Uğura gedən yol
Gənc bəstəkarla
üz-üzə
Müsahibimiz görkəmli bəstəkar, pedaqoq, SSRİ Xalq artisti Arif Məlikovun yetirməsi, gənc bəstəkar, tədqiqatçı, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının əməkdaşı İlahə Qismətdir.
İlahə Qismət qızı İsrafilova 1993-cü ildə Bakıda musiqiçi ailəsində anadan olmuşdur. Bülbül adına Orta ixtisas musiqi məktəbində fortepiano, muğam ifaçılığı və bəstəkarlıq ixtisasları üzrə oxumuşdur. Pianoçu kimi müxtəlif konsertlərdə öz bacarığını göstərmiş, eləcə də yazdığı musiqi əsərlərini dinləyicilərə təqdim etmişdir. 2010-cu ildə məktəbi bitirərək Bakı Musiqi Akademiyasının Tarix-nəzəriyyə fakültəsinə bəstəkarlıq ixtisası üzrə qəbul olunmuşdur. Təhsil müddətində yüksək qiymətlərlə fərqləndiyinə görə “Qara Qarayev” adına fərdi təqaüdə layiq görülmüşdür. 2014-cü ildən ali təhsilini akademiyanın Bəstəkarlıq fakültəsinin magistratura pilləsində davam etdirmişdir. Təhsil illərində müxtəlif janrlarda əsərlər (Bəxtiyar Vahabzadənin sözlərinə yazılmış “Hisslər” vokal-instrumental romanslar silsiləsi, “Rəngli lövhələr” uşaq albomu (pyeslər), “Müqəddəs Vətən” - hərbi orkestr üçün marş, “Qələbə” simfonik poeması, “Əsrin müqaviləsi” adlı himn və s.) bəstələmişdir, elmi məqalələrin müəllifidir. Hazırda Bakı Musiqi Akademiyasının doktorantı və əməkdaşıdır.
- İlahə xanım, təhsiliniz və yaradıcılıq karyeranızın bu səviyyəyə gəlib çıxmağında Bakı Musiqi Akademiyası sizə nələr qazandırdı? Uğura gedən yolda hansı çətinliklərlə rastlaşdınız, hansı nailiyyətlər əldə etdiniz?
- Təhsil uğurlu karyeranın təməl
daşıdır. Yüksək istedada malik olsan belə savadlı olmaq şərtdir. Mən də ixtisasım üzrə məni irəli aparacaq təhsilə öncə Bülbül adına
Orta ixtisas musiqi məktəbində,
daha sonra Bakı Musiqi Akademiyasında yiyələnmişəm,
bakalavr və magistr pillələrini fərqlənmə diplomları
ilə başa vurmuşam. Gələcək elmi yaradıcılıq
yoluma - inamla və dəyərli müəllimlərimin tövsiyəsi
ilə doktorantura pilləsinə daxil oldum.
Üzeyir bəy ocağında
canlı əfsanəmiz
olan Arif Məlikovdan dərs ala bilmək isə Tanrının mənə
böyük mükafatıdır.
Bu illər ərzində
onun hər kəlməsindən bəhrələnməklə,
şəxsən özündən
məsləhət, tərif
və iradlar eşitməklə daxilimdəki
fərdi potensialımı
kəşf etdim.
Arif müəllimlə yanaşı
digər müəllimlərimin
də üzərimdə
əməyi böyükdür.
Onlara minnətdaram. Həyatda asan
heç nə yoxdur. Əsas odur, məqsədini
biləsən. Tək amalım
Azərbaycan mədəniyyətinə
xidmət etmək və öz töhfələrimi verməkdir.
- Magistr təhsilini bitirdikdən sonra ilk kitabınız işıq üzü görüb. Bu kitab
nədən bəhs edir?
- İlk
monoqrafik kitabım Əməkdar incəsənət
xadimi Gülnaz Abdullazadənin bəstəkarlıq
fəaliyyətinin xüsusiyyətlərindən
bəhs edir. Professor G.Abdullazadə Azərbaycan musiqi elminin inkişafı üçün saysız
xidmətlər göstərmiş
əvəzsiz şəxsiyyət
olmaqla yanaşı, həm də bəstəkardır. Tədqiqat obyekti
olaraq onun bəstəkarlıq fəaliyyətini
araşdırmaq mənə
olduqca maraqlı oldu. Kitabın ərsəyə gəlməsində onun elmi redaktoru professor Oqtay Rəcəbovun da böyük rolu var.
- Yaradıcılıq
fəaliyyətinizə nəzər
salarkən çox aktiv bir gənc
olduğunuzun şahidi
oluruq. Tələbəlik illərindən bir
neçə uğurlu
layihələrə imza
atmısınız. Bir
az bu
barədə danışın.
- Bu gün Azərbaycanda həyata keçirilən dövlət
gənclər siyasəti
sayəsində bizlərə
hərtərəfli şərait
yaradılır. Mən də
öz növbəmdə
vətənimə müxtəlif
mövzulu layihələrimlə
xidmət göstərməyə
çalışıram. Prezident Yanında Gənclər Fondu bir neçə
layihəmə yardımçı
oldu. Bu sırada
birinci olaraq “Muğamatım bir dəryadır” layihəsini
qeyd edə bilərəm. Layihə çərçivəsində
görkəmli muğam
biliciləri ilə Bakı Musiqi Akademiyasında keçirdiyimiz
təlim geniş maraq və rəğbətə
səbəb oldu.
Sonra Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olmuş “Mən Vətən torpağı, Vətən
daşıyam” adlı
layihəmi Müdafiə
Nazirliyinin və Qarabağ Müharibəsi
Əlilləri, Veteranları
və Şəhid Ailələri İctimai Birliyinin dəstəyi ilə həyata keçirdim. Xalq artisti, professor Y.Axundzadənin
bədii rəhbərliyi
ilə Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində
keçirdiyimiz konsertdə
Zabitlər evinin mahnı və rəqs ansamblı, tanınmış müğənnilər
Zümrüd Məmmədova,
Heydər Anatollu və başqa incəsənət nümayəndələri
çıxış etdi.
Bu qəbildən olan layihələri gələcəkdə də
davam etdirmək niyyətindəyəm.
- Artıq sərbəst şəkildə,
müəllim nəzarətindən
kənar musiqi əsərləri bəstələyirsiniz.
Bu yolda özünüzə
yetərincə güvənirsinizmi?
- Müəllim
nəzarətindən ayrıldığım
zamandan etibarən yazdığım əsərlər
bir sıra müsabiqələrdə qalib
olub. Sonuncu dəfə “Əsrin müqaviləsi”nin 20 illik yubileyinə həsr olunmuş ən yaxşı vokal əsər müsabiqəsində I yerə
layiq görülmüşəm.
Zövqlər müxtəlifdir. Bacardığım qədər hər
kəsin könlünü
oxşamağa səy
göstərirəm. Gələn rəylər,
fikirlər isə mənim püxtələşməyimə
yardımçı olur.
Zaman isə bir musiqiçi
kimi necə qəbul olunduğumu göstərəcək.
- Azərbaycan-İsrail və Azərbaycan-Türkiyə dostluğuna həsr olunmuş musiqi əsərləri yazmısınız. Bu ideya necə yarandı?
- İsrail-Azərbaycan dostluğu haqqında “Əbədidir dostluğumuz” əsərinin yazılma təklifi Bəstəkarlar İttifaqına edilmişdi, oradan isə mənə təklif gəldi. Əsər hər iki ölkənin bəşəri faciəsini - Holokostu, Xocalını əks etdirir, şəhid Albert Aqarunovun simasında bizə qəhrəman övladlarımızı xatırladır. Əsəri iki dövlətin musiqi rəmzinə çevirməyə, İsrail “Havanagila”sı və bizim “Cəngi”ni birləşdirməyə çalışmışam. Layihədə özüm həm də ifaçı kimi çıxış etdim, hər iki dildə - Azərbaycan və ivrit dillərində oxudum. Sevinirəm ki, bu layihənin altında layihə rəhbəri Səadət Şükürova ilə birgə mənim də imzam var. Əsər şəhidlərimizin uca xatirəsinə və iki dövlət arasında səmimi dostluğa ithaf olunmuşdur.
“Türkiyə ilə Azərbaycan” layihəsi Xalq artisti Zümrüd Məmmədovanın ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə Türkiyəyə səfəri ərəfəsində hazırlanmışdır. Mahnının sözləri və musiqisi mənə aiddir. Zümrüd xanım əsərimi yüksək professionallıqla ifa etmişdir. “Çahargah” muğamı əsasında yazılmış mahnının orta bölməsində ani “Segah”a keçmək və sözlərdə ortaq dərdimiz Qarabağı anmaq və yenidən musiqinin “Çahargah”a qayıtmasını təmin etmək bir kompozisiya daxilində bacarıq və istedad tələb edir. Təvazökarlıqdan uzaq olsa da, bunun öhdəsindən gəldiyimi düşünürəm.
- Bu zəhmətlərinizin qarşılığında mükafatlar da qazanmısınız. Sizin üçün ən çox hansı dəyərli olub?
- Sevinirəm ki, gördüyüm işlər daim diqqətəlayiq görülür və zaman-zaman mötəbər qurumlar tərəfindən mükafatlandırılıram. Zəhmətim qarşılığında nail olduğum üçün hər bir mükafat dəyərlidir. Mən mədəniyyətə xidmət edirəm. Mükafatlandıranlar da çox sağ olsunlar, bu, mənim üçün böyük stimuldur.
Biz də gənc istedada bu məsuliyyətli sənətində daha da zirvələrə qalxmağı arzu edirik. Uğura gedən yolu daima işıqlı olsun!
Lalə Namiqqızı
Mədəniyyət.- 2017.- 29 mart.-
S.12.