Daim nəticəyə işləmiş aktyor

 

 

 

   Müsahibələrinin birində “Mən bütün rollarımı bitmiş bir fikri ifadə edən cümlə kimi təqdim etməyə çalışmışam” demiş Muxtar Maniyev

  

   “Mən daim gözdən yayınmağa çalışan fağır bir uşaq kimi olmuşam. İnsaniyyətcə böyüklər bunu qiymətləndirdikcə, üzə çıxmışam”; “Diqqətdən yayınanda, “yaddan çıxanda” da heç kəsi yox, özümü qınamışam”; “Həmişə çəkilib bir kənarda dayanmış, çağırıldıqca gedib çəkilmiş və bir də başımı qaldırıb eşitmişəm ki, sən demə, 157 filmdə çəkilmişəmmiş”...

     

   Çəkildiyi filmlərin sayından xəbərsiz bu aktyorun başqalarına (əlbəttə, rejissor və həmkarlarına) xəbər etmədən gördüyü işlər də olub. Bunların ən maraqlısı isə “Bəyin oğurlanması” filminin çəkilişində - toy kadrlarında baş verib. Həmin toya növbəti qonaq kimi gələn Muxtar Maniyevİsrafiiil!” deyə, Səyavuş Aslanın üstünə əməlli-başlı hücum edirona (ssenaridəki “qucaqlayıb özünə çəkir” əvəzinə) yağlı bir şapalaq çəkir. Bəs sonra? Nə olacaqdı, bunu (fitrətində “dəyirmanın boğazından ölü girib diri çıxmaq” qabiliyyəti olsa da) gözləməyən Səyavuş, kadrdan da hiss olunduğu kimi, pərtlikdən özünü itirir və deyilənə görə, arayalosalmaq istəyir. Lakin o, film rejissorunun şəhadət barmağını yuxarı qaldıraraq “Əla! Alındı!” sözlərini eşidincə, sakitləşir...

   Muxtar Maniyev isə “sakitləşmir” - hələ birinci kurs tələbəsiykən ilk rol aldığı “Onu bağışlamaq olarmı” filmində ekran sənətinə necə girişib-gəlişmişdisə, bütün ömrünü eləcə davam etdirir. 1982-də layiq görüldüyü Əməkdar artistlikdən Xalq artistliyinədək (2000) hər il 4-5 filmə (“Mozalansatirik kinojurnalı da daxil) dəvət edilir.

   Bu qədər obrazlar yaratmış bu sənətkarın -

  

   Öz obrazı...

  

   1935-ci ildə Bakıda doğulan, ilk təhsilini 199 saylı məktəbdə alan, ovaxtadək aktyorluğa həvəsi olmadığından Neft-Kimya İnstitutunda mühəndis ixtisasına yiyələnən Muxtar Qəmbər oğlu Maniyevin sənət ömrünü say-hesabından “xəbərsiz” olduğu obrazlardan ibarət seriala da bənzətmək mümkün...

   Səbəbini bu yazının sonrakı abzaslarından biləcəyiniz bir nüansa toxunum; yaxın ətrafının diqqətinə “mükəmməl mühəndis perspektivlibir gənc kimi düşmüş Muxtarı aktyorluq sənəti necə ovsunlayırsa, diplomu əlinə aldıqdan sonra, “dəmir intizamlı” atasını belə eşitmədən, sənədlərini Azərbaycan Dövlət İncəsənət İnstitutuna (indiki ADMİU) təqdim edərək, ikinci ali təhsilə başlayır. Mühəndislik tələbəliyində çəkildiyi məlum filmdən sonra onun bəxt-uğur qapısı “Koroğlukimi böyük ekran qalasına açılır. Kinorejissor H.Seyidzadə bu filmə aktyor axtarışı üçün instituta gələndə, Muxtarı elə ilk baxışdan gözü tuturonu dəmirçi oğlu Polad rolunda çəkir. Bu möhtəşəm qəhrəmanlıq dastanında ona həvalə edilən Polad obrazı haqda o vaxtın tənqidi də “Azərbaycan kinosuna yeni nəfəs, yeni ampluada aktyor gəlib” kimi fikir söyləyir. Sonrakı illər bir-birinin ardınca “İnsan məskən salır”, “O qızı tapın”, “Bizim Cəbiş müəllim” filmlərində uğurlu qəhrəmanlar canlandırmaqla özünü təsdiq edir.

   Kino mütəxəssislərinin maraqlı səslənən (və müsahibələrinin birində özünün də şərik olduğu) belə bir qənaəti var: “Bir aktyor kimi M.Maniyevin konkret ampluası yoxdur”... Bu fikrin açması da maraqlıdır: “O, ekranlarda bir-birinə daban-dabana zidd olan xarakterləri eyni ustalıq və uğurla yarada bilir. Bu obrazlar gah əzazil, gah fırıldaqçı, zalım, bəzən çox dəyərli insan, bəzən şux zarafatları, gür-güləç ədaları ilə tamaşaçılara qeyri-adi sevinc bəxş edən personajlardır. Bütün bunları komplektləşdirən isə, bənzərsiz sənətkar Muxtar Maniyevin istedadı, universal yaradıcılıq intellektidir.”

   Çox geniş diapazonlu bu aktyorun bütün rollarından danışmaqçün gərək, ən azı, 157 cümlə işlədəsən. Buuzunçuluqdan xilas olmaqçünsə, lazımdır ki, “heç vaxt baş rol qıyılmamış bu aktyor 40 ildən artıq yaradıcılığı dövründə milli kinomuz üçün, neçə-neçə baş rol oynamış çoxlarından daha qiymətli sənət yadigarları qoyub getmişdirkimi, kimlərinsə ağız büzəcəyi qənaətlər işlədəsən...

   Yazırlar ki, Azərbaycan kinosunu M.Maniyevsiz təsəvvür etmək mümkün deyil, onun rollarında əsl xarakterial millilik, azərbaycanlılıq yaşanır. Maraqlıdır ki, bütün rejissorlar da bir-birindən (və özlərindən) “xəbərsiz” ona məhz bu tip rolları həvalə ediblər. “Bəxt üzüyü” və ya “Ölsəm... bağışla” filmlərindəki Zırpı, Seyidrza rollarını gözlərimiz qarşısına gətirək. “Filmin sonu” titrinədək bir kəlmə danışmayan o Zırpı bütün film uzunu fasiləsiz monoloq-dialoqlayanların hansından az söz deyir?! Yaxud, müharibənin ağır illərində insanlara etdiyi zülmlərin nəticəsini görən və bunun “qarşılıq meyvələrini” dərən Seyidrzanın məğmunluq anlarını necə təqdim edir?!

   OnunBizim Cəbiş müəllim” filmində yaratdığı “dezertir” obrazı üstündən isə “növbətçi” cümlə-təsvirlə keçmək olmaz. Bəli, gözəl mütəxəssisliyinə görə cəbhədən saxlanmabronu olan ata ilə tay-tuşlarından “dezertir oğlu” qınağı eşidən oğul üz-üzədir. Yada salaq; ata rolu ifaçısının istedadı həmin kadrlarda necə atəşlənir? Oğulun: “Ata, sən dezertirsən?” xitabı ona, çox vacib bir səbəbdən getmədiyi (və bu söhbətdən sonra bəlli olur ki, gedəcəyi) cəbhədəki xəyali düşmən gülləsindən də bərk dəymirmi?!.

   Kadrlarda görünən andan tamaşaçının xüsusi diqqət aurasına düşən, sona qədər məxsusi bir sevgi ilə izlənilən və seçkin bir surət olaraq yaddaşlara hopan Muxtar Maniyev haqdaçox məhsuldar aktyor idi” demək, məncə, artıqdandır. Yaxşı olar ki, onun “Azərbaycanfilm” kinostudiyası nəzdindəki “Kinoaktyor - teatr studiyası”nda əsl ekran vurğunu və mütəxəssisi kimi fəaliyyət göstərməsini, sahə tədbirlərində çox fəal iştirak etməsini, xüsusən də, ömrünün sonlarında ümumən sənət-həyat aləmini ehtiva edən xatirələr yazmasını xatırladaq. Və elə burdaca əlavə edək ki, onun uzun illər ürək-qan dövranının pozulması və şəkər xəstəliyindən əziyyət çəkməsinin bir səbəbi də bəlkə bu qeyri-adi məhsuldarlıqla çalışması olub.

   Yuxarıda onun xatirələr yazdığını da qeyd etdik və aşağıda onlardan -

  

   Bəzi sətirlər...

  

   Biz altı qardaş olmuşuq. Atam rəhmətlik bir-bir tapşırmışdı ki, kim hansı institutda oxuyacaq. Bizim boynumuzda haqq olub: atamızın sözündən çıxmayaq! Atam görkəmli, əzəmətli kişi idi. Ona görə, çalışmışam, qardaşlarımın dəstəsindən kənarda qalmayım, oxuyum, bir tərəfə çıxım. Görünür, taleyin işidir də, adamın canında nə istedadı varsa, yol açır ki, sən bu işlə məşğul ol.

   İmkanım olsa, bir saat belə çəkiliş meydançasından aralı düşmərəm; axı, insandan yalnız onun əməlləri yadigar qalır.

   Hərdən deyirlər, maşallah, bu qədər azar-bezarla, insana minbir acı yaşadan “şəkər”lə yenə yaxşısan, deyirəm, hansı dərmanın hansı aptekdə olub-olmamasına qədər bilən həyat yoldaşımın sayəsində yaxşıyam! Bütün günü məni güdür ki, görsün, dərmanları vaxtlı-vaxtında qəbul edirəm, ziyanlı bir qida yeyirəm, isti-soyuqda çölə-bayıra çıxıram, ya yox? Birki, mən boş-bekar dayanan adam deyiləm. Kitab yazıram (bu haqda onu tamamlayıb ortalığa çıxarandan sonra danışacağam), başqa işlər var. Bir sözlə, mən məşğul adamam, hər vaxt özümə tapıram. Elə bu xəstəliklərə “vaxtından əvvəl” can verməməyimin, bu laqeyd dünyada darıxmamağımın əsas səbəbi budur”.

   Lakin... səhhəti getdikcə pisləşən sənətkar 2016-cı il dekabrın 22-də dünyasını dəyişir.

   Allah rəhmət eləsin...

  

   Tahir Abbaslı

 

Mədəniyyət.- 2017.- 29 mart.- S.13.