Azərbaycan jurnalistikasında işıqlı iz

 

 

   Əşrəf Hacıyev həmkarlarının xatirələrində

 

   Yeri görünən həmkarım  

   Əməkdar jurnalist Əşrəf Hacıyev (1932-2001) Azərbaycan mətbuatının inkişafına dəyərli töhfələr vermiş qələm sahiblərindəndir. Müxtəlif illərdə «Azərbaycan gəncləri», «Kommunist» («Xalq qəzeti») və «Respublika» qəzetlərində işləmiş publisist-yazıçı özündən sonra iyirmiyə qədər kitab və minlərlə məqalə, nəsr və dram əsərləri, kinossenarilər, mətbuat tarixinə dair elmi araşdırmalar, rus dilindən bədii, elmisiyasi əsərlərin tərcümələrini əhatə edən zəngin irs qoymuşdur. Bunlardan «İtkin atanın oğlu», «Onun qanı ürəyimdədir» povestlərini, «Eynəkli kişi», «Son görüş», «Daş güzgü» hekayələr məcmuələrini, «Gözəllər zinəti», «Alma bağı», «Məsləhət», «Varislər», «Məhəbbət novellası» və b. pyeslərini, «Məhəbbət könül çırağıdır», «Günəş nəslinə məktublar», «Milyonlar belə yaranır», «Şirvanın şöhrəti» və s. publisistik kitablarını göstərmək olar.

   Əşrəf Hacıyevin anadan olmasının 85 illiyi münasibətilə onu iki tanınmış jurnalist həmkarının xatirəsini dərc etməklə yad edirik. Birinci xatirəni 53 il «Xalq qəzeti»ndə (“Kommunist”) işləmiş, “Tərəqqi” medallı Telman Əliyev vəfatından təxminən bir il əvvəl qələmə almışdır. İkinci xatirə Əməkdar jurnalist Svetlana Nəcəfovaya məxsusdur.

  

  

   İyirminci əsr Azərbaycan jurnalistikasının beşiyi sayılan "Kommunist" qəzetində xalqımızın görkəmli zəka sahibləri, söz sərrafları çalışıblar. Bu insanların əksəriyyəti indi xatirələrdə yaşayır. Onların arasında müqtədir qələmi ilə qəzetçilik sənətimizdə öz cığırını açan Əşrəf Hacıyev də vardır.

   Mən Əşrəf müəllimlə ilk dəfə 1960-cı ildə «Azərbaycan gəncləri» qəzeti redaksiyasında tanış olmuşam. Bakı Dövlət Universitetinin Filologiya fakültəsi nəzdindəki Jurnalistika şöbəsinin tələbəsi kimi bu qəzetdə təcrübə keçirdim. Əşrəf Hacıyev, Cəmil Əlibəyov, Camal Qaryağdı, Zeynal Babayev, Davud Abdulkərimov və başqaları o dövrdə qəzetin simasını təmsil edən ustad jurnalistlər idi. Əşrəf Hacıyev artıq o zaman gözəl yazıçı kimi də tanınırdı. «İtkin atanın oğlu», «Onun qanı ürəyimdədir» povestləri, hekayələri ictimaiyyət tərəfindən maraqla qarşılanmışdı. Qəzetə gəlincə, publisistik yazılarında, analitik-tənqidi məqalələrində qaldırdığı problemlər dərhal reaksiya doğurur, redaksiya qalaq-qalaq oxucu məktubları alır və həmin məsələlərlə məşğul olan dövlət təşkilatlarını hərəkətə gətirirdi.

   Ölkənin aparıcı qəzeti sayılan "Kommunist" keçən əsrin 80-ci illərində öz sıralarını başqa redaksiyalarda çalışan istedadlı qələm sahibləri ilə gücləndirdi. Belə istedadların içərisində Əşrəf Hacıyevin ulduzu daha tez parladı. Onun ailə, əxlaq-mənəviyyat mövzusunda yazdığı, həmçinin cəmiyyətdə quruculuq sahəsində mövcud olan nöqsanları kəskin tənqid edən publisist məqalələri indi də yaddadır. O, yeni kollektivdə də söz sahibinə çevrildi. Xatirimdədir, 80-ci illərin ortalarında xüsusi müxbir kimi fəaliyyət göstərdiyim Naxçıvana ezamiyyətə gəlmişdi. Beş gün bir yerdə olduq, rayonları gəzdik, Əşrəf müəllimin səbirlə, təmkinlə adamları dinləmək, onların istək və arzularını eşitmək qabiliyyətinə heyran qaldım. O vaxt Naxçıvan Muxtar Respublikasından hazırladığımız materiallar rəhbərlik tərəfindən yüksək qiymətləndirildi.

   1990-cı ilin qanlı 20 Yanvar hadisələrindən sonra Əşrəf müəllim şöbə müdiri, qəzetin redaksiya heyətinin üzvü kimi məsul vəzifələrdən könüllü şəkildə imtina edərək, Mingəçevir şəhərinə köçdü. Şirvan bölgəsinin aran rayonları üzrə qəzetin xüsusi müxbiri işlədi, özüçox ləyaqətlə. Xalqın səsinə səs verən, dövlətə, dövlətçiliyə sadiq adam idi. Bunu o, xüsusi müxbir işlədiyi müddətdə dövrün təlatümlü hadisələrindən bəhs edən çoxsaylı kəskin publisistik yazıları ilə sübuta yetirmişdi. Təəccüblü deyil ki, 1991-ci ilin avqustunda qəzetin adını dəyişmək məsələsi ortaya gələndə, iclasda səslənən ad variantları arasından bəyənilib seçilən onun təklifi - «Xalq qəzeti» oldu...

   Tale elə gətirdi ki, Əşrəf Hacıyev ömrünün son illərini "Respublika" qəzetində çalışdı, əvvəlkitək dövlətçiliyə xidmət etdi, xalqını düşündü, dərdlərinə əlac axtardı. Qəzet bolluğunun belə gur çağında, mətbu sözün kəsərinin azaldığı bir dövrdə Əşrəf Hacıyev kimi jurnalistlərin yeri yaman görünür.

  

   Telman Əliyev

 

Mədəniyyət.- 2017.- 29 mart.- S.15.