Bayram günlərində qoruqları
ziyarət edənlərin sayı artıb
Turistlərin ölkəyə cəlb olunmasında və daxili turizmin inkişafında mühüm amillərdən biri də tarix və mədəniyyət abidələridir. Bu baxımdan Azərbaycanda mədəni turizmin inkişafı üçün böyük potensial var. Yerli və əcnəbi ziyarətçilərin hər zaman maraq göstərdiyi tarixi və mədəni irs məkanlarında ənənəvi olaraq Novruz bayramı günlərində xüsusilə qələbəlik olub. Tarix-mədəniyyət qoruqlarında da müxtəlif tədbirlər, şənlik və mərasimlər çoxlu ziyarətçi cəlb edib.
Qobustan Milli tarixi-bədii qoruğundan verilən məlumata görə, bayram tətili günlərində bu tarixi məkanı da ziyarət edənlərin sayında artım olub. Martın 18-dən 26-dək qoruğa 1773 nəfər turist gəlib. Onların 520 nəfəri yerli, 1253 nəfəri isə xarici turist olub. Xarici turistlər 20-dən artıq ölkənin, o cümlədən Türkiyə, İran, Rusiya, Almaniya, Çin, ABŞ, İndoneziya, Qazaxıstan və ərəb ölkələrinin vətəndaşları olub.
Onu da bildirdilər ki, turistlərin hər zaman maraq göstərdiyi məkana son illərdə marağın artmasının başlıca səbəblərindən biri də burada yaradılan şəraitdir. UNESCO-nun Dünya irs siyahısına daxil edilən Qobustan qoruğunda 2011-ci ildə yaradılan muzey kompleksi ən müasir muzey standartlarına cavab verir. Kompleks 2013-cü ildə “Avropada ilin muzeyi” müsabiqəsinin qalibi olub. Heç də təsadüfi deyil ki, 2016-cı ildə qoruğu 65 mindən çox turist ziyarət edib.
Qədim tarixin, əski dini inancın nişanəsi olan “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğu da Novruz bayramı günlərində turistlər üçün cəlbedici məkan olub. Qoruqdan verilən məlumata görə, ərazidə aparılan konservasiya işlərindən sonra turistlərin sayı ildən-ilə artmaqdadır. Ənənəvi olaraq paytaxtda keçirilən Novruz (İlaxır çərşənbə) şənliklərinin tonqalı hər il “Atəşgah”dan gətirilən odla alovlandırılır. Builki mərasim də rəngli görüntülər, bayram təntənəsi ilə yadda qaldı.
Həmçinin bayram günlərində “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Naxçıvan Muxtar Respublikasından Bakıya gələn məktəblilər martın 18-də “Atəşgah məbədi” qoruğunda olublar. Ekskursiyada iştirak edən 160 şagird və 20 müəllimə bu qədim abidənin tarixi haqqında ətraflı məlumat verilib.
Qoruqdan bildirdilər ki, abidəni ziyarət edən turistlərin əksəriyyəti yerli vətəndaşlar olsa da, məbədə xarici turistlərin də marağı böyükdür. Bayram günlərində “Atəşgah məbədi”ni 1727 nəfər turist ziyarət edib. Onlardan 820-si Rusiya, İran, ərəb və Avropa ölkələrindən gələndir.
“Yanardağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunda da bayram tədbiri keçirilib. Novruz bayramı ilə əlaqədar qoruq ərazisində abadlıq işləri görülüb, ətrafda ağaclar və güllər əkilib. “Yanardağ”ın təbii alovu önündə təşkil edilən el şənliyində Qobu Uşaq incəsənət məktəbinin kollektivi ədəbi-bədii proqramlarla çıxış edib. Bayram tədbirinə Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, İraq və başqa ölkələrdən gəlmiş xarici turistlər də qatılıb.
Qeyd edək ki, ölkəmizdə fəaliyyət göstərən digər qoruqlarda da bayram mərasimləri, yerli folklor qruplarının iştirakı ilə konsert proqramları təşkil olunub.
Fariz Hüseynov
Mədəniyyət.- 2017.- 29 mart.-
S.8.