“Sağlığında qiymət verin insanlara

 

   Xalq şairi Cabir Novruzun xatirəsi yad olunub

  

   Martın 13-də Bakıdakı 53 nömrəli tam orta məktəbdə Xalq şairi Cabir Novruzun xatirəsinə həsr olunmuş “Sağlığında qiymət verin insanlara” adlı tədbir təşkil olunub.

   Cabir Novruz Mədəniyyət Fondunun, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Yasamal Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə reallaşan tədbirdə məktəbin direktoru Firəngiz Həsənova çıxış edərək unudulmaz şairin həyat və yaradıcılığından danışıb.

   Bildirilib ki, C.Novruz ədəbiyyat aləminə gəldiyi ilk illərdən yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən şeirləri ilə oxucuların dərin məhəbbətini qazanıb. Onun sözlərinə bəstələnmiş çoxsaylı mahnılar musiqisevərlər tərəfindən həmişə böyük rəğbət və sevinclə qarşılanıb.

   Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəisi Məhəbbət Vəliyeva şairin zəngin yaradıcılığından bəhs edib. Vurğulanıb ki, şairin əsərləri dünyanın müxtəlif xalqlarının dillərinə tərcümə edilərək nəşr olunub. Eyni zamanda onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyasının bir sıra qiymətli nümunələri ilə tanış olub.

   Şagirdlər şairin şeirlərini oxuyub, tanınmış və gənc ifaçılar isə C.Novruzun sözlərinə bəstələnmiş mahnıları səsləndiriblər. Sonda şairin şeirlərini qiraət edən şagirdlər mükafatlandırılıb.

 

Mədəniyyət.- 2017.- 15 mart.- S.13.