Abşeronun tərənnümçüsü
Abşeronun təbiətini, payız aylarında üzümlüklərdə gəzən dəli küləkləri, sahildəki tənha qayıqları, köhnə balıqçı vətəgələrini çox sevirəm
Əməkdar rəssam Həmzə Abdullayevlə Rəssamlar evindəki emalatxanasında söhbətləşdik. Hər bir rəssamın yaradıcılığı haqqında onun özü qədər yaxşı izah verə bilən kimsə yoxdur. Mən də Həmzə müəllimi dinlədim, yaradıcılıq sirlərini öyrənməyə çalışdım.
Həmzə Abdullayev 1946-cı ildə Bakıda anadan olub. 1967-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq Texnikumunu, 1974-cü ildə Moskva Dövlət Poliqrafiya İnstitutunun rəssamlıq fakültəsini bitirib. 1976-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Yerli və beynəlxalq sərgilərin iştirakçısıdır. Əsərləri Türkiyə, Polşa, Almaniya, Rusiya, Ukrayna, Finlandiya və Vyetnamda nümayiş etdirilib, eləcə də azərbaycanlı və xarici sənətsevərlər, müxtəlif muzeylər tərəfindən alınıb.
Rəssam öncə sənətə gəlişindən söz açır: Rəsm çəkməyə lap uşaqlıqdan başlamışam. İncəsənətlə maraqlanan böyük qardaşım dahi italyan rəssamlarının əsərlərinin reproduksiyalarını evə gətirər, mən də qələmlə onların surətini çıxarardım.
Bu həvəs məni sənətə apardı. Moskvada təhsil aldığım illər rəssamlar üçün ağır dövr idi. Moskvada sonralar buldozer sərgisi adını almış sərgini yenicə dağıtmışdılar. Sovet həyat tərzinin təbliği ilə yox, sırf yaradıcılıqla məşğul olmaq istəyənləri formalist adlandırır, əsərlərini sərgiyə buraxmır, sifarişlər vermirdilər. Ona görə bir çox rəssamlar sərgilərini öz evlərində keçirməyə məcbur olurdular.
Mən tez-tez müxtəlif sərgilərə, Moskvanın bütün muzeylərinə gedir, eləcə də Rəssamlar İttifaqının studiyasında rəsmlə məşğul olur, yaşadığım, təhsil aldığım şəhərin sənət adamları - rəssamlar, yazıçılar, musiqiçilər aləminə daha yaxından bələd olmağa çalışırdım. Üçüncü kursda institut məşğələlərinin darıxdırıcı mühitinə dözə bilməyib təhsili yarımçıq qoymaq istədim, amma anamın xahişi ilə qiyabi şöbəyə keçib Bakıya qayıtdım. Yalnız bundan sonra rəngkarlıq və qrafika ilə məşğul olmağa başladım.
H.Abdullayev hələ texnikumda təhsil aldığı illərdə fransız rəssamları ilə maraqlanıb. Müəllimlərin ciddi etirazına baxmayaraq tez-tez dərsləri buraxıb vaxtının çoxunu kitabxanalarda keçirər, Avropa incəsənətinə dair kitablar oxuyar, saatlarla reproduksiyalara baxarmış. Pol Sezan, Anri Matiss, Pablo Pikasso və başqalarının əsərləri ona çox güclü təsir bağışlayardı. Van Qoqun məktubları, onun incəsənət haqqında düşüncələri gənc rəssam üçün yeni dünya yaradırdı. İş prosesində istər-istəməz onları yamsılayardı. Düzdür, illər keçdikcə bu hal ötdü, lakin gözəl fransız rəngkarlığına olan sevgi onda həmişəlik qaldı. Rəssamlıq məktəbində öyrədilən akademizmin əsiri olmamağı da ona fransız rəngkarlıq məktəbi aşılayıb.
Uşaq yaşlarımdan Abşeronu sevirəm. Tez-tez dəniz sahilindəki Buzovna kəndinə gedərdim. Nəhayət, bir bağ evi tutub neçə il orada yaşayıb-yaratdım. O vaxt Buzovna bağlarından birində rəssam Mircavad Cavadov da yaşayırdı. Mircavadla ünsiyyət və onun əsərləri mənim şəxsiyyət kimi yetişməyimdə böyük rol oynadı. Abşeronun sərt təbiətini, payız aylarında üzümlüklərdə gəzən dəli küləkləri, sahildəki tənha qayıqları, köhnə balıqçı vətəgələrini, Bakının və kəndlərin əyri, köndələn küçələrini, balkonlu evlərini çox sevirəm.
Sənətdə öz yolumu, köklərimi tapmaq, fərdiliyə nail olmaq istəyi məni qədim dövr abidələri, Şərq incəsənəti, Azərbaycan xalq tətbiqi sənətini daha dərindən öyrənməyə vadar etdi. Özüm üçün bütün türk çöllərinə səpələnmiş sirli nəhəng daş heykəllərin, Qobustandakı ağ dəvənin gözəlliyini kəşf etdim. Azərbaycan miniatürlərinin, Qacar məktəbi rəssamlarının, qəbirüstü abidələrinin naməlum yaradıcılarının təsvir dili mənə daha aydın oldu. Bu əsərlərdə mən Avropa təsviri sənətindən kəskin şəkildə fərqlənən ifadə vasitələri, başqa üslub gördüm. Bu üslub bir şərqli, türk kimi mənə daha yaxın, doğma idi. Sənətdə milliliyin tərəfdarıyam. Lakin millilik deyəndə mən nə milli naxışları, nə də milli geyimləri nəzərdə tuturam. Bu, qandan gəlməli, genetik yaddaşda əbədi həkk olunmalıdır, - deyə rəssam özünün yaradıcılıq konsepsiyasının bəzi məqamlarını açıqlayır.
O, rəssamlığı həyatının anlamı sayır. Deyir ki, bizi əhatə edən hər şey içərimizdə müxtəlif duyğular oyadır. Əgər bütün bunları kətana köçürmürəmsə, mənim üçün həyatın mənası, yaşamağa olan həvəs də itir. Əgər yaratmıramsa, demək, yaşamıram.
H.Abdullayev: Yaxşı əsər Rembrandtın, Van Qoqun, Əşrəf Muradın, Mircavadın əsərləridir. Bunlar böyük zəhmət, həyatın çox nemətlərindən əl çəkmək bahasına, ürəyin odu ilə yaranmış əsərlərdir. Mircavad haqlı olaraq deyirdi ki, rəngkarlıq məni öldürdü. Bu dahilərin yaratdıqlarında onların ruhları, qayğılı qəlblərinin döyüntüləri yaşayır. Hər bir əsərin mövzusunu uzun müddət qəlbimdə, beynimdə gəzdirir, yetişdirirəm. Kətan üzərində işləyərkən onun dərinliyində gizlənmiş obrazı, mənanı üzə çıxarmağa çalışıram. Həyatı bütünlüklə sevinc və faciə, gözəllik və eybəcərlik kimi təzadlarla göstərmək istəyirəm. Muğam kimi bir əsər yaratmaq ən böyük istəyimdir. Bizim dövrümüzdə bir çox rəssamlar bazar üçün işləyirlər. Mən əsər yaradarkən onu satıb-satmayacağım barədə düşünmürəm. İşləyəndə mən qatı qaranlıqdan işığa doğru can atan adama bənzəyirəm. Can atdığım isə həqiqət işığıdır. Əsər alınıbsa, istədiyimi, öz mahnımı təsvir dilində ucadan oxuya bilmişəmsə, özümü rahat hiss edirəm. Bu isə təsvirolunmaz xoşbəxtlikdir. Həyat ötəridir, sənət əbədi.
Rəssam əsərlərində daha çox milli obrazlara üstünlük verir. Onun obrazlarına baxanda bunların Azərbaycan türkü olduğunu aydınca sezmək olur. Başlıca mövzuları isə Abşeron və onun insanları, motivləridir.
İki gəmi, Şərqdən gələn gəmi, Abşeron, Qumluqda ev, Fayton, Balıqçının evi, Şərq şəhəri, Köhnə qayıq, Qatar, Qırmızı ev, Payız, Sahil, Ümid gəmisi, Dənizə gedən yol əsərlərində Abşeronun ab-havası duyulur. Bu əsərlərdəki boyalar da doğmadır, səmimidir - bölgənin təbiəti kimi.
Rəssamın Tora düşmüş adamlar, Vaxt və adamlar, Qız portreti, Romans axşamı, Dəniz sahilində qız, Güzgü qarşısında, Qadın qavalla, Orkestr, Fənərçi, Karvanbaşı, Sırğalı qız, Qara atlı ovçu, Qırmızı dəvə və s. tablolarında yurdumuzun doğma insanlarını görmək olur. Başlıcası, bu insanlar bizə rəssamın əsərlərində nağıllaşan simalarıyla doğmadır. Ona görə əsərlərdəki gerçəkliyə inanmamaq olmur.
H.Abdullayev Abşeron rəssamlıq məktəbinin tanınmış nümayəndəsidir. O, özünü bu məktəbin ikinci nəslinə aid edir. Deyir ki, adıçəkilən məktəbin rəssamlarının təkcə mövzuları Abşeronla bağlı deyil. Onlar hər mövzuda çəkirlər. Ümumiyyətlə, abşeronçuluq - fərqli yaradıcılıq üslubudur. Bu məktəbin Toğrul Nərimanbəyov, Mircavad Cavadov, Tofiq Cavadov, Rasim Babayev kimi tanınmış nümayəndələri var.
Rəssamın əsərlərində acılı-şirinli uşaqlıq xatirələrindən tutmuş gəncliyin çılğınlığına, qocalığın sanbalına qədər hər şeyi nağıl dili, təsvir ilə görmək mümkündür. Rəssamın Abşeronla bağlı əsərləri Keçib getmiş Abşeron silsiləsinə aiddir. Ona görə getmiş ki, həmin günlər çoxdan tarixə qovuşub, yaşanıb, ortada rəssamın və həmin çağları görmüş insanların xatirəsindən başqa bir şey yoxdur.
Müsahibim uzun illərdir ki, həm də pedaqoji fəaliyyətlə məşğul olur. O, indi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsində gənc nəslə sənətin sirlərini öyrədir. Deyir ki, həqiqi rəssamlıq ilahi vergidir. Tələbələr arasında sənətə barmaqarası baxanlar çoxalsa da, istedadlılar da var.
Rəssam deyir: Əsl sənətkar öz çağını, çağdaşlarını illərlə qabaqlamalıdır. Yoxsa böyük sənət yarana bilməz. Sovet dönəmində iki cür rəssam vardı: məmur rəssamlar, bir də azad rəssamlar. Sovet ideologiyasının istədiyi kimi çəkən, yüksək adlara layiq görülmüş rəssamların çoxu məmur idilər. Öz ürəklərinin hökmüylə əsl yaradıcılıqla məşğul olan rəssamlar Mircavad, Toğrul və başqaları idilər. Rasim Babayev həm dövlət üçün işləyirdi, həm də öz istədiyini çəkirdi. Mircavad milliliyə üz tutan ilk rəssamlarımızdan olub. Abşeron rəssamlıq məktəbi Meksika rəssamlığından çox öyrənib. Mircavad qabaqlar Pol Sezanın təsirində olub. Öz yolunu tapandan sonra köhnə işlərini yandırıb.
Sovet dönəmində rəssamlar çox yaxşı dolanırdılar. Onda kompüter yox idi, ona görə bütün işləri rəssamlar görürdülər. Mən uzun illər kitab qrafikası sahəsində çalışmışam, Yazıçı nəşriyyatında baş rəssam olmuşam. Dolanışıq çox yaxşı idi. Bu gün də sənət məni yaşadır. Rəsm çəkməsəm, məhv olaram.
S.Qaliboğlu
Mədəniyyət.- 2017.- 15 mart.-
S.12.