Turizmin inkişaf
etdirilməsində kulinariyanın yeri və
rolu
ATMU-da elmi-praktik konfrans keçirildi
Martın 30-da Turizm və Menecment Universitetində
(ATMU) Azərbaycan Milli
Kulinariya Mərkəzinin
(AMKM) təşkilatçılığı
ilə “Azərbaycan Respublikasında ixtisaslaşmış
turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”
ilə bağlı milli mətbəxin, ictimai iaşənin, restoran biznesinin qarşısında duran məsələlər, turizmdə
yeri, bugünkü vəziyyəti və inkişaf perspektivləri”
mövzusunda elmi-praktik
konfrans keçirildi.
Əvvəlcə
qonaqlar aşpazların
hazırladıqları yeməklərdən
ibarət sərgi ilə tanış
oldular.
Konfransda AMKM-in
prezidenti Tahir Əmiraslanov ölkəmizin
mətbəx mədəniyyəti
və mətbəx nümunələrinin turizmə
təsiri haqqında geniş məruzə ilə çıxış
etdi, bununla bağlı ölkə başçısının 6 dekabr
2016-cı il tarixli fərmanı ilə təsdiq olunmuş Turizm sənayesinin inkişafına
dair Strateji Yol Xəritəsinin əhəmiyyətini diqqətə
çatdırdı. Bildirdi
ki, zəngin tarix və mədəniyyətə,
yüksək qonaqpərvərliyə
malik Azərbaycanda turizm sənayesinin inkişaf etdirilməsində
milli mətbəx nümunələrinin də
böyük potensialı
var. Dünya Turizm Təşkilatının apardığı
araşdırmalara görə,
dünya üzrə səyahət edən turistlərin 82 faizi getdikləri ölkələri
məhz mətbəxinə
görə xatırlayırlar.
Bu baxımdan Azərbaycanın xarici turistləri cəlb etmək üçün imkanları genişdir.
Tahir Əmiraslanov ölkəmizdə
ərzağın keyfiyyətinin
yüksəldilməsi və
mətbəx mədəniyyətinin
təbliği istiqamətində
görülən işlərdən
bəhs etdi. Kulinarların peşəkarlığının
artırılmasının, bu sahədə təhsil verən müəssisələrdə tələbələrə
kulinariyanın həm
nəzəri, həm də praktiki biliklərinin dərindən
öyrədilməsinin vacibliyi
vurğulandı.
AMKM-in prezidenti müəllifi olduğu kulinariyaya aid kitabları Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində fəaliyyət
göstərən Bakı
Turizm Peşə Məktəbinin kitabxanasına
təqdim etdi.
Konfransda ATMU-nun dosentləri Gülnar Məmmədli “Qida sənayesinin inkişaf perspektivləri və turizmin inkişafında əhəmiyyəti” və Çingiz Əliyev “Ərzaq təhlükəsizliyi və kənd təsərrüfatının prioritet istiqamətləri və turizmdə rolu” mövzularında məruzə ilə çıxış etdilər.
Tədbir diskussiya şəklində davam etdi, fikir mübadiləsi aparıldı. Sonda mətbəx nümunələri sərgisində iştirak edən mütəxəssislər mükafatlandırıldı.
Fariz Hüseynov
Mədəniyyət.- 2017.- 31 mart.-
S.8.