Kinoya həsr edilən ömür
Görkəmli
rejissor və operator
Əlisəttar Atakişiyevin xatirə gecəsi
Martın 29-da Dövlət Film Fondunda Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı ilə birgə Əməkdar incəsənət xadimi, görkəmli kinooperator və kinorejissor Əlisəttar Atakişiyevin (1906-1990) 110 illiyinə həsr olunan xatirə gecəsi keçirildi.
Tədbiri giriş sözü ilə Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar incəsənət xadim Cəmil Quliyev açaraq Əlisəttar Atakişiyevin yaradıcılıq yolundan, sənətə möhkəm tellərlə bağlılığından, Azərbaycan kinosuna gətirdiyi yeniliklərdən danışdı. Qeyd etdi ki, Əlisəttar Atakişiyevin həyatını həsr etdiyi kinoda öz dəst-xətti olub. Onun sənət yolu keşməkeşli keçib. Ötən əsrin 30-cu illərində “Azərbaycanfilm” kinostudiyasında çalışan əcnəbi rejissorlar gənc operatorun sərbəst fəaliyyətinə mane olublar. Buna görə də o, bacarığını keçmiş SSRİ-nin digər kinostudiyalarında göstərib. Bununla belə, Ə.Atakişiyev həm kinooperator (“Fətəli xan”, “O olmasın bu olsun”, “Uzaq sahillərdə”), həm də rejissor (“Bir qalanın sirri”, “Sehrli xalat”, “Bizim küçə” və s.) kimi Azərbaycan kino tarixinə dəyərli töhfələr verib. O, dramatik, komediya, detektiv, nağıl-fantastik janrlı filmlər çəkməklə ampluasız rejissor olduğunu sübut edib.
“Azərbaycanfilm”
kinostudiyasının direktoru, Əməkdar
incəsənət xadimi Müşfiq
Hətəmov çıxışında bildirdi
ki, Ə.Atakişiyev
mədəni müxtəlifliyi Azərbaycan kinosuna
gətirən sənətkar olub. Respublika hüdudlarından kənarda Azərbaycanı
layiqincə təmsil edib. Bir
müddət “Mosfilm” kinostudiyasında quruluşçu rəssam-operator kimi çalışıb. Sonra “Bakı” kinostudiyasında bir neçə bədii filmin quruluşçu operatoru olub. 1945-ci ildən yenidən “Mosfilm”də
operator kimi fəaliyyətini
davam etdirib. Orada rəngli filmlər üzrə kinooperator kimi ixtisaslaşıb.
1953-cü ildə “Tallinfilm” kinostudiyasından
dəvət alıb.
Estoniyanın ilk rəngli “Axşam
düşəndə” filmini
çəkib. Görkəmli sənətkar təqaüdə
çıxdıqdan sonra
Moskva şəhərindəki
Kinematoqrafçılar evində
yaşayırdı, 1990-cı ildə orada vəfat edib. Mədəniyyət və
turizm naziri Əbülfəs Qarayevin tapşırığı ilə
Ə.Atakişiyevin hansı
qəbiristanlıqda dəfn
olunduğu müəyyən
edildi, qəbrinin üstü götürüldü...
Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə sənətkarın həyat
və yaradıcılığından
söz açdı.
Qeyd etdi ki, Əlisəttar
Atakişiyev Moskva Ali Rəssamlıq Texniki Məktəbinin rəngkarlıq,
sonra Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Operatorluq fakültəsində təhsil
alıb. Yaradıcılığında dramatik-qəhrəmanlıq üslubu və macəra mövzusunda filmlər üstünlük
təşkil edib.
Quruluş verdiyi “O olmasın, bu olsun” kinokomediyası, “Sehrli xalat”, “Qərib cinlər diyarında” film-nağıllarına,
“Bizim küçə”
və “İstintaq davam edir” filmləri
kinomuzun ən dəyərli nümunələrindəndir.
Onun nağıl-fantastika aləminə
gözəl bələd
olması çəkdiyi
uşaq filmlərində
özünü büruzə
verib. “Sehrli xalat” filmində Ay səthini əks etdirən kadrları sovet rejissorlarını təəccübləndirmişdi...
Çıxışlar arası sənətkarın
çəkdiyi filmlərdən
fraqmentlər nümayiş
olundu.
Sonda sənətkarın yaxın qohumu Aqşin Feyzullayev çıxış edərək
tədbirin təşkilatçılarına
və iştirakçılara
təşəkkürünü bildirdi.
Savalan Fərəcov
Mədəniyyət.- 2017.- 31 mart.-
S.6.