Yurdumuza bahar gəlir” sərgisinin açılışı keçirildi

 

 

   Martın 16-da Xətai Sənət Mərkəzində (XSM) Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Rayon İcra Hakimiyyəti ilə birgə keçirilən “Yurdumuza bahar gəlir” adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi açıldı.

   Sərgini giriş sözüylə XSM-in direktoru Zahid Əvəzov açaraq iştirakçıları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etdi, tədbir haqqında bilgi verdi. Vurğuladı ki, rəhbərlik etdiyi qurum uşaq rəssamlığının inkişafına xüsusi diqqət ayırır, mütəmadi sərgi və müsabiqələr təşkil edir.

   Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı, sənətşünas Samir Sadıqov sərginin uşaqların milli adət-ənənələrimizin qorunmasında, onlara diqqətin artırılmasında mühüm rol oynadığını bildirdi.

   Rəssam Soltan Soltanlı sərgilənən rəsmlərin içərisində uşaq fantaziyası ilə yaradılan və səmimiliyi ilə seçilən işlərin olduğunu söylədi.

   Lahıcdan gəlmiş tətbiqi sənət ustası Hacı Yusif Kamiloğlu uşaqların sənət dünyasının həyatımızı gözəlləşdirdiyini vurğuladı.

   XSM-in rəsm studiyasının rəhbəri, rəssam Əbdül Şərifov belə sərgilərin bədii, mənəvi təsirini yüksək dəyərləndirdi.

   Sonra oğlan və qızlardan ibarət “Azəri igidləri” rəqs qrupunun çıxışları oldu.

   Bildirək ki, Novruz bayramı münasibətilə elan olunmuş respublika uşaq rəsm müsabiqəsində paytaxtdakı Tofiq İsmayılov adına 6 nömrəli məktəb-lisey, Lənkəran şəhəri Əsəd Əsədli adına Rəssamlıq Məktəbi, “Təkəlduz” rəsm dərnəyi, Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, “Elif” Tədris Mərkəzi və “Xətai” Uşaq Rəsm Yaradıcılıq Studiyası fəallıq göstərib, eləcə də Qax və Qəbələ rayon məktəbliləri, Bakı və ətraf kəndlərin müxtəlif məktəblərindən 370-dən çox uşaq 450-dək əl işi ilə tədbirə qatılıb. Sərgidə 165 uşağın 182 əsəri nümayiş olunur. Rəsmləri sərgilənən hər bir iştirakçıya diplomlar təqdim edildi.

  

   S.Qaliboğlu

 

 

Mədəniyyət.- 2017.- 17 mart.- S.2.