Mədəniyyət və Turizm
Nazirliyində Portuqaliya səfiri ilə görüş
May ayında bu ölkədə Azərbaycanın mədəni irsinin təbliği və turizm potensialının təqdimatı ilə bağlı tədbirlər nəzərdə tutulur
Martın 28-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Portuqaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paula Leal da Silvanı qəbul edib.
Görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.
Əbülfəs Qarayev Portuqaliya Respublikasının mədəniyyət naziri tərəfindən ona ünvanlanmış dəvətə görə təşəkkür edib və may ayının ortalarında bu ölkəyə səfərinin nəzərdə tutulduğunu bildirib.
Söhbət zamanı gözlənilən səfər çərçivəsində ölkəmizin mədəni irsinin təbliği ilə yanaşı, Azərbaycanın turizm potensialının təqdimatının təşkilinin zəruriliyi qeyd olunub.
Həmçinin iki ölkə arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığa dair müvafiq hüquqi bazanın yaradılması istiqamətində görülən işlər müzakirə edilib.
4-6 may tarixində Bakı şəhərində 4-cü dəfə təşkil olunacaq Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakla bağlı Portuqaliya Respublikasının rəsmilərinə ünvanlanmış dəvət məktubları nazir tərəfindən səfirə təqdim olunub.
Mədəniyyət.- 2017.- 29 mart.-
S.2.