Bakı Şopinq Festivalına hazırlıq
davam edir
Xəbər verdiyimiz kimi,
aprelin 10-dan mayın
10-dək Azərbaycan paytaxtında
ilk dəfə Ticarət
festivalı - “Baku Shopping Festival” keçiriləcək.
Prezident İlham Əliyevin
2016-cı il 1 sentyabr tarixində imzaladığı
“Azərbaycan Respublikasında
turizmin inkişafı
ilə bağlı əlavə tədbirlər
haqqında” sərəncama
əsasən keçiriləcək
festivalın təşkili
Mədəniyyət və
Turizm Nazirliyinin nəzdində fəaliyyət
göstərən Azərbaycan
Konqreslər Bürosuna
həvalə olunub. Müxtəlif dövlətlərin təcrübəsi göstərir
ki, ənənəvi şopinq festivalları turizmin inkişafına, xaricdən turist axınının artmasına
müsbət təsir
göstərir. Bakıda
belə festivalların
keçirilməsi sözügedən
sərəncamda və
ölkə Prezidentinin
2016-cı il 6 dekabr fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasında
ixtisaslaşmış turizm
sənayesinin inkişafına
dair Strateji Yol Xəritəsi”ində əksini tapıb.
Şopinq festivalına hazırlıq
davam etməkdədir.
Bu prosesdə Mədəniyyət və
Turizm Nazirliyi ilə yanaşı digər aidiyyəti qurumlar da iştirak
edir. Xatırladaq ki, martın
16-da festivala həsr olunmuş mətbuat konfransında bu barədə ətraflı
məlumat verilib.
“Şopinq festivalı
turizmin inkişafı
üçün yeni bir mərhələnin başlanması deməkdir.
Beynəlxalq təcrübəyə
əsaslanaraq reallaşacaq
festival təkcə ticarət
deyil, ölkəmizin adət-ənənələrini, tarixi və mədəni irsini tanıtmaq baxımından
da öz müsbət tərəfləri
ilə seçiləcək”,
- deyə mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev bildirib.
Onu da deyək ki, Bakı Şopinq
Festivalı Qafqazda və Orta Asiyada
ilk belə təcrübə
olacaq. Dünya Turizm Təşkilatının
hesablamalarına görə,
ticarət festivalları
turist axınını
30 faizədək artırır.
Bakı Şopinq Festivalı nəinki xaricdən turist axınını təşkil etmək, eyni zamanda, daxili
turizmi inkişaf etdirmək məqsədi daşıyır. Festival çərçivəsində əcnəbilərlə yanaşı,
Azərbaycan vətəndaşları
da “Tax free” (əlavə
dəyər vergisinin qaytarılması) sistemindən
istifadə edə biləcəklər ki, bu da dünya
təcrübəsində bir
ilkdir. Festival günlərində 100 manat
və daha çox alış-veriş
edən hər bir əcnəbi və ya Azərbaycan
vətəndaşı bu
sistemdən yararlana biləcək.
Festivala bir sıra qonşu
ölkələrdə, eləcə
də son dövrlər
Azərbaycana böyük
turist axınının
müşahidə olunduğu
Fars körfəzi ölkələrində
maraq var. Bakı Şopinq Festivalının
internet saytı - www.bakushopfest.com Azərbaycan, ingilis, rus, ərəb, fars dillərində fəaliyyət göstərir.
Bir ay ərzində şopinq festivalı həm xarici turistlərə, həm də yerli istehlakçılara əlverişli alış-veriş
və müxtəlif maraqlı əyləncə
imkanları təqdim edəcək, ölkəmizə
gələn turistlərin
sayını artıracaq,
turizm, qonaqpərvərlik,
ticarət, nəqliyyat
və digər sahələrin inkişafına
təkan verəcək.
Mədəniyyət və
Turizm Nazirliyinin nəzdindəki Azərbaycan
Konqreslər Bürosu
festivalın yüksək
səviyyədə, səmərəli
keçirilməsi üçün
öz peşəkar mütəxəssisləri və
işçi heyəti
ilə gərgin iş rejimində çalışır. Festivalın daha
maraqlı və cəlbedici olması üçün müxtəlif
lotereya oyunlarının,
bonus kartlarının tətbiqi,
suvenir və hədiyyə mağazalarının
fəaliyyətinin təşkili
planlaşdırılır. Paytaxtın ticarət mərkəzlərində,
Fəvvarələr meydanında
və Dənizkənarı
bulvarda gündəlik
əyləncə tədbirləri
keçiriləcək.
Festival
müddətində mərkəzi küçələrdə,
mehmanxanalarda və şəhərin ticarət
mərkəzlərində informasiya
köşkləri qurulacaq. Həmçinin
müxtəlif dillərdə Çağrı mərkəzi
(Call Center) turistlərin
və əhalinin, tərəfdaşların, sponsorların,
ticarət nöqtələrinin, alıcıların və
festivalın digər iştirakçılarının sərəncamına
veriləcək. Festivalda
iştirakçı kimi qeydiyyatdan
keçən mağazalar “Tax
free” nişanı ilə fərqlənəcək.
Festival ilə bağlı qeydiyyat
qaydaları, festival günlərində
turistlərə təqdim olunacaq tur-paketlər
və s. barədə www.bakushopfest.com
saytında ətraflı məlumat almaq olar.
Mədəniyyət.- 2017.- 29 mart.-
S.3.