Milli məfkurə daşıyıcısı

 

 

   Cənubi Azərbaycanda xalq yaddaşı örnəklərinin toplanılması və nəşri sahəsində xidmətləri olmuş ziyalılardan birifolklorşünas alim Məhəmmədəli Fərzanədir.

   1923-cü ildə Təbrizdə anadan olan M.Fərzanə mədrəsədə təhsil alıb. Klassik ədəbiyyata, xüsusilə görkəmli şair Qövsi Təbrizinin yaradıcılığına böyük maraq göstərib, “Qövsi” təxəllüsü ilə şeirlər yazıb. O həm də şifahi xalq ədəbiyyatının vurğunu olub. Alim xatirələrində qeyd edir ki, folklora bağlılığında anası xüsusi rol oynayıb: “Anam savadlı olmasa da, sinəsi tükənməz söz xəzinəsi idi. Ağlasığmaz qədər nağıl, dastan, bayatı, tapmaca, qoşma, gəraylı və daha nələr bilirdi”.

   İkinci Dünya müharibəsi illərində SSRİ ordusu İranda olduğu zaman sovet Azərbaycanından çox sayda ziyalı Təbriz şəhərinə gedir. Qısa vaxt ərzində burada mədəniyyət müəssisələri yaradılır, Azərbaycan dilində qəzet və jurnallar nəşr olunur. M.Fərzanə təşkil olunan tədbirlərdə yaxından iştirak edir. OnunFüzuli lirikasına bir baxış” və “Divani-lüğət-it-türk” əsərində atalar sözü və məsəllər” elmi araşdırmaları “Vətən yolunda” qəzetində dərc olunur. O, eyni zamanda qəzetdə S.Vurğun, S.Rüstəm, R.Rza, Ə.Məmmədxanlı, M.Rahim, M.İbrahimov, C.Xəndanın şeir və məqalələri ilə tanış olur. Bu müəlliflərin bəziləri ilə şəxsən tanış olur. Qəzetin nəzdində yaradılan “Şairlər məclisi”nin fəal üzvlərindən birinə çevrilir.

   M.Fərzanənin ən məhsuldar yaradıcılığı isə 1945-46 illərə - Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə Milli hökumətin fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Bu vaxt onun mətbuatda ana dilində 40-a yaxın elmi-publisistik məqaləsi dərc olunur.

   1945-ci ildə müharibə başa çatdıqdan sonra sovet ordusu İranı tərk edir. Milli hökumətin əsgəri birlikləri, tərəfdarları köməksiz qalır, şah qoşunları tərəfindən onlara divan tutulur. M.Fərzanənin əqidə məslək dostlarının bir çoxu həbs olunur. Bəzi ədib ziyalılar isə Şimali Azərbaycana mühacirət edir. O isə həyatı təhlükə altında olsa da, Təbrizdə qalmağa üstünlük verir.

   Şah məmurları Milli hökumətə aid varsa hamısını məhv etməyə çalışırlar. Azərbaycan dilində olan sənədlər, kitab, qəzet jurnallar yandırılır. M.Fərzanə çalışdığı kitabxanada Azərbaycan dilində olan kitablar anbara yığıldığı zaman Məhəmmədəli Tərbiyətin bağışladığıKitabi-Dədə Qorquddastanını götürməyə nail olur. Kitabxanadakı işindən ayrılır bir müddət Təbrizdə gizli yaşayır. Yaradıcılıqla məşğul olur, “Ana dilimiz varlığımız uğrunda mübarizələradlı kitabını yazır. Kitabda Milli hökumət dövründə ana dilinə göstərilən qayğıdan başına gətirilən müsibətlərdən geniş söhbət açır...

   Şah rejimi gücləndikcə azadfikirlilərə qarşı təzyiqlər artır. O, 1950-ci ildə həbs olunur. İki il zindanda qalır. Azad olduqdan sonra yaradıcılığını davam etdirir. Təzyiqlərdən xilas olmaq üçün 1954-cü ildə Tehrana köçür. Burada müxtəlif nəşriyyatlarda çalışır, ədəbi nümunələrimizi fars dilinə tərcümə edir.

   Tədqiqatçı Əli Şamil yazır ki, M.Fərzanə Azərbaycan şifahi xalq ədəbiyyatı, folklor məsələləri üzərində yorulmadan, ardıcıl tədqiqatlar aparıb. O, məqalələrində əsasənKitabi-Dədə Qorqud”, “Koroğlu”, “Qaçaq Nəbi”, “Aşıq Qəribdastanları haqqında məlumat verib, onların süjet xəttini, mövzu dairəsini, baş qəhrəmanlarının xarakterik xüsusiyyətlərini geniş təhlil edib. O, eyni zamandaKitabi-Dədə Qorquddastanından bir neçə boyu çap etdirib.

   M.FərzanəninMəhəmmədhüseyn ŞəhriyarınHeydərbabaya salammənzuməsinin bədii xüsusiyyətləriməqaləsi, şair SəhəndinSazımın sözükitabına yazdığı Azərbaycanca farsca müqəddimə dərc olunub, maraqla qarşılanıb.

   Müxtəlif maneələrə baxmayaraq, uzun illər üzərində işlədiyi, maraqlı ön söz yazdığıBayatılar ikicildlikAzərbaycan dilinin qrammatikasıkitabları 1964-cü ildə işıq üzü görür. HəttaAzərbaycan dilinin qrammatikasıkitabı alman dilinə tərcümə olunur.

   O həmçinin qardaşı Yusiflə TehrandaFərzanənəşriyyatını yaradır. NəşriyyatdaKitabi-Dədə Qorqud”, C.Məmmədquluzadənin xatirələri novellaları, M.Şəhriyarın şeirləri, “Heydərbabaya salampoeması, M.Ə.SabirinHophopnamə”sinin yeni nəşri, Ə.BabayevanınHaradasan, dost, haradasan”, Ə.NesininBelə gəlmiş, belə getməz”, “Molla Nəsrəddin lətifələri”, “Azərbaycanın el sözləri”, “Atalar sözləri, məsəllər deyimlər”, “Azərbaycan ədəbiyyatı antologiyası”, “Dilimizin fonetik sözlüyü”, “Azərbaycanın əsas inciləri s. kitabları işıq üzü görür.

   M.Fərzanə 1992-ci ildə Bakı Dövlət Universitetinin fəxri doktoru seçilir. Ürək xəstəliyindən əziyyət çəkdiyinə görə 1998-ci ildə müalicə üçün İsveçə gedir. Bir müddət orada yaşayır 17 yanvar 2006-cı ildə vəfat edir.

  

   Savalan Fərəcov

 

Mədəniyyət.- 2017.- 15 mart.- S.15.