“Alətşünaslıq” kitabının təqdimatı keçirilib

 

 

 

   Martın 14-də Azərbaycan Bəstəkarlar İttifaqında tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi, professor Məmmədağa Umudovun “Alətşünaslıq” kitabının təqdimatı oldu.

   Təhsil Nazirliyinin müvafiq əmri ilə dərslik kimi təsdiqlənən kitabın məsləhətçisi Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, elmi redaktoru sənətşünaslıq elmləri doktoru, professor Abbasqulu Nəcəfzadədir.

   Tədbir bəstəkarın simli orkestr üçün “Düşüncələr” simfoniyasının videotəqdimatı ilə başlandı. Xalq artisti Teymur Göyçayevin bədii rəhbər və dirijorluğu ilə Q.Qarayev adına Dövlət Kamera Orkestrinin ifasında təqdim edilən musiqi əsəri maraqla qarşılandı.

   Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək M.Umudovun yaradıcılığını yüksək qiymətləndirdi. Qeyd etdi ki, o, bəstəkarlıqla yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olur. Musiqinin bütün janrlarında bir-birindən maraqlı əsərlər yaradıb.

   Bildirdi ki, simli alətlərin harmoniyasında rəngarəng musiqi tablosu yaradan M.Umudovun “Alətşünaslıq” əsəri musiqi təmayüllü aliorta ixtisas məktəbləri üçün Azərbaycan xalq çalğı və simfonik alətlər üzrə dərs vəsaitidir. Kitab müasir dövrdə ölkəmizdə istifadə edilən musiqi alətlərinin tarixi, quruluşu, səslənməsi və ifa üslubları haqqında bilgilərin tələbələrə çatdırılmasında dəyərli mənbə olacaq.

   Musiqişünas, sənətşünaslıq namizədi, dosent Jalə Qulamova və sənətşünaslıq elmləri doktoru, professor Abbasqulu Nəcəfzadə çıxış edərək M.Umudovun yaradıcılığından bəhs etdilər, dərs vəsaiti ilə bağlı fikirlərini bölüşdülər.

   Çıxışlardan sonra beynəlxalq müsabiqə laureatları Firuzə Nəcəfli, Svetlana Əhmədova və Mahirə Quliyevanın ifasında müəllifin musiqi əsərlərindən ibarət konsert proqramı təqdim edildi.

  

   Savalan Fərəcov

 

Mədəniyyət.- 2017.- 17 mart.- S.12.