Azərbaycan filmlərinin Avstriyada
təqdimatı
Martın 21-dən 27-dək Avstriyada keçirilən LET`S CEE kinofestivalında Azərbaycan bir neçə ekran əsəri ilə təmsil olunub. Festivalda Mirbala Səlimlinin “Qırmızı bağ”, Azərbaycan və Böyük Britaniyanın birgə istehsalı olan “Əli və Nino” (rejissor Asif Kapadia), Teymur Hacıyevin “Şanxay, Bakı” və Azərbaycan kinosunun klassikası sayılan “Arşın mal alan” (1945) filmləri uğurla nümayiş olunub.
“Azərbaycanfilm” kinostudiyasından bildirilib ki, filmlərin nümayişi Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə baş tutub. “Azərbaycanfilm” kinostudiyası və Rusiyanın “Vayt Media” kino şirkətinin birgə istehsalı olan “Qırmızı bağ” filmi festivalın “İddialı debüt” proqramında təqdim edilib.
Daha sonra “Klassik filmlərin seçmələri” proqramında milli kinematoqrafın incilərindən olan “Arşın mal alan” filminin 2013-cü ildə Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunmuş və rənglənmiş versiyası nümayiş olunub.
Festivalın
qısametrajlı filmlər müsabiqə proqramında nümayiş edilən “Şanxay,
Bakı” filmi təltifetmə mərasimində
münsiflər heyəti tərəfindən “Xüsusi
vurğulama” ilə qeyd
olunub.
Mədəniyyət.- 2017.- 29 mart.-
S.6.