Epizodik, amma yaddaqalan obrazlar
yaradıcısı
Aktyor Bahadur Əliyev bütün rollarını sevə-sevə oynayıb
Kino tariximizdə elə aktyorlar var ki, özünü bütünlüklə sənətə həsr edib, onunla yaşayıb. Belə sənətkarları tamaşaçılar da, sənət yoldaşları da qəlbən sevib, dünyadan köçəndən sonra da xoş xatirələrlə yad edirlər. “Ulduz” filminin məşhur qəhrəmanı - kolxoz sədri Qədir obrazını yaradan Bahadur Əliyev kimi.
1934-cü ildə Masallının Sığıncaq kəndində anadan olan Bahadur Əliyev Dövlət İncəsənət İnstitutunun Kino və dram aktyorluğu fakültəsini bitirib. 50 ilə yaxın “Azərbaycanfilm” kinostudiyasında çalışıb, 2002-ci il sentyabrın 16-da vəfat edib.
O, sənət naminə ən epizodik rollara belə qane olurdu. İrili-xırdalı 80-dək filmdə rol alıb, səsləndirilməsində iştirak
edib. Sənətkarın
“Böyük dayaq” (komsomolçu), “Axırıncı
aşırım” (Eyvaz),
“Babək” (Divdad), “Dərviş Parisi partladır” (Bəy) və s. filmlərdə yaratdığı obrazlar
bu gün də baxılır, sevilir. O, SSRİ və Hindistanın birgə çəkdiyi məşhur
“Əlibaba və 40 quldur” filmində oynayıb, Orta Asiya respublikalarında bir çox filmlərə dəvət
alıb. Özbəklərin sevilən “Şerəli
və Aybərçin”
filmində əsas obrazlardan birini canlandırıb.
Sənət və ailə
Bahadur Əliyev istedadlı
və cəfakeş aktyor olub. İstər ailə üzvlərinin, istərsə də sənət dostlarının
xatirələrində o, şən,
fərqli xarakterə malik insan kimi
qalıb. Çəkildiyi filmlərə nəzər
salanda görmək olur ki, onun
üçün rolun
böyüyü, kiçiyi
olmayıb. Aktyor həmişə
yaratdığı obrazın
canlı və təbii olmasına, yadda qalmasına, tamaşaçılar tərəfindən
maraqla qarşılanmasına
çalışıb. Sadə, epizodik obrazlardan başlamış, baş
qəhrəmana kimi bütün rollarını
sevərək yaradıb.
Aktyorun qızı Şəhla Əliyeva ilə söhbətimiz zamanı onun ömür yoluna nəzər saldıq. Həmsöhbətim deyir ki, həyatdakı Bahadur Əliyev ilə kinodakı obrazları bir-birini tamamlasa da, evdə, ailədə, uşaqların
tərbiyəsində çox
ciddi idi. Bir də axı
incəsənət sahəsində
çalışan insan
üçün 10 uşaq
sahibi olmağın özü də böyük bir hünər sayıla bilər...
Şəhla xanım atasını çox həyatsevər insan kimi xarakterizə
edir: “Mən uzun müddət kinostudiyada montaj sexində çalışsam
da, atamla birgə işimiz olmayıb. 1985-ci ilə
kimi atam filmlərə çəkilirdi,
dublyajda çalışırdı.
Sonradan kino sahəsində yaranan durğunluq onu sanki həyatdan
və sənətdən
küsdürdü. Hətta bir
müddət sənət
dostlarının bəziləri
də onu yaddan çıxardı.
O dövrdə bir televiziya verilişində yaşadığı halda
onun ölüm xəbərini demələri
atama çox pis təsir etmişdi. Ölümündən sonra isə
zəng edib onu axtarmağa başladılar. Həyatın qəribəliyi, təzadları
budur, məncə.
Mənim
kinostudiyada çalışmağım
da bir təsadüf
idi. O, bizim sənətə gəlməyimizə
razı deyildi. Bəlkə də çətinlikləri
görmüşdü o səbəbdən
istəmirdi. Bu gün Azərbaycanda onun obrazlarını sevməyən tamaşaçı
tapmaq olmaz. Söhbətlərimizdə hər zaman
deyirdi ki, mən öz sənətimlə 10 uşaq
böyütmüşəm. Bircə nisgilimiz odur ki, atam sənətdən
küskün getdi”.
“Dublyajın vuran ürəyi”
Uzun illər
Bahadur Əliyevlə bir
yerdə çalışmış aktyor,
rejissor, Əməkdar artist
Elxan Qasımov da sənətkarı
işıqlı xatirələrlə yad etdi. Bildirdi ki, B.Əliyevi daha çox “Ulduz” filmində kolxoz sədri Qədir rolu
ilə tanıyırlar. Kimin yanında desən,
hər kəs bu obrazı xoş
hislərlə xatırlayacaq: “Qəribə, özünəməxsus
gülüşü var
idi. Gülüşü
ilə daha da pozitivlik yaradırdı. Çox
əliaçıq, həyatsevər, əxlaqlı insan idi. Mən kinoya gələndə o
artıq kinostudiyada
çalışırdı. Kinostudiyanın bütün
işlərində yaxından kömək edərdi. Hətta
işə təzə gəldiyim vaxtlarda
çaşıb qalırdım. Təxmin edə bilmirdim ki, Bahadur dublyajda
administratordur, hansısa
filmdə assistentdir, yoxsa aktyordur. O qədər
mehriban və yardımsevər, yeri gələndə sözünü
deyən, bütöv
insan idi. Təkliyi sevməzdi. Əgər onu harasa dəvət etsəydilər,
o dəqiqə soruşardı
bəs bunlar - ətrafındakı dostlarını
göstərərdi. İnsanlarla ünsiyyətdə
olmağı sevirdi”.
Müsahibim deyir ki, kinostudiyanın
dublyajında Bahadur Əliyevin əvəzsiz xidmətləri var: “Bir müddət dublyaj sexinin direktor müavini işlədi. Aktyor kimi çəkildiyi
rolların əksəriyyəti
epizodik olsa da, yaddaqalan, sevilən obrazlardır.
Orta Asiyada da filmlərə
çəkilib. Hər dəfə
onu dəvət edəndə kinostudiyada aktyorlar elçimiz getdi deyərdilər.
Çünki orada bizimkiləri
necə təbliğ və təqdim edirdisə, ardınca mütləq bir neçə aktyor da dəvət olunurdu. Kinostudiyaya gələn qonaqları
da çox vaxt ona həvalə
edərdilər. Bilirdilər
ki, hər kəsi düzgün qiymətləndirməyi, kimi
necə və harada təqdim etməyi gözəl bacarır... Mən niyə ilk növbədə
onun dublyajdakı fəaliyyətindən danışdım.
Çünki onun sayəsində
teatr və kino işçiləri bir araya gəlib
bir-birindən öyrənirdilər.
Bu insanlar bir-birinə
dəstək olurdular.
Bahadur dublyajın vuran ürəyi sayılırdı... Elə aktyorlarımız
var ki, fiziki
ömürləri qısa
olsa da, istedadları və sənətdə qoyduqları
izlə əbədi ömür qazanıblar.
Bahadur Əliyev də onlardan biridir”.
“Bərəkətli
Bahadur”
Elxan müəllim deyir ki, B.Əliyev 10 uşaq atası olsa da, heç
nədən şikayət
etməzdi: “Bərəkətli
Bahadur” ifadəsi də elə buradan yaranmışdı.
Çünki ailəsinin böyük
olmağına baxmayaraq,
həmişə dostları
evinə dəvət edər və süfrəsi açıq
olardı. Hər kəsə
kömək edirdi, özünə çatanda
heç kimə bir kəlmə də deməzdi. Sovetlərin dağılması, Azərbaycanın
keçirdiyi çətin
illər kino sənətinə də təsirsiz ötüşmədi.
Kinonun bu çətin vəziyyəti ona pis təsir etmişdi. Həmin vaxt biz bir çox kino xadimlərimizi itirdik.
Bahadur da bu arada
diqqətdən kənarda
qalan, unudulanlardan oldu. Bu gün
Azərbaycan kinosunda ondan yaratdığı obrazlar, şirin xatirələr qalıb.
Çox
şadam ki, siz də bu
gün işıqlı
xatirəsini bir daha yad etdiniz,
gənc nəslin onu tanımasına şərait yaratdınız”.
Lalə Azəri
Mədəniyyət.- 2017.- 31 mart.-
S.6.