Bakıda ilk dəfə Ticarət festivalı keçiriləcək
Mətbuat konfransında 10 aprel - 10
may tarixlərini əhatə
edəcək festival haqqında
ətraflı məlumat
verildi
“İnanırıq
ki, “Baku Shopping Festival” yaxşı
əks-səda doğuracaq”
Martın 16-da “Four Seasons” hotelində Bakıda təşkil ediləcək Ticarət festivalına (“Shopping festival”) həsr
olunmuş mətbuat konfransı keçirildi.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, digər aidiyyəti qurumların rəsmiləri iştirak edirdi.
Nazir Əbülfəs Qarayev çıxış
edərək bildirdi ki, Azərbaycanda qeyri-neft sektorunun, xüsusilə də turizmin inkişafına xüsusi diqqət yetirilir, dövlət tərəfindən bu istiqamətdə mühüm
işlər görülür.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında”
1 sentyabr 2016-cı il tarixli sərəncamı ilə
əlaqədar olaraq bu sahədə bir sıra tədbirlər
həyata keçirilir.
Azərbaycan Turizm Şurasının
ilk layihəsi
Vurğulandı ki, aprelin
10-dan mayın 10-dək keçiriləcək
“Baku Shopping Festival” dövlət başçısının qeyd
olunan sərəncamı
ilə yaradılan Azərbaycan Turizm Şurasının ilk layihəsidir.
Hər il
keçirilməsi nəzərdə
tutulan festival turizmin inkişafı üçün
yeni bir mərhələnin başlanması
deməkdir: “Ticarət
festivalı beynəlxalq
təcrübəyə əsaslanaraq
reallaşacaq. Tədbirin keçirilməsi
təkcə ticarət
deyil, ölkəmizin adət-ənənələri və
tarixini tanıtmaq baxımından da öz müsbət tərəfləri ilə
seçiləcək. “Baku
Shopping Festival” Qafqazda və
Orta Asiyada ilk təcrübə kimi tarixə yazılacaq”.
Əbülfəs
Qarayev qeyd etdi ki, hər
bir ölkənin özünəməxsus turizm
istiqaməti var: “Azərbaycanın strateji mövqeyini nəzərə
alaraq biz real olaraq ticarət amilinin ölkəmizə kifayət
qədər müsbət
təsir göstərə
biləcəyinə inanırıq.
Dünya
Turizm Təşkilatının
rəqəmlərinə nəzər
salanda görürük
ki, şopinq dünya turizm axınına 30-40 faiz təsir göstərir”.
Qeyd olundu ki,
festival çərçivəsində əcnəbilərlə yanaşı,
Azərbaycan vətəndaşları
da “Tax-free” sistemindən
istifadə edə biləcəklər və
bu, dünya təcrübəsində bir
ilkdir. Festivala bir çox
qonşu ölkələrdən
də maraq var. Bu ölkələr sırasında
Rusiya, Qazaxıstan, Birləşmiş Ərəb
Əmirlikləri, İran,
Türkiyə və digərlərini göstərmək
olar.
Nazir diqqətə çatdırdı
ki, festivalın əsas məqsədlərindən
biri də daxili turizmin inkişafına əlavə
təkan verməkdir:
“İnanırıq ki,
bu təcrübə yaxşı əks-səda
doğuracaq. Festivalın keçirilməsi Mədəniyyət və
Turizm Nazirliyinə həvalə edilib və təşkilati məsələləri nazirliyin
nəzdində fəaliyyət
göstərən Azərbaycan
Konqreslər Bürosu
həyata keçirəcək.
Bundan əlavə, festivalın keçirilməsində müvafiq
qurumlar da yaxından iştirak edərək öz töhfələrini verəcəklər”.
"Tax free" sistemi
festivala marağı artıracaq
Vergilər nazirinin müavini Sahib Ələkbərov bildirdi
ki, ölkə rəhbərinin 2017-ci il fevralın 20-də
imzaladığı “Ticarət
festivalları dövründə
fiziki şəxslər
tərəfindən Azərbaycan
Respublikasının ərazisində
alınmış istehsal,
yaxud kommersiya məqsədləri üçün
nəzərdə tutulmayan
mallara görə ödənilmiş əlavə
dəyər vergisinin qaytarılması Qaydası”nın
təsdiq edilməsi haqqında fərman festivalın yüksək səviyyədə təşkilinə
böyük təsir göstərəcək. Əlavə dəyər
vergisinin (ƏDV) qaytarılması
qaydaları “Baku Shopping Festival”ın
iştirakçısı olan
ticarət nöqtələrində
tətbiq ediləcək.
Bu kampaniyadan yalnız
festivalda iştirak qeydiyyatından və Vergilər Nazirliyində qeydiyyatdan keçmiş iştirakçı-sahibkarlar mal aldıqları zaman yararlana biləcəklər.
Festivalda
iştirak edən həmin mağazalar “Tax
free” nişanı ilə
fərqlənəcək.
Bildirildi ki, hazırda Azərbaycan ərazisində
254 obyekt "Tax free" sistemi
ilə əhatə olunub. Ötən ilin iyul ayından bu günə qədər
ƏDV-nin qaytarılması
ilə bağlı verilən fakturaların sayı 6863-ə çatıb,
1 milyon manatdan artıq vəsait xarici ölkə vətəndaşlarına qaytarılıb.
Festivalın saytı beş
dildə
fəaliyyət
göstərəcək
Azərbaycan Konqreslər Bürosu idarə heyətinin sədri Ülviyyə Mirqasımova nəzərə
çatdırdı ki,
büro festivalın yüksək səviyyədə
və səmərəli
təşkili üçün
öz peşəkar mütəxəssisləri və
işçi heyəti
ilə bayram və istirahət günlərində də
ənənəvi iş
rejimində çalışacaq.
Festivalın rəsmi
internet saytı www.bakushopfest.com Azərbaycan, ərəb, ingilis, rus və
fars dillərində
fəaliyyət göstərəcək.
Saytda
festival iştirakçılarının qeydiyyatı, onları maraqlandıran informasiyalar
və festivalla bağlı bütün məlumatlar yer alacaq.
İqtisadiyyat nazirinin müavini
Sevinc Həsənova festivala hazırlıq barədə danışarkən
vurğuladı ki, tədbir turizm sektorunun inkişafına təkan verəcək.
Bildirdi ki, turizm anlamında mövsüm dövrü deyilən bir anlayış var ki, aprel və
may ayları da turizmin aşağı
temp sayılan mövsümü
sırasına daxildir.
Festivalın məhz bu dövrdə keçirilməsi
də aşağı
dövr turizm mövsümünə canlanma
gətirməkdən ibarətdir.
Sahibkarlar festivalın internet saytında qeydiyyatdan keçərək iştirakçı
statusu almaqla öz məhsullarını
paytaxtımıza gələcək
minlərlə turistə
təqdim etmək imkanı qazana bilərlər. Nazir müavini
həmçinin diqqətə
çatdırdı ki,
təkcə qeydiyyatdan
keçən sahibkarlar
deyil, ticarətin müxtəlif növü
ilə məşğul
olanlar da festival günlərində öz
mağazalarında endirimlər
etməklə bu layihədən yararlana bilərlər.
Bulvar, İçərişəhər və mərkəzi küçələrdə sərgi-yarmarkalar
açılacaq
Bakı Şəhər İcra Hakimiyyəti başçısının
müavini Fidumə Hüseynova çıxış
edərək Mədəniyyət
və Turizm Nazirliyi ilə festivalın təşkilində
birgə görüləcək
işlər haqqında
məlumat verdi.
Bildirdi ki, festival günlərində
maraqlı mədəni
tədbirlərin keçirilməsi
üçün əsas
parklarda şərait yaradılacaq, paytaxtın mərkəzi küçələri,
mehmanxana və ticarət mərkəzlərində
informasiya köşkləri
qurulacaq, Çağrı
mərkəzi istifadəyə
veriləcək. Bundan əlavə,
Dənizkənarı Milli
Park, İçərişəhər və mərkəzi küçələrdə sərgi-yarmarkalar
fəaliyyət göstərəcək.
Daha sonra nazir Əbülfəs Qarayev diqqətə çatdırdı
ki, ticarət festivalı aksizli məhsullar, qızıl, qida və avtomobillərə
şamil edilməyəcək.
ƏDV-nin qaytarılması
isə şopinq mərkəzlərində quraşdırılan
xüsusi məntəqələrdə
həyata keçiriləcək.
Festival günlərində
“Tax-free” sistemi üzrə
ƏDV-nin qaytarılması
ən azı 100 manat məbləğində
mallar əldə edən yerli vətəndaşlara tətbiq
olunacaq.
Nazir Əbülfəs Qarayev vurğuladı ki, xarici ölkə vətəndaşlarının Azərbaycana daxil olduqda şəxsi avtomobillərinə görə ödədikləri depozitlə bağlı Turizm Şurasında xüsusi müzakirə aparılıb: “Azərbaycana digər nəqliyyat vasitəsilə gələn insanların əlavə ödənişlərdən azad olunması məsələsi müzakirə edilib. Hazırda bu istiqamətdə müvafiq işlər gedir və yaya qədər təkliflər formalaşacaq. Dövlət Gömrük Komitəsi, Vergilər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Dövlət Sərhəd Xidməti ilə birlikdə bu sahədə yeni qanun layihəsi hazırlanacaq”.
Mətbuat konfransında o da diqqətə çatdırıldı ki, növbəti “Baku Shopping Festival” oktyabr ayına planlaşdırılır. Təşkilat komitəsinin üzvləri jurnalistləri maraqlandıran sualları cavablandırdılar.
Tədbir ticarət festivalının yerli televiziya kanalları və xarici ölkələrdə yayımlanacaq reklam çarxının nümayişi ilə yekunlaşdı.
Lalə Azəri
Mədəniyyət.- 2017.- 17 mart.-
S.3.