“Geyilməmiş ayaqqabılar” filminin təqdimatı

 

 

   Martın 15-də gənc aktyor Rza Rzayevin ilk rejissorssenari işi olan “Geyilməmiş ayaqqabılar” filminin təqdimatı oldu. Qarabağ müharibəsindən bəhs edən “Dolu” filmində yaratdığı Drakon obrazı ilə tamaşaçı rəğbəti qazanmış aktyorun rejissorluq debütündə də bu müharibənin fəsadları, ağrı-acısı ifadə olunub.

   Filmdə yurd-yuvasından didərgin düşən və tələbə yataqxanalarında məskunlaşan məcburi köçkünlərin gərgin, psixoloji yaşamı təsvir olunur. Gənc ərini və körpə qızını itirən ana oğlu Həsrətlə təmirsiz bir otaqda yaşayır. Dinib-danışmır. Şəhid ərinin xəyalı və öz ata-baba yurdlarına dönəcəyi vaxtın intizarı ilə günləri sayır. Dərin sükutla oğluna baxır. Həsrət də sakitcə deyir: “Qarabağ alınanda atam və bacımı da götürüb kəndimizə gedərik...”

   Filmin sonunda ana əlil arabasında iki ayağını itirmiş əsgərlə Xankəndində “Geyilməmiş ayaqqabılar” muzeyinin qarşısına gəlir. Bir cüt ayaqqabını muzeyə verir.

   Film tamaşaçılar tərəfindən dərin sükutla qarşılandı. Hiss olunurdu ki, rejissor işi tamaşaçıda dərin psixoloji gərginlik yaradıb...

   Filmdə ana rolunda tanınmış aktrisa Gülzar Qurbanova, Həsrət rolunda isə Dəniz Həsənov adlı məktəbli çəkilib.

   Təqdimatda millət vəkilləri Aqil Abbas, Qənirə Paşayeva və başqaları çıxış etdi, rejissorssenari işi yüksək qiymətləndirildi.

  

   Savalan Fərəcov

 

Mədəniyyət.- 2017.- 17 mart.- S.4.