Novruz motivləri təsviri sənətdə

 

 

   Əsrlərin o tayından, xalq yaddaşından süzülərək bu günlərə gəlib çıxan, dilimizi, folklorumuzu, qədim adət-ənənələrimizi özündə yaşadan Novruz bayramı milli-mənəvi irsimizin ən dolğun təcəssümüdür. Novruz yeni günün, yeni arzuların, ruh və duyğuların bayramıdır. Bu milli ruhduyğular təsviri sənət ustalarımızın yaradıcılığında da geniş şəkildə əksini tapıb.

   Görkəmli fırça ustalarından Əzim Əzimzadənin “Tonqal üstündən tullanmaq”, “Kos-kosa”, Səttar Bəhlulzadənin “Bahar nəğməsi”, “Xonça”, “Azərbaycan nağılı”, Xalidə Səfərovanın “Novruz”, Elbəy RzaquliyevinNovruz bayramı”, Altay Hacıyevin “Novruz sandığı”, Mahmud Tağıyevin “Bağçada yaz gülləri”, Həsən HaqverdiyevinBahar”, Elmira Şahtaxtinskayanın “Novruz bayramı ərəfəsində”, “Qutablar”, Ələkbər Rzaquliyevin “Gəlinə hədiyyə ilə”, Arif Ələsgərovun “Novruz” və başqa əsərləri Azərbaycan təsviri sənət tarixində bu mövzunun nə qədər geniş və zəngin çalarlarla əks olunduğunu göstərir.

   Səttar Bəhlulzadənin “Azərbaycan nağılı” tablosunda əzəmətli dağlar fonunda, göl ətəyində dairəvi iri xonçalar və xonçaların içərisi dolu bol Azərbaycan nemətləri çiçəkləmiş ağacların və güllərin əhatəsində o qədər ustalıqla təsvir edilib ki, bu sehrin ağuşuna köklənmədən və bol estetik zövq almadan əsərdən ayrılmaq olmur. Xalidə Səfərovanın “Novruz” əsərində bayramın ləziz nemətləri ilə bəzədilmiş xonça, xonçanın əhatəsində isə əllərində Bahar bayramının rəmzi olan səməni tutmuş xanımlar və xoruz döyüşdürən milli geyimli gənc oğlanlar təsvir edilib. Yallı rəqsinin ifaçılarının oyun hərəkətləri bayram sevincini daha da artırır.

   Elbəy RzaquliyevNovruz bayramı”nda Xəzər dənizinin fonunda, İçərişəhərdə bayram şənliklərini təsvir edib. Tabloda kəndirbazın oyunumilli geyimli rəqqasələrin müxtəlif pozalı hərəkətləri əsl bayram əhval-ruhiyyəsini təcəssüm etdirir.

   Ələkbər Rzaquliyevin “Köhnə Bakı” silsiləsindən “Gəlinə hədiyyə ilə” adlı əsərində Novruz ərəfəsində bayram şirniyyatları ilə dolu xonça ilə qız evinə bayram görüşünə tələsən ailə təsvir edilib. İçərişəhərin fonunda milli geyimli ailə üzvlərinin fərdi xarakterik xüsusiyyətləri incə cizgi, ştrix elementləri ilə ustalıqla əks etdirilib.

   Elmira ŞahtaxtinskayaNovruz bayramı ərəfəsində”, “Qutablar” adlı əsərlərini yaradarkən Azərbaycan xalqının ən qədim adət-ənənələrinə yaradıcı şəkildə müraciət edib. Rəssam Novruz bayramına hazırlıq mərhələsində qadınların səmənilərin əhatəsində milli şirniyyat növləri - paxlava, şəkərbura, digər əsərində isə milli ornamentli kilim üzərində əyləşmiş üç qadının Azərbaycan mətbəxinin ləziz nemətlərindən hesab olunan qutab hazırladıqları məqamda təsvir edib. Hər iki əsər öz dolğun bədii lövhələri, zəngin etnoqrafik çalarları və zəngin kolorit həlli ilə diqqəti cəlb edir.

   Qeyd etdiyimiz nümunələr milli rəssamlıq sənətimizin bahar-yaz mövzulu zəngin kolleksiyasından sadəcə bir neçəsidir. Novruz milli ruhumuzun bayramıdır və hər zaman bu ruhla yaşayan, onu yaşadan təsviri sənət ustalarımızın yaradıcılığında öz əksini tapacaq.

 

 

Mədəniyyət.- 2017.- 17 mart.- S.16.