Adagio” təkcə musiqi deyil

 

 

 

   Martın 29-da Nizami Kino Mərkəzində gənc rejissor və bədii qiraətçi Fəridə Məmmədovanın «Adagio» kitabının imza günü keçirildi.

   Fəridə 2011-ci ildə bədii qiraət üzrə müsabiqədə respublika birincisi olub. Həmin il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsinə qəbul olub, musiqili teatr rejissorluğu üzrə Əməkdar incəsənət xadimi Hafiz Quliyevin kursunu bitirib. Fəridə universitet tələbələri arasında öz diplom işini xarici şirkətə satmaq bacarığı ilə də yadda qalıb. Diplom işi olaraq fransız dilində V.Hüqonun əsəri əsasında hazırladığı «Notr-Dam de Pari» müzikli böyük maraqla qarşılanıb. Ötən il isə gənc rejissor özünü dram teatrı sahəsində sınayıb. F.Şillerin «Məkr və məhəbbət» faciəsini C.Cabbarlı adına İrəvan Azərbaycan Dram Teatrında minimalizm janrında tamaşaya qoyub.

   Amma Fəridə növbəti sənət görüşünə povestlə gəlib. İmza günündə çıxış edən sənət müəllimi, Dövlət OperaBalet Teatrının baş rejissoru Hafiz Quliyevin dediyi kimi, istedadlı rejissor kitab da yaza bilər, tamaşada oynaya, filmdə çəkilə də bilər. Fəridə də istedadlı insan kimi özünü axtarır, bacarıqlarını təsdiq etmək istəyir.

   Gənc müəllif kitab üzərində bir növ rejissor kimi çalışıb. Universitetdə təhsil alarkən rastlaşdığı digər tələbə - Şənay Nəbisoyla tanış olarkən qətiləşdirib ki, onun əsərinin 19 yaşlı şıltaq qəhrəmanı məhz Şənaya oxşamalı, onun cizgilərini əks etdirməlidir. Nəticədə baş qəhrəmanın bir növ prototipi olan Şənay həm də kitabın üz qabığının simasına çevrilib.

   «Adagio»ya gəlincə, müəllif deyir ki, povesti çox sevdiyi XVIII əsrin italyan bəstəkarı Tomaso Albinioninin eyniadlı əsərinə həsr edib. Əsərin qəhrəmanının da adı Adagiodur. Povestdəki hadisələr İkinci Dünya müharibəsi illərində uzaq Latın Amerikasında, əyalətdə baş verir. Doğma İtaliyadançox sevdiyi musiqidən baş götürüb buraya gələn pianoçu Tomasonu da əvvəlcə atçılıqla məşğul olan Adagio adlı qız cəlb edir...

   Müəllifin sözlərinə görə, hər kəsin daxilində bir musiqi var. Kim ki həmin musiqini eşidib dinləyərək onun ardınca gedir, mütləq uğur qazanır.

   Tədbirdə Fəridənin tələbə dostları - onun «Notr-Dam de Pari» müziklində çıxış etmiş gənc aktyorlar müzikldən «Bell» ariyasını ifa etdilər.

  

   G.Mirməmməd

 

 

Mədəniyyət.- 2017.- 3 1mart.- S.4.