İstedadlı şair və tərcüməçi

 

 

 

   Ötən əsrin ortalarında ədəbi aləmdə öz dəst-xətti ilə tanınan yazarlardan biriBöyükağa Qasımzadə olub. O, şair və tərcüməçi kimi qısa, lakin məhsuldar ömür yolunda maraqlı bədii nümunələr yadigar qoyub.

   Böyükağa Məhəmməd oğlu Qasımzadə 18 mart 1916-cı ildə Bakının Maştağa kəndində dünyaya göz açıb. 3 yaşında ikən anası dünyasını dəyişir. İlk təhsilini şəhər yeddiillik məktəbdə alır, sonra Sənaye İnstitutunun Fəhlə fakültəsində oxuyur. 1941-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirir. Böyük Vətən müharibəsi başlayanda tay-tuşları kimi səfərbərliyə alınır. Hərbi məktəbdə təlim kursunu bitirir. Cənub cəbhəsində atıcı rotasının komandiri, siyasi şöbənin təlimatçısı, Zaqafqaziya cəbhəsində “Döyüşçü” qəzeti redaksiyasında məsul katib olur. Çətin və şərəfli döyüş yolu keçir. 1945-ci ildə müharibə başa çatsa da, ordudan ayrılmır. Təyyarəçilik məktəbində xüsusi qrupda siyasi rəhbər vəzifəsində çalışır və 1948-ci ildə ordudan tərxis olunur.

   B.Qasımzadə 1949-cu ildə “Ədəbiyyat və incəsənət” qəzetində işə düzəlir, bir müddət Azərbaycan Dövlət Nəşriyyatında işləyir, sonra isə (ömrünün axırınadək) “Azərbaycan” jurnalında şeir bölməsinin müdiri vəzifəsində çalışır.

   O, erkən yaşlardan ədəbi yaradıcılığa başlayıb, ilk şeirini məktəblilərə həsr edib. “Murad” poeması 1937-ci ildə işıq üzü görür.

   Bir sıra əsərlərini müharibə illərində yazır. Böyük qələbəyə inamdan irəli gələn “Hücum nəğməsi”, “Qələbə bayrağı”, “Vətən balası” şeirlərini qələmə alır. Müəllif “İntiqam” şeirində yazır:

  

   Gül üzündə gülür çiçəkli bir yaz,

   Qara gözlərinə ələm yaraşmaz.

   Böyükağa sənsiz dağları aşmaz,

   Xəzanı ağladan yazlı mələksən.

  

   Şairin kədərli hislər üzərində yazdığı “Ana məhəbbəti” şeirində nisgil və kədərin anasızlıqdan baş verdiyi görünür. Ancaq son misralarında kədərli notlar misra-misra sevinc hissi ilə əvəz olunur:

  

   İndi çiçək açıb hər tərəf, hər yan,

   Sən görən günlərdən qalmamış bir iz.  

 

   “Azərbaycan”, “Çağırış”, “Xoşbəxtlik nəğməsi”, “Coşqun könül”, “Qızıl əsgər” və s. şeirləri şairin Vətən sevgisinin miqyasının genişliyini aydın göstərir.

   Fars dilini mükəmməl bilən B.Qasımzadə həm də tərcüməçi kimi tanınıb. O, görkəmli dramaturq, mütəfəkkir Mirzə Fətəli Axundzadənin rus şairi A.S.Puşkinin ölümünə ithaf etdiyi “Şərq poeması”nı fars dilindən Azərbaycan dilinə tərcümə edərək ədəbi müsabiqədə ikinci yeri tutub.

   Xalq yazıçısı İsmayıl Şıxlı dövrün gənc müəllifləri, o cümlədən B.Qasımzadənin tərcümə fəaliyyəti ilə bağlı yazırdı: “O dövrün tələbələri arasında iki meyl vardı. Bir hissə klassik şeiri daha yaxşı öyrənir, Füzulinin, Həsənoğlunun, Nəsiminin, Məsihinin şeirlərinin hər misrasını, hər sözünü təhlil edir, məna çalarlarını da aydınlaşdırmağa çalışırdı. Bir hissə isə şifahi ədəbiyyata, dastanlar söyləyib, qoşmalar əzbərləməyə daha çox meyl edirdi. Böyükağa Qasımzadə klassik şeirin pərəstişkarlarından idi. Bunun bir səbəbi də onun klassik şeirimizdə işlənən ərəb və fars tərkibli sözləri yaxşı bilməsi idi. O, klassik şeirlərdən də tərcümələr edirdi. Onun M.F.Axundovdan etdiyi tərcümənin ilk misralarını əzbər söyləməkdən xoşumuz gəlirdi:

  

   Gözlərimdən yuxunu qovaraq için-için,

   Qaranlıqlı bir gecə qəlbimdən sordum neçin

   Gülşəninin bülbülü unutdu nəğməsini,

   Bəlağət tutin kəsdi incə, dilbər səsini?”

  

   Böyükağa Qasımzadənin yazıb-yaratmaq eşqi ilə çağlayan qəlbi 29 avqust 1957-ci ildə, 41 yaşında dayanır. Ömür vəfa etsəydi, bu istedadlı ədib və tərcüməçi Azərbaycan poeziyasının zənginləşməsinə daha böyük töhfələr verərdi.

  

   Savalan Fərəcov

 

Mədəniyyət.- 2017.- 17 mart.- S.10.