Azərbaycan tarixşünaslığında
məktəb yaradan alim
Orta əsrlər Azərbaycan
tarixinin dərindən
araşdırılmasında AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Oqtay Əfəndiyevin xüsusi xidmətləri olub. Azərbaycan səfəvişünaslıq elmi məktəbinin banisi hesab olunan
görkəmli alim tarixçi kadrların yetişməsinə də
mühüm töhfələr
verib.
Oqtay Əbdülkərim oğlu Əfəndiyev 26
mart 1926-cı ildə Bakıda
dünyaya göz açıb. 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin
(BDU) Şərqşünaslıq fakültəsinə qəbul
olunur. Bir il sonra
Moskva Şərqşünaslıq
İnstitutunda təhsilini
davam etdirir.
Tələbə ikən Azərbaycanın
qədim və orta əsrlər tarixinə böyük maraq göstərir. Müxtəlif dillərdə olan
əski qaynaqları araşdırır. 1951-ci ildə Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun aspiranturasına qəbul edilir. Bir müddət sonra
Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq
İnstitutuna ezam olunur. Şərq feodal dövlətlərinin
təşəkkülü, inkişafı, tənəzzülü
və süqutu problemlərini araşdırır.
Səfəvilər dövlətinin tarixi
gənc alimin diqqətini daha çox cəlb edir. Fərqli qaynaqlar, nadir əlyazmalar
üzərində gərgin
axtarışlar aparır
və Səfəvilər
haqqında ilk monoqrafiyasını
hazırlayır.
Araşdırmalarda qeyd olunur ki, O.Əfəndiyev bu elmi əsəri
ilə Səfəvilər
dövlətinin İrana
məxsus olması haqqında uzun müddət tarix elmində, şərqşünaslıqda
hökm sürən müddəanın əsassız
olduğunu sübut edir. Bu dövlətin
yaranmasında və inkişafında Azərbaycan
türklərinin həlledici
rolunu faktlarla əsaslandırır.
Onun elmi yaradıcılığı,
pedaqoji fəaliyyəti
Azərbaycanda tarix elminin, şərqşünaslığın
inkişafı ilə
sıx bağlı olub. Hələ gənc çağlarından
Azərbaycan tarixi problemlərinin qoyuluşu
və həlli təcrübəsində özünəqədərki
yanaşmalarda köklü
dəyişikliklər edib,
yeni metodoloji prinsiplər hazırlayıb.
O.Əfəndiyev namizədlik dissertasiyasını
uğurla müdafiə
etdikdən sonra taleyini Azərbaycan EA-nın Tarix İnstitutu ilə bağlayır. 1969-cu ildə doktorluq dissertasiyasını müdafiə
edən tədqiqatçı
2013-cü ilədək Tarix
İnstitutunun Azərbaycanın
orta əsrlər tarixi şöbəsinə
rəhbərlik edir.
2001-ci ildə AMEA-nın müxbir üzvü seçilir.
Alim elmi fəaliyyəti ərzində
Azərbaycan, türk,
rus, ingilis, fransız, fars
və digər dillərdə 200-dək elmi
və ensiklopedik məqalə, məruzə,
tezis, tarixi xəritə və s. nəşr etdirib. Bu əsərlərin 50-dən çoxu
respublika hüdudlarından
kənarda - Türkiyə,
Rusiya, İran, Gürcüstan, Qazaxıstan,
Əfqanıstan, Fransa,
İngiltərə, ABŞ və s. ölkələrdə
çap olunub.
O.Əfəndiyev təkcə Səfəvilər
dövlətinin tarixi
ilə əlaqədar
kitablarla yanaşı,
Azərbaycan tarixi üzrə 10-a qədər
ümumiləşdirici əsərin
yazılmasında yaxından
iştirak edib. Yeddicildlik “Azərbaycan tarixi”nin üçüncü
cildinin məsul redaktoru və əsas müəlliflərindən
biri olub.
Görkəmli alimin bir sıra tədqiqatları Azərbaycanın dövlətçilik
ənənələrinə, hərbi və ictimai-siyasi tarixinə həsr edilib. O, Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətlərinin mülki
və əsgəri təşkilatına, Şah
İsmayıl Xətainin
daxili və xarici siyasətinə, I Şah Təhmasibin şəxsiyyətinə, Şirvanşahlar
dövlətinin son dövrünə,
Səfəvilər dövlətinin
qurulmasında türk
tayfalarının roluna,
Səfəvi-Osmanlı münasibətlərinə
və s. bu kimi məsələlərə
dair çoxsaylı məqalələr həsr
edib.
20-dən artıq
kitabın elmi redaktoru olan tarixçi alim Ağqoyunlu dövlətinin
saray tarixçisi Fəzlullah ibn Ruzbehan Xuncinin “Tarixi-aləmarayi-Əmini” əsəri,
Şah Təhmasibin təzkirəsi və bir sıra çağdaş
tarixçilərin əsərləri
məhz onun redaktəsi altında elmi ictimaiyyətə təqdim edilib.
Milli ruhlu tarixçi
kadrların hzırlanması
yolunda böyük səy göstərən O.Əfəndiyev 6 elmlər
doktoru və 12 elmlər namizədi yetişdirib. Müxtəlif vaxtlarda Bakı Dövlət Universiteti və Türkiyənin Mərmərə Universitetində
mühazirələr oxuyub.
1994-2004-cü illərdə
Xəzər Universitetində
pedaqoji fəaliyyət
göstərib. Xəzər Universiteti
və AMEA-nın Tarix İnstitutu tərəfindən alimin biblioqrafiyası nəşr
edilib. O, 2006-2007-cı illərdə Azərbaycan
Respublikası Prezidenti
yanında Ali Attestasiya
Komissiyasının tarix
üzrə ekspert şurasının rəhbəri
olub.
Oqtay Əfəndiyev 26 fevral 2013-cü ildə, 87
yaşında vəfat
edib.
Savalan Fərəcov
Mədəniyyət.- 2017.- 29 mart.-
S.11.