“Emalatxanada
görüş”dən yadda qalanlar
Layihənin
birinci mərhələsi ilə
bağlı qeydlər
Xəbər verildiyi kimi, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə bu ilin 26 yanvarında “Emalatxanada görüş” adlı layihənin icrasına başlanılıb. Layihənin ilk mərhələsində gənc rəssam və heykəltəraşlar İmran Mehdiyev, Namiq Hüseynov, Abbas Məmmədov və Nərminə Vəliyevanın emalatxanasında görüşlər keçirildi. Layihə onların yaradıcılıq axtarışlarını, üslub özəlliklərini, orijinal ideyalarını ictimaiyyətə təqdim etmək üçün vasitə oldu desək, yanılmarıq.
İlk görüş yeri Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Heykəltəraşlıq fakültəsinin doktorantura pilləsində təhsil alan İmran Mehdiyevin emalatxanası oldu. Bu məkan bizə gənc və istedadlı heykəltəraşın yaradıcılıq dünyasının qapılarını açdı. Ünsiyyət zamanı məlum oldu ki, hazırda İmran Mehdiyev yeni layihələr üzərində işləməklə yanaşı, elmi iş olaraq Azərbaycanın qadın heykəltəraşlarından Əməkdar incəsənət xadimi Həyat Abdullayevanın ömür yolu və yaradıcılığını araşdırır.
İmran Mehdiyev 1991-ci ildə Bakıda anadan olmuşdur. Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının Heykəltəraşlıq
fakültəsinin bakalavr
və magistratura pillələrində ali təhsil almışdır. Tələbəlik dövrlərindən başlayaraq
beynəlxalq və respublika miqyaslı sərgilərin, simpoziumların
iştirakçısı və
qalibi olmuşdur.
Buna nümunə kimi 2011-ci ildə Moskvadakı Burqanov Mərkəzinin keçirdiyi
beynəlxalq simpoziumda
“Qız portreti” əsəri ilə diploma layiq görülməsini göstərmək olar.
İmran Mehdiyev həm
dəzgah heykəltəraşlıq,
həm də müxtəlif plastik kompozisiyaların müəllifi
kimi diqqət çəkir. Onun Bakıda - dünya şöhrətli həmyerlimizin
adını daşıyan
26 nömrəli Musiqi
məktəbində qoyulan
“Müslüm Maqomayev”
(2011), Xocalı soyqırımına
həsr olunmuş “Donmuş əzab” (2013), Bakıda keçirilən
“Sərhədsiz incəsənət”
(Azərbaycan-Türkiyə) simpoziumunda nümayiş olunmuş “Nirvana” (2013), bakalavr
diplom işi olaraq işlədiyi “Cavad xan” (2013), dəzgah heykəltəraşlığı
nümunələrindən olan “Gimnastika” (2014), Belçikanın Waterloo şəhərində
ucaldılan “Xurşudbanu
Natəvan” (2015) və
s. olduqca maraqlı və kompozisiya həllinə görə düşündürücü əsərlərdir.
İkinci görüş məkanımız
gənc heykəltəraş
Namiq Hüseynovun emalatxanası oldu. Məkana giriş zamanı bizi qarşılayan məşhur violonçel
ifaçısı, dirijor
Mstislav Rostropoviçin
monumental heykəli növbəti
zaman axımında görüşün maraqlı
olacağından xəbər
verirdi.
Namiq Hüseynov heykəltəraşlıq,
qrafika, keramika sahəsində, eləcə
də sənədli filmlər üzərində
işləyir. Hazırda Bakıda
qoyulan heykəllərin
yaranması ilə bağlı sənədli
film üzərində çalışır.
O, 1986-cı ildə
Şəki rayonunun Turan qəsəbəsində
anadan olmuşdur. Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının Qrafika
fakültəsində Xalq
rəssamı Yusif Hüseynovun və Heykəltəraşlıq fakültəsi
üzrə Xalq rəssamı Tokay Məmmədovun
emalatxanasında təhsil
almışdır. Respublika və
beynəlxalq sərgilərin
iştirakçısıdır. Azərbaycan Karikaturaçı Rəssamlar
Birliyinin və FECO-nun
Azərbaycan bölməsinin,
Azərbaycan Rəssamlar
İttifaqının üzvüdür.
Əl işləri Azərbaycan Dövlət Rəsm Qalereyası, Musiqi Mədəniyyəti
Dövlət Muzeyi, Qlinka adına
Moskva Dövlət Musiqi Muzeyi və
Rostropoviçin ev-muzeyində
saxlanılır.
Layihə üzrə növbəti
ziyarət etdiyimiz məkan gənc rəssam Abbas Məmmədovun emalatxanası
idi. O, 1986-cı ildə
Bakıda anadan olmuş, Əzim Əzimzadə adına
Azərbaycan Dövlət
İncəsənət Kollecinin
Rəngkarlıq fakültəsində,
Azərbaycan Dövlət
Rəssamlıq Akademiyasının
bakalavr pilləsində
təhsil almışdır.
2012-ci ildə
SOCAR-ın təşkil
etdiyi “İncəsənət
enerjisi” (“Art Energy”) adlı
sərgidə “Keçmişdən
gələcəyə”, 2013-cü ildə Muzey Mərkəzində keçirilən
sərgidə “Venesiyada
günorta”, 2014-cü ildə
yenə bu məkanda 8 Mart bayramı münasibətilə təşkil
olunan sərgidə “Venera güzgü qarşısında” əsərləri
ilə iştirak etmişdir. Rəssamın “İçərişəhər”,
“Keçmişdən gələcəyə”
əsərlərində Bakının
qədim hissəsi, tarixi-memarlıq qoruğu olan İçərişəhərin
köhnə evləri
öz əksini tapmışdır. “Mis
qablarla natürmort”, “Üzüm və əncirlə natürmort”,
“Muğam”, “Bakı limanı” və s. tabloları yaddaqalan əsərləri sırasındadır.
Və layihənin sonuncu
iştirakçısı öz
emalatxanasının qapılarını
bizlərə açan
gənc rəssam Nərminə Vəliyeva oldu. O, 1989-cu ildə
Bakıda doğulmuş,
Azərbaycan Dövlət
Rəssamlıq Akademiyasının
Rəngkarlıq fakültəsinin
bakalavr və magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının
dissertantıdır.
Gənc rəssam 1999-2000-ci illərdə BMT xətti ilə keçirilən müsabiqələrdə qalib
gəlmiş, əsərləri
buraxılan təqvimlərə
daxil edilmişdir.
2000-2002-ci illərdə Ukraynanın Donetsk şəhərində
keçirilən Beynəlxalq
“Sualtı fantaziyalar” müsabiqəsinin laureatı
olmuş və əsərləri Fransanın
Trua şəhərinə
Sualtı fantaziyalar muzeyinə göndərilmişdir.
2001-ci ildə Yaponiyanın Yamaha şəhərində
keçirilən “Okean”
adlı beynəlxalq müsabiqədə qızıl
medala layiq görülmüşdür. 2010-cu ildə gənclər arasında “İlin ən yaxşı rəssamı” adını
qazanmış, 2011-ci ildə
Tbilisi Rəssamlıq Akademiyasında
təşkil olunan sərgidə əsərləri
nümayiş olunmuş,
ADRA və Memar Sinan Universitetinin birgə təşkil etdiyi “Sərhədsiz incəsənət” adlı
simpoziumda birinci yerə layiq görülmüşdür.
Əsərlərində kompozisiyanın mərkəzini
qadın obrazları tutur. Rəssamın
“Hökmranlıq”, “Tənhalıq”,
“Zərif Quba”, “Sevgi” əsərləri yaradıcılığının diqqətçəkən nümunələrindəndir.
Beləliklə, “Emalatxanada görüş”
layihəsi gənc rəssamların yaradıcılıqlarını
sənətsevərlərə təqdim etdi, həmçinin gələcəkdə
yeni yaradıcı insanları ətrafına
toplayacaq uzunmüddətli
mədəni ünsiyyətin
təməlini qoymuş
oldu.
Həmidə Süleymanova
Azərbaycan
Dövlət Rəsm Qalereyasının əməkdaşı
Mədəniyyət.- 2017.- 29 mart.-
S.10.