Azərbaycan Dövlət Rəsm Qalereyasının loqotipi təqdim edilib

 

 

   Mayın 2-də Muzey Mərkəzində Azərbaycan Dövlət Rəsm Qalereyasının loqotipinin təqdimatı olub. Qalereyanın direktoru Qalib Qasımov çıxış edərək sənət ocağı barədə məlumat verib.

   Bildirilib ki, Azərbaycan Dövlət Rəsm Qalereyası 1972-ci ildə ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə Mədəniyyət Nazirliyinin qərarı ilə yaradılıb. Qalereyanın fondunda 10 minədək incəsənət əsəri toplanıb. Azərbaycan rəssamlarının yaratdığı bu sənət respublikanın milli-mədəni sərvətinə çevrilib. Fondda olan əsərlər bir sıra ölkələrdə beynəlxalq sərgilərdə, Azərbaycan mədəniyyəti günlərində nümayiş etdirilib. Vurğulanıb ki, qalereyanın fondunda indiyədək sərgi salonlarında, qalereyalarda, muzeylərdə sərgilənməyən əsərlər də var.

   Qalib Qasımov Mədəniyyət və Turizm Nazirliyi ilə birgə həyata keçirilən “Emalatxanada görüş” layihəsi, qalereyanın fondunda olan əsərlərin elektron kataloqunun hazırlanması, rəssamlarımız haqqında vahid məlumat bazasının yaradılması və digər layihələr barədə də məlumat verib.

   Qalereyanın loqotipini təqdim edən direktor diqqətə çatdırıb ki, bu il ilk dəfə olaraq qalereyanın xüsusi tanınma nişanı (loqotipi) Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiqlənib. Loqotip gənc dizayner Aysel Əlizadə tərəfindən hazırlanıb.

   Mərasimdə nazirlik tərəfindən Aysel Əlizadəyə təşəkkürnamə təqdim edilib.

 

Mədəniyyət.- 2017.- 3 may.- S.2.