Bayram tətilində
Bakıdasınızsa...
Paytaxt teatrlarının Novruz
repertuarı
Sabahdan etibarən bütün Azərbaycan böyük bayram tətilindədir. Təbii ki, bugünlərdə növbə ilə işləyənlər də olacaq, hər günü işdə keçənlər də. Amma bütövlükdə bayram ovqatının bütün ölkə əhalisini bürüdüyü şəksizdir. Yəqin ki, çoxunuz bayram tətilini necə keçirəcəyi ilə bağlı plan tutub. Aranızda həm ziyarət, həm ticarət deyibən doğmalarının yanına, ya da baharın nəfəsinin artıq əməllicə duyulduğu bölgələrimizə istirahətə yollananlar da olacaq, yaxın-uzaq xarici ölkələrə üz tutanlar da. Təbii ki, bölgələrimizdən də paytaxtımıza gələnlər olacaq. Hər il olduğu kimi, xaricdən, xüsusilə də Şərq ölkələrindən Novruz eşqi ilə Azərbaycana gələn turistlər də.
Düzdür, ta qədimdən Novruz ailə daxilində qeyd edilən, qohum-əqrəba ilə birgə keçirilən bayram olub, amma hər halda. Əslində qohumlarla, yaxından-uzaqdan gələn dostlarla təkcə evdə yox, mənəvi qidanın təklif edildiyi mədəni istirahət məkanlarında da görüşüb mənalı vaxt keçirmək olar. Elə bu fikri əsas tutaraq Novruz süslü günlərdə Bakı teatrlarının öz tamaşaçılarına nə vəd etdiyi ilə maraqlandıq.
Uşaqlar üçün «Şelkunçik», böyüklər üçün «Leyli və Məcnun»
Klassik musiqi repertuarına bayram günlərində də sadiq qalan Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Novruz günlərinin büsatını mümkün qədər «milliləşdirib».
Elə bu axşam (17 mart) teatrın səhnəsi Bakı Xoreoqrafiya Akademiyası tələbələrinin ixtiyarına veriləcək. Onlar P.Çaykovskinin «Şelkunçik» baletini oynayacaqlar. Balacaların cizgi filmindən tanıdıqları nağıl qəhrəmanlarını səhnədə də görməsi fürsətini qaçırmayın.
Martın 19-da milli operamızın ilk nümunəsi - Üzeyir Hacıbəylinin «Leyli və Məcnun»u nümayiş olunacaq. Teatrsevərlər aktyor heyəti demək olar ki, tamamilə təzələnmiş tamaşada gənc ifaçılar Arzu Əliyeva (Leyli), Cahangir Qurbanov (Nofəl), Aytən Məhərrəmova (Leylinin anası), Taleh Yəhyayev (Leylinin atası), Elnur Zeynalov (Məcnunun atası) və Afaq Ağayevanı (Məcnunun anası) dinləyə biləcəklər. Leylinin vüsalına çata bilməyən iki aşiq - Məcnun və İbn-Səlam partiyalarını isə Xalq artisti Mənsum İbrahimov və Əməkdar artist Təyyar Bayramov ifa edəcəklər.
Martın 23-24-də teatrda Əməkdar artist Elnarə Abdullayevanın
solo konserti olacaq. Elnarə xanımın
ifa tərzini sevənlərin, onun ötən Novruzdakı konsertlərini unutmayanların
öz təəssüratını
təzələmək şansı
var.
Ayın sonu isə daha iki əsərin
tamaşası ilə
yaddaqalan olacaq. Martın
26-da A.Adanın «Jizel»
baleti, 29-da Üzeyir bəyin «Əsli və Kərəm» operası nümayiş olunacaq. Balet tamaşasında əsas partiyaları beynəlxalq müsabiqə laureatı Cəmilə Kərimova, qraf Albert partiyasını
isə yenicə Əməkdar artist adına layiq görülmüş Makar
Ferştandt ifa edəcək. «Əsli
və Kərəm»də
Arzu Əliyeva və İlkin Əhmədov və başqalarını görə
biləcəyik.
«Kosanın qızı» da varmış...
Akademik Milli Dram Teatrı
bayram günlərində
yalnız kiçik teatrsevərlər üçün
çalışacaq. Teatrın mətbuat xidmətindən aldığımız
məlumata görə,
kollektiv Rəhman Əlizadənin «Keçəlin
toyu» pyesinin motivləri əsasında
«Kosanın qızı»
adlı tamaşa hazırlayır. Anar Sadıqovun ssenariləşdirdiyi
tamaşaya Əlif Cahangir quruluş verir. Tamaşanın musiqi tərtibatı
da elə rejissora məxsusdur.
«Kosanın qızı»
əhvalatını isə
əməkdar artistlər
Mirzə Ağabəyli
və Əlvida Cəfərov (Dədə
Qorqud), Mehriban Xanlarova (Küpəgirən
qarı), aktyorlar Rada Nəsibova (Bahar qızı), Ramin Şıxəliyev və Vüsal Mustafayev (Keçəl), Cümşüd Zeynalov və Vüsal Məmmədov (Kosa), Rəşad Bəxtiyarov (Həkim) və Firuzə Balayeva (Keçi) bizə çatdıracaqlar. Əziz
oxucular, biz sizə pyesin süjetini danışırıq, amma
siz övladlarınıza
danışmayın ki,
tamaşa onlar üçün maraqlı
olsun: Keçəl Kosanın qızı Bahara aşiq olur. Ona elçi düşür.
Amma Qazı təyin olunandan sonra Keçəli bəyənməyən
Kosa qızını ona vermək istəmir. Bir gün Keçəl sehrli mücrü tapır və hər şey tamam dəyişir...
Tamaşa 17 martdan etibarən
hər gün saat 11-də, 13-də, 15-də və
17-də oynanılacaq.
Alisa ilə bu görüş başqa görüşdür
Azərbaycan Dövlət Rus
Dram Teatrı Novruz bayramı ilə bağlı öz repertuarına xüsusi dəyişiklik etməyib.
Sadəcə, adətən şənbə-bazar
günləri oynanılan
uşaq tamaşaları
məktəblilərin yaz
tətili ilə əlaqədar təkcə
həftəsonu deyil, həm də həftəiçi də
göstəriləcək. Kollektiv sabahdan etibarən 20 və 21 mart günlərindən
başqa hər gün balaca teatrsevərləri tamaşa
salonuna dəvət edir. Lakin martın 24-də baş tutacaq tamaşa digərlərindən
fərqlənəcək.
İlk dəfə Bakıda
«Alisa - yeni sərgüzəştlərə
doğru» uşaq şou-müziklinin premyerası
olacaq. Teatr vəd edir ki, tamaşaçıları
Lüis Kerollun əbədi hekayətinin
tam fərqli və yeni yozumu gözləyir.
Bu şou yazıçının
sözlə təsvir
etdiyi möcüzələri
gerçəkliyə çevirəcək.
Rəngarəng dekorasiyalar, nadir effektli
kostyumlar, maraqlı aktyor oyunu və
şux musiqi auditoriyanı cəlb edəcək. Şouda
hündürlüyü 2,5 metrə çatan transformerlər - Optimus Praym, BamblBi, Roudbaster, Sentinel Praym, Meqatron, ŞokVeyv və Qalvatron, işıq və səs effektləri hər kəsi təəccübləndirəcək. Hər necə olsa, səhnə möcüzələr ölkəsini
əks etdirəcək
axı...
Şouda daha nələr
və kimlər olacaq? Teatr bu sualın
cavabını vacib sirr kimi qoruyur.
Əgər çox bilmək
istəyirsinizsə, martın
24-də saat 12-də Rus
Dram Teatrında olun.
Təbrizdən
Bakıya yollar görünür
Dövlət Musiqili Teatrı
ilə Təbriz Teatrı arasında işbirliyi qurulması barədə xəbər vermişdik. Teatrın direktoru,
Əməkdar incəsənət
xadimi Əliqismət Lalayevin ideya müəllifi və bədii rəhbəri olduğu həmin layihənin təqdimat zamanı yetişib. Martın 21-də
gülüş ustası
Babək Nəhreynin müəllifi olduğu və baş rolda çıxış
etdiyi «Bəxtəvər»
tamaşasının premyerası
olacaq. Ayın 29-dək hər axşam
saat 18-də «Bəxtəvər»
səhnəyə çıxacaq.
Tamaşanın quruluşçu rejissoru İranın tanınmış teatr xadimlərindən Yaqub Sadiqcamali, quruluşçu
dirijoru Azərbaycanın
Əməkdar incəsənət
xadimi Fəxrəddin Atayevdir. Rollarda Babək Nəhreyn, Nahidə Orucova, Əkbər Əlizadə,
Möylə Mirzəliyev,
Camal Sadiqnecat, Ülviyyə Əliyeva, Əzizağa Əzizov və başqaları çıxış edirlər.
Novruz bayramı günlərində İrandan ölkəmizə xeyli turist gəldiyi üçün «Bəxtəvər»in Atabəy Nadiri adlı xüsusi əlaqələndiricisi də var.
Bu maraqlı layihə ilə yanaşı, teatrda hər gün günorta cari repertuardakı uşaq tamaşaları da oynanılacaq.
Pippi ilə Aycandan əvvəl Keçəl və Kosa səhnəyə çıxacaq
Gənc Tamaşaçılar Teatrı builki Novruz bayramına ayrıca tamaşa həsr etməyib. Amma hər tamaşadan əvvəl Kosa ilə Keçəl teatrsevərləri bayram münasibətilə təbrik edəcək. Məktəblilərin tətili nəzərə alınaraq, həftəiçi də 3 seans uşaq tamaşaları oynanılacaq. Martın 18-dən 26-dək teatrın səhnəsində «Tıq-tıq xanım», «Qoğalın nağılı», «Uzuncorab Pippi», «Çirkin ördək balası», «Aycan», «Buratinonun macəraları» göstəriləcək. Tamaşalar saat 12, 14 və 16-da başlayır. Bu tamaşalarda əsas rollarda Nəsibə Eldarova, Gülər Nəbiyeva, Almaz Mustafayeva, Şəfəq Əliyeva, Elşən Rüstəmov, Leyli Vəliyeva, Rasim Cəfərov, aktyorlar Zümrüd Quliyeva, Xəyalə Meydanova, Anar Seyfullayev, Asya Atakişiyeva, Günel Məmmədova, Səbinə Məmmədova və başqaları çıxış edirlər.
Böyüklər isə martın 25-də «Qohumlar» məzhəkəsinə, 26-da «Leyli və Məcnun» dramına baxa bilərlər.
Azərbaycan nağılları və yeni «Pişiyin evi»
A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının repertuarında böyüklər üçün əsərlər var, amma bayram günləri istisnasız olaraq uşaqlar üçün tamaşalar oynanılacaq. Daha çox Azərbaycan nağıl-tamaşaları üstündə qurulmuş bayram repertuarında yeni səhnə əsəri də var: S.Marşakın eyniadlı pyesi əsasında hazırlanmış «Pişiyin evi». Bu gündən etibarən teatrda məktəblilərin yaz tətili bitənədək hər gün saat 12 və 14-də Azərbaycan dilində, 18-də isə rus dilində tamaşalar göstəriləcək.
Gülcahan
Mirməmməd
Mədəniyyət.- 2017.- 17 mart.-
S.6.