Son dayanacaq: qayıtmaq
istədiyim şəhər
və ya laskovo
prosimo!
...Təyyarədən
düşüb taksiyə minəndə daha çox
qeyri-formal incəsənət aludəçisinə oxşayan
sürücüyə verdiyim ilk sual bu oldu: "Şabalıd
ağacları çiçəkləyib?".
Cavab heç ürəyimə yatmadı: "Yox, üç
həftədir ki, havalar çox soyuqdur... Bu gündən əsl
yaz havası hiss olunur Kiyevdə".
Mənim üçün Kiyev
baharı şabalıd ağaclarının çiçəkləməsi
ilə assosiasiya olunsa da, Borispol hava limanından şəhərədək
uzanan yol boyu, eləcə də şəhərin içində
gördüyüm yaşıla bürünmüş cökə,
tozağacı, qovaq, salxım çiçəklərini açmağa
ərinən şabalıd ağacları, həmişəyaşıl
libasını təzələyən, qozaları
çırtdayan iynəyarpaqlı ağacların həyatsevər
hüsnü kefimi açır. Hətta
Bakıda alışdığımız tıxac
üzündən ləngiməni də fürsət bilib
avtomobilin pəncərəsindən şəkil çəkir,
gördüyüm iri şəhər mənzərəsini
göz yaddaşına köçürürəm. Bilirəm ki, treninqin proqramı sıx və
maraqlıdır, sərbəst gəzməyə macal olmayacaq.
"Projektor"un
işığı altında
Diqqətli oxucularımızın
yəqin yadında olar: "Mədəniyyət" qəzetinin
müxbiri kimi "British Council" təşkilatının
dəstəyi ilə "Şərq Tərəfdaşlığı"
layihəsi çərçivəsində mədəniyyətdən
yazan jurnalistlər üçün üç mərhələdə
keçirilən beynəlxalq treninqlərimiz yanvar ayında
Tbilisidə başlamış, fevralda Kişinyovda davam
etmişdi. Kiyev isə "Culture & Creativity"
proqramında iştirakımızın son dayanacağı
oldu.
Təşkilatçılar
bu dəfə bizim Kiyevin ən qədim rayonlarından olan
Podolsk rayonunda qalmağımızı və elə oradaca
"Vozvdijinski" hotelindən təxminən əlli-altmış
metr aşağıdakı "Projektor" təlim-tədris
mərkəzində çalışmağımızı məsləhət
görmüşdülər. Düzü,
bu qədim şəhər mühiti şəxsən mənim
ürəyimcə idi. Həm Podolsk
rayonunun dik ərazisi, qədim binaların görkəmi, qənbər
döşənmiş, ictimai nəqliyyatın
qalxmadığı nisbətən dar küçələri
mənə bir qədər İçərişəhəri
xatırladırdı, digər tərəfdən də
özümü əsl Avropa şəhərində hiss
edirdim. Lakin hər ikisi - qədim binada yerləşən
hotel də, tədris mərkəzi də öz qədimliyini
elə zahirdən, memarlıq baxımından qoruyub. İçəridə hər şey müasir
insanın alışdığı mühitə tam uyğunlaşdırılıb.
Məmur kürsüsündən
keçmiş həmkarlara salam
Treninqimizin ilk
günü qonaq-qaralı keçdi. Zarafat
deyil, kuratorumuz Anastasiya Nurjinskayanın və trenerimiz Katerina
Botanovanın "sən" deyə müraciət edəcəyi
qədər sənət dostu Yuri Rıbaçuk
qonağımız idi. İki ay əvvələ qədər
jurnalist kimi fəaliyyət göstərən pan
Rıbaçuk indi Ukrayna mədəniyyət nazirinin
müavinidir. Mədəniyyət idarəçiləri
və məmurları ilə mədəniyyət
yazarlarının bəzən dostcasına, bəzən gərgin,
bəzən isə bir-birinə qarşı hətta söz
barrikadasına çəkilən ünsiyyətini kimsə
ondan yaxşı bilməz. Elə bizim
suallarımızın çoxu da bu barədə idi. Məsələn,
nazirlikdəki iş otağından baxanda jurnalistlərin həqiqəti
olduğu kimi yazmağı, dövlət sifarişi ilə
baş tutan hər hansı tədbiri, tamaşanı tənqid
etməyi necə görünür? Belə
jurnalist yazısına nazir müavini kimi ilk reaksiyanız necə
olur? Nazirlik "mətbəx"indən bixəbər
jurnalistlərin iradlarına haqq qazandırmaq mənəvi cəhətdən
sizin üçün çətin deyil ki?...
Bu söhbət
sırf peşəkarlıq baxımından maraqlı idi deyə,
nazir müavini ilə dialoqumuzun detallarını paylaşmaq
niyyətim yoxdu. Sadəcə, Yuri
Rıbaçuk ilə ünsiyyətdə çox bəyəndiyim
cəhəti vurğulamaq istəyirdim. Məmur
kürsüsünə əyləşmiş həmkarımız
bizim anladığımız tərzdə məmurlaşmamışdı
və tələbə yoldaşı olmuş jurnalist həmkarları
ilə rəftarına rəsmilik qatmırdı.
Həmin gün ikinci
qonağımız isə Ukraynada tanınmış jurnalist
Maksim Qardus oldu. Maksim çoxumuzdan daha gənc
idi və məhz buna görə də onunla həmsöhbət
olmaq, ondan internet jurnalistikası ilə bağlı nələrisə
öyrənmək maraqlı və gərəkli idi. Bizim üçün hazırladığı
slayd-şou təqdimatını çox canlı
düşünüb tərtib etmişdi deyə, biz nəinki
darıxmadıq, həm də ondan müsbət enerji
aldıq. Başqalarını bilmirəm, amma Maksim
Qardusun bir fikri məni yaman düşündürür:
jurnalistikada qalmaq istəyiriksə, mütləq yeni
texnologiyalara açıq olmalıyıq. Heç kim bilmir ki, 5-10 ildən sonra daha nələr
icad ediləcək?
Vitraj şüşəsindən
baxış və sertifikat törəni
Aprelin 26-da treninqin son seminarı və
27-də bütün məşğələlər ev
tapşırıqlarının araşdırılmasına və
bu araşdırmadan çıxış edərək
"necə yazmaq lazımdır" və "necə
yazmışıq" suallarına cavabların
çözülməsinə həsr olundu. Təəccüblənməyin.
Trenerlərimiz hər dəfə elektron poçtumuza ev
tapşırığı olaraq Ukrayna, Rusiya və Avropa mətbuatından
seçmələr yollayır, onları diqqətlə
araşdırıb öz fikrimizi söyləməyi xahiş
edir, konkret janrda müəyyən həcmdə yazı
yazmağı, həm də yazılarımızı növbəti
seminarlardan xeyli əvvəl onlara yollamağı tələb
edirdilər. Treninqlər zamanı isə 18 nəfərlik
heyəti ya 3, ya da 6 nəfərlik qrupa (hər ölkədən
bir nəfər olmaq şərtilə) bölərək,
hansısa tapşırığı yerinə yetirməyi
tapşırırdılar.
Kiyev mərhələsi
üçün aldığımız tapşırıq isə
çox maraqlı və önəmli idi: mədəniyyət
sahəsində çalışan həmvətənimizdən
8 min işarəlik müsahibə almalıydıq. Üstəlik, bu müsahibə heç yerdə dərc
olunmamalı, həm də bu janrın tələblərinə
tam cavab verməli idi. Nə gizlədim, az
qala bir ay hansı sahənin təmsilçisindən
müsahibə alacağımı düşündüm. İstəyirdim ki, bu müsahibə həm də
avropalını cəlb edəcək sənət, həmin sənətin
parlaq təmsilçisi barədə olsun ki, bizi
tanımayanlarda Azərbaycan barədə təəssürat
oyatsın. Ötən il 2-ci
"Üç məkan" Beynəlxalq teatr festivalı
günlərində Şəkidə şəbəkə
ustası Tofiq Rəsulov ilə görüşüm, onun
diktofona yazılmış söhbəti və həmin
müsahibəni heç yerdə dərc etməməyim
dadıma çatdı. Üstəlik, "Youtube.com"
kanalında şəbəkə sənətinə və usta
Tofiqə həsr olunmuş rus, ingilis dillərində səsləndirilən
videomaterialın olması da əlimdən tutdu. Şəbəkənin
nə olduğunu yazıdan almayanlar, Şəki Xan
sarayını bircə kərə görməyənlər
öz təəssüratlarını bu yolla zənginləşdirə
bilərdilər. Gözlədiyim baş tutdu: "Vitraj
(yəni rəngli) şüşədən baxış"
adlı müsahibəm təkcə peşəkarlıq
baxımından deyil, həm də məhz Azərbaycana məxsus,
məhz Şəkiyə məxsus şəbəkə sənəti
barədə məlumat vermək baxımından həm treninq
iştirakçıları, həm də trenerlərimiz tərəfindən
maraqla qarşılandı. Trenerimiz, Britaniyanın
"Qardian" qəzetinin yazarı, Nobel mükafatı almış
12 yazıçı ilə müsahibəsi ilə
bütün ingilisdilli məkanda tanınan Maya Cagginin təqdirini,
digər trener Katerina Botanovanın belə bir yazının
xalq dekorativ-tətbiqi sənət ustalarının hər biri
üçün mənəvi stimul ola biləcəyinə
dair söylədiklərini eşitmək xoş idi.
Nəhayət, gözlədiyimiz
an! Trenerlərimiz bizi tərifləyir, ötən
müddət ərzində yazı üslubumuzdakı irəliləyişi
qeyd edirlər. Məlum olur ki,
hamımız ümidləri doğrultmuşuq və bu qiymət
sertifikatla təsdiqlənir. "Şərq
Tərəfdaşlığı" layihəsinin rəhbəri
cənab Tim Uilyams hamımızı təbrik edir və
sertifikatlarımızı şəxsən təqdim edir.
Arsenal, liman mərkəzi, bir də
kabare
Bəzən beynəlxalq treninq və
konfranslarda iştirak etmiş qohumlardan, dostlardan "necə gəzdiniz,
nələri gördünüz" sualına eşitdiyim
"vaxt olmadı", "çatdırmadım"
cavabları mənə qəribə gələr, üzə
vurmasam da, onların səmimiliyinə azacıq şübhə
edərdim. Günahımdan keçsinlər,
düz deyirmişlər.
Təşkilatçılar
bizim asudə vaxtımızı da planlamışdılar.
Səhər saat 9-dan 18-dək davam edən sıx qrafikli
treninqlərdən sonra iki gün ərzində keçmiş
silah zavodu, bu gün isə mədəni-mənəvi irs
daşıyıcısı olan "Arsenal"a səfərimiz,
Dnepr üzərindəki limanda boş qalmış tikilidə
rəssamlar və digər sənət adamlarını ətrafına
yığan, yaradıcılığa xidmət edən
"Port"da görüşlərimiz, üstəlik, Kiyevdə
çox dəbdə olan "Babı Vavilona" sirk-kabaresinin
qeyri-adi, akrobatik trüklərlə müşayiət olunan
konsertinə tamaşa etməyimiz də bu gün Kiyevin mədəni
həyatının nəbzinin necə
döyündüyünü bilmək baxımından
maraqlı idi.
Təpələrə qalxanda yorulmayın...
... Bütün siyasi iddialar, imperiya maraqları bir kənara, rus dövlətçiliyinin tarixi Kiyev rus dövləti ilə başlayır. Bu, qədim şəhərin köhnə məhəllələrində daha qabarıq hiss olunur. Az qala hər məhəllədə günbəzləri bərq vuran kilsələr, ötən əsrlərin yadigarı olan, xüsusi qayğı ilə qorunan memarlıq abidələri bunu sübuta yetirir. Başqa bir sübut isə adamda qibtə doğurur: Kiyevi hər zaman bu şəhəri sevənlər tikib, idarə edib! Dnepr çayının ortadan böldüyü Kiyevin sağ, həm də qədim hissəsi təpəliklərdə yerləşir. Ağaclara, yaşıllıqlara baxarkən hiss olunur ki, burada tikinti aparılarkən relyefə və təbii bitki aləminə hörmətlə yanaşılıb. İnsanlar sadəcə, təpəlikləri bəzəyən meşəlikləri qoruyublar, ona süni hüsn vermək üçün yerli iqlimdə uğursuz yamağa oxşayan ekzotik bitki əkməyiblər, təbii landşafta uyğun məskunlaşıblar. Zaman-zaman bir neçə müharibənin dağıtdığı şəhərdə dağılmışı dibdən sökmək meyli olmayıb. Kiyevi şəhər kimi belə təqdim etmək olar: onun simasına zərif yığcamlıq hakimdir: əsrlər boyu yerli tikinti materialı kərpicdən istifadə istər iki-üç mərtəbəli qədim binaların, məbədlərin, istər "xuruşovka"ların, istərsə də 15, 20 mərtəbəli göydələnlərin eksteryerinə incəlik qatıb. Deyəsən, bu, bütün dünyada məşhur milli "vışivanka" naxışlarından, bir də bütün komponentləri xırda doğransa da, dadını və estetik görünüşünü itirməyən borşdan gəlir axı... Maraqlıdır ki, bu yığcamlıq insanların görkəmində və seçimində öz əksini tapır: qadınlar qısa geyinməyi sevir, kişilər isə yığcam qabaritli avtomobillərə üstünlük verir. Kiyevdə iri avtobuslar da azdır: onlara yeni, əsasən sol sahil rayonlarında rast gəlirsən.
Ürəyim istəyən qədər gəzib dolaşmaq fürsətim olmasa da, bir istəyim qətidir: Kiyev - mənim dəfələrlə qayıtmaq istədiyim şəhərdir.
Gələn görüşlərədək, şabalıd ağaclı şəhər!
Gülcahan Mirməmməd
Bakı-Kiyev-Bakı
Mədəniyyət.- 2017.- 3 may.-
S.12.