
Balet Teatrına baş dirijor dəvət olunur. Burada işlədiyi müddətdə
görkəmli rus bəstəkarları M.Musorqskinin
“Boris Qodunov”, S.Prokofyevin
“Monastırda nikah” operalarını tamaşaya
qoymuşdur. Onu da demək lazımdır
ki, bu operanın
qrammofon yazısına
görə K.Abdullayev
1971-ci ildə Paris səsyazma
firmasının “Böyük
qızıl medalı”na layiq görülmüşdür.
1962-ci ildə Kamal Abdullayev Stanislavski və Nemiroviç-Dançenko
adına Moskva Dövlət Musiqili Teatrına dəvət olunur. Keçmiş Sovet İttifaqında öz yaradıcı səviyyəsinə
görə üçüncü
yerdə olan bu teatrda 8 il baş dirijor vəzifəsində
çalışır. Teatrın
repertuarında özünə
möhkəm yer tutan Z.Kodayın “Xari Yanoş”, A.Nikolayevin “Həyat bahasına”, T.Xrennikovun “Kimsəsiz kürəkən”,
S.Slonimskinin “Virineya”, O.Taktakişvilinin “Üç
həyat” operalarını,
M.Musorqskinin “Sərgidən
şəkillər” baletini
və s. tamaşaya qoymuşdur. 1991-ci ildə SSRİ-də ilk dəfə onun rəhbərliyi altında
Moskva Konservatoriyasının
Böyük zalında
S.Prokofyevin “Yevgeni Onegin” tamaşasına musiqisi ifa olunmuş
və 2 plastinkadan ibarət albom buraxılmışdır.
Kamal Abdullayev Türkiyədə
də çalışmış,
Ankara Opera və Balet Teatrında ilk dəfə
P.Çaykovskinin “Qu gölü”, L.Minkusun “Don Kixot” və s. baletlərin tamaşaya qoyulmasını həyata
keçirmişdi.
Onun səmərəli konsert fəaliyyəti də təqdirəlayiqdir.
Sovet İttifaqının müxtəlif
şəhərlərindəki qastrolları, müxtəlif
ölkələrin opera və
balet teatrlarında böyük uğurla keçən tamaşalar,
xarici ölkələrdə
(Macarıstan, Çexiya,
Slovakiya, Almaniya, Yaponiya və s.) simfonik orkestrləri ilə birgə çıxışları istedadlı
dirijorun yaradıcılıq
uğurlarındandır. Onu da demək lazımdır
ki, harada çıxış etməyindən
asılı olmayaraq, Azərbaycan bəstəkarlarının
(Ü.Hacıbəyli, Q.Qarayev,
F.Əmirov və b.) ən yaxşı əsərlərinin təbliğinə
xüsusi diqqət yetirirdi.
Kamal Abdullayev həmçinin uzun illər Moskvada Qnesinlər adına Rusiya
Musiqi Akademiyasında
opera-simfonik dirijorluğu
sinfində professor kimi
çalışmışdır. Fədakar dirijor və müəllimin yetirmələri
bu gün Rusiya və onun hüdudlarından kənarda müxtəlif musiqi kollektivlərində
fəaliyyət göstərirlər.
K.Abdullayevin bir dirijor və musiqi xadimi kimi ciddiliyi, sənətinə vurğunluğu ona musiqi aləmində böyük nüfuz qazandırmışdır. Uzun illər Moskvada yaşamasına və işləməsinə baxmayaraq Azərbaycan musiqisinə, doğma xalqına qırılmaz tellərlə bağlı olmuşdur, musiqi xadimlərimizlə daimi yaradıcılıq əlaqələrini saxlayırdı. O, dəfələrlə doğma şəhəri Bakıya qastrol səfərlərinə gələrək filarmoniyada və Opera və Balet Teatrında çıxış etmişdir.
Özümü xoşbəxt hiss edirəm ki, mənə Kamal Ablullayevlə tanış olmaq nəsib olub. 80-ci illərdə mən konservatoriyada dekan kimi çalışanda tələbkar musiqiçini dəfələrlə dirijorlara imtahan komissiyasının sədri kimi dəvət edirdik. O, yüksək professional avtoriteti, savadı və erudisiyası ilə, eyni zamanda qəlb təmizliyi və insanpərvərliyi ilə bizim diqqətimizi cəlb edirdi. 1987-ci ildə onun 60 illiyi ilə əlaqədar Azərbaycan Dövlət Filarmoniyasında böyük müvəffəqiyyətlə keçən yaradıcılıq gecəsi respublikanın musiqi həyatında hadisəyə çevrilmişdi. Həmin gecədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri Kamal Abdullayevin ilhamlı dirijorluğu ilə klassik və müasir əsərlərdən bir neçəsini dinləyicilərə təqdim etmiş, konsert musiqisevərlərin xatirəsində dərin iz buraxmışdı. Yadımdadır, simfonik konsert dahi alman bəstəkarı Bramsın III simfoniyası ilə başlamışdı. Dirijorun məharətli təfsirində simfoniya dinləyiciləri alman bəstəkarının romantika ilə dolu lirik-psixoloji aləminə qovuşdurmuşdu. K.Abdullayev Q.Qarayev yaradıcılığına həmişə böyük diqqət yetirirdi, bir çox ölkələrdə onun instrumental əsərlərini musiqisevərlərə təqdim edirdi. Yubiley konsertinin ikinci hissəsində o, Q.Qarayevin “Leyli və Məcnun” simfonik poemasına sanki yeni incə təravət gətirmişdi.
Bu il
Kamal Abdullayevin anadan olmasının 90 illiyidir. Sevindirici haldır ki,
bu münasibətlə
Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Filarmoniyasında xatirə
gecəsi keçiriləcək.
Görkəmli dirijor, Xalq artisti Rauf Abdullayevin
rəhbərliyi altında
böyük simfonik konsert hazırlanır.
Proqrama K.Abdullayevin repertuarından
musiqi nömrələri
salınıb.
Xalqın yaddaşı tarixin
yaddaşı deməkdir.
Dünya
mədəni tarixində
insanlar üçün
ən önəmli yaddaş dəyərli mənəvi və estetik yaddaşdır.
Xoşbəxt o adamdır ki,
o xalqın tarixinə
özünün unudulmaz
izini qoyub və yaddaşlardan silinmir. Görkəmli Azərbaycan dirijoru,
pedaqoqu, ictimai xadim, gözəl insan Kamal Abdullayev
məhz belə şəxsiyyətlərdəndir.
Zemfira Qafarova
Əməkdar incəsənət xadimi,
professor
Mədəniyyət.- 2017.- 15 mart.-
S.10.