“Gəldi baharın sədası...”

 

 

 

   Bayram günlərində paytaxtın konsert müəssisələrində bir-birindən maraqlı proqramlar təqdim ediləcək

  

   Novruzda təkcə təbiət oyanmır, insanların da ruhu yenilənir, yaratmaq eşqi artır.

   Paytaxtımızda fəaliyyət göstərən əsas konsert müəssisələri də hər il olduğu kimi, bayram günlərində bir-birindən maraqlı, rəngarəng proqramlar təqdim edəcəklər.

  

   Başlayaq Heydər Əliyev Sarayından. Martın 18-də və 19-da sarayın səhnəsində balacalar üçün Türkiyənin ən populyar musiqili uşaq tamaşası - “Pepe” təqdim olunacaq. Rəqs və oyunlarla müşayiət olunan tamaşa zamanı uşaqları maraqlı sürprizlər də gözləyir. Onlar interaktiv oyunlarda ağıl və fərasətlərini göstərə biləcəklər.

   Martın 21-də sarayın səhnəsinə “Mədəniyyət” kanalı ilə birgə layihə çərçivəsində “Muğam və mənəviyyat” adlı ədəbi-bədii gecə keçiriləcək. Xalq artistləri Arif Babayev, Səkinə İsmayılova, Nəzakət Teymurova, Aygün Bayramova, Gülyanaq Məmmədova, əməkdar artistlər Almaz Orucova, Ehtiram Hüseynov, Azərbaycan Televiziyasının solistləri Kamilə Nəbiyeva, Mirələm Mirələmov, Səbinə Ərəbli, Ayşən Mehdiyeva və Fəraməz Gərmrudinin ifalarını “Könül” ansamblı müşayiət edəcək.

   Martın 22-də isə tanınmış Azərbaycan əsilli müğənni Sami Yusif musiqisevərlərlə görüşəcək, sevilən mahnılarını səsləndirəcək.

   Ayın 24-də uşaqlar üçün musiqili, əyləncəli bayram proqramı təşkil olunacaq. Martın 28-də isə saz-söz sənətinin görkəmli simalarından Dədə Şəmşirin xatirəsinə həsr olunmuş konsert proqramı keçiriləcək.

   * * *

   Beynəlxalq Muğam Mərkəzində martın 24-də “Bahar nəğməsi” adlı konsert proqramı təqdim olunacaq. Konsertdə gənc xanəndələr Ehtiram Hüseynov, Gülay Zeynallı, Rəvanə Ərəbova və Eldəniz Məmmədovun ifasında xalq və bəstəkar mahnıları səsləndiriləcək. Onları Rövşən Qurbanovun rəhbərliyi ilə “Butainstrumental ansamblı müşayiət edəcək. Ritm həvəskarlarını isə 26 martda Natiq Şirinovqrupu salamlayacaq. "Ritm varsa, həyat var" adlı konsert milli musiqimizin həvəskarlarının zövqünü oxşayacaq.

   * * *

   M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Bahar gəlir yurduma” adlı konsert martın 17-də təqdim ediləcək. Filarmoniya və “Mədəniyyət” kanalının birgə layihəsi olan proqramda F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı çıxış edəcək.

   Filarmoniyanın KameraOrqan Musiqisi Zalında isə martın 28-də gənc pianoçular dünya klassiklərinin əsərlərindən ibarət musiqi çələngi ilə tamaşaçıların görüşünə gələcəklər.

   * * *

   Martın 17-də R.Behbudov adına Dövlət Mahnı Teatrında “Mahmud Kaşğarlı” Fondunun təşkilatçılığı ilə “Ulu çinar” adlı şeir şöləni keçiriləcək. Türk ölkə və diyarlarından qonaqların qatılacağı gecədə saz havaları və xalq musiqiləri də ifa ediləcək.

   Martın 26-da uşaqlar üçünPişiyin evi” və “Qırmızıpapaq” nağıl-tamaşaları da nümayiş olunacaq.

   * * *

   Gəlin, nənə-babalarımızın sovqat yolladığı, xonçalarımızın dolub-daşdığı, gəlişi ilə bərəkət gətirən Novruzda mədəniyyət ocaqlarımızın təqdim edəcəyi mənəvi zənginliklərlə hər birimiz könlümüzü xoş edək.

  

   Lalə Azəri

  

 

Mədəniyyət.- 2017.- 17 mart.- S.7.